Məzmuna keç

Mən tapmışam

Vikimənbə saytından
Mən tapmışam (1917)
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27.

Ey Tanrının cənnət uman qulları,
Mən cənnəti bu dünyada tapmışam!
Aramaqdan bezdiyiniz yolları
Axtarmadan mən sevdada tapmışam!

Oxşayaraq ulduzunu, ayını,
Necə sayım cənnətimin sayını?!
El deyən cənnətin mən bir tayını
Açıq gözlü bir röyada tapmışam!

Eşitmədən, anlamadan yerini,
Dərvişlərin çağırdığı pirini;
İnandığım ərənlərin birini
Uc-bucaqsız bir səhrada tapmışam!

Daşıyanlar vicdanların darını,
Bucaqlarda gəzər gözəl yarını!
El cəfada diləndiyi varım,
İmanmı mən səfada tapmışam!

Ürəkdən neylərə çəkdirən “yahu”!
Aşığın inləyən telə sorduğu,
Böyüklərin sanıb heyran olduğu
Nüktəyi mən macərada tapmışam!

Şərqin gülü, neyi, meyi, nəvası!
Qərbin könül sıxan ağır havası!
Rahiblərin, keşişlərin duası
Umduğunu masəvada tapmışam!

Çıxmışkən günahı vaizin dizə,
Vəz edib, durmaqda bax yenə bizə!
Söylənəcək sözü dinə, dinsizə,
Vicdanımda bir sədada tapmışam!

Mən ki, hindin sufisinə, sözünə,
Qulaq verməm, Qərbin baxdım üzünə!
Büründüyü tülə deyil, gözünə
Neydəkini mən nəvada tapmışam!

Ağlamazsa qara bəxtin buludu,
Bəsləyir vicdanım bir böyük duyğu!
Hər iki dünyanın hardadır sonu?
Cavabım intiyada tapmışam!

İnandım ki, hər fəıyadın sonu var!
Bir gün gələr: Yer üzündə yaz olar!
Gələn günü düşünənlər, yazanlar,
Duyduğunu bu xülyada tapmışam!
Batum, "Açıq söz", 1917, 20 iyun