Mən türk övladıyam
Mən türk övladıyam Müəllif: Əhməd Cavad |
Mən bir güləm, yük altında əzilmişəm, qardaşım,
Sevinc bilməz bir məhkumam, ahu-zardır sirdaşım.
Damğa vurub, zəncirləyib tullamışlar zindana,
Qarlı-buzlu cəhənnəmlər məskən olmuşdur bana.
Mənə dinmə, sus deyirsən, nə vaxtacan susacam,
Böhranların, hicranların, məhbəsində qalacam?
Niyə susum, danışmayım, insanlıqda payım var,
Mənim ana Vətənimdir talan olan bu diyar.
Niyə susum, danışmayım, Türk yurdudur bu torpaq,
Oğuzların, elxanların Vətənində kimdir, bax!
Bu dünyada azadlığı şan şöhrəttən üstün tut,
Alçaqlığı, yaltaqlığı rəzilliyi sən unut!
Necə susum, danışmayım, mən eyləyim xəyanət?
Hanı sevgi, hanı Vətən, de harda qaldı millət?
Mən bir güləm, yerim altın, suyum gümüş, özüm ac,
Atam məhkum, anam sail, elim hər şeyə möhtac.
Mən Türk övladıyam, dərin ağlım, zəkam var,
Nə vaxtacan çiynimizdə gəzəcəkdir yağılar?
Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam.
Zülmə qarşı üsyankaram əzilsəm də susmaram!