Mən səni gördüm
Görünüş
Mən səni gördüm Müəllif: Xəstə Bayraməli |
Mənbə: Xəstə Bayraməlinin şeirləri (1898-1952). goyce.az, 27.12.2018 |
Əzəldən bağçasız bir bahar idim,
Dünyaya sığmayan intizar idim,
Məcnunlar evindən çox kənar idim,
Uydum bu fəryada, mən səni gördüm.
İnsana təsadüf gələr qəflətən,
Ağlayar qəflətən, gülər qəflətən.
Aldı yer üzünü sular qəflətən,
Bu sonsuz dəryada mən səni gördüm.
İndi keçməsə də ömür nəşəli,
Eşqimizin qoy sönməsin məşəli.
Bayraməli deyər, eşqə düşəli,
Hər gecə röyada mən səni gördüm.