Məni (Aşıq Qurbani)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Məni Müəllif: Aşıq Qurbani |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Başına döndüyüm, ay pirü qoca,
Bir pəri salıbdı çöllərə məni,
Nə günüm gündüzdü, nə gecəm gecə,
Bir pəri salıbdı çöllərə məni.
Xəbər alsan, budu sözümün düzü,
Sızıldayır yaram, səpmə gəl duzu,
Cavad xan bacısı, Ziyad xan qızı,
O pəri salıbdı çöllərə məni.
Qurbaninin dərdi olub ziyada,
Allahı çağırram, yetişər dada,
Bir gözəl seçmişəm işıq dünyada,
O pəri salıbdı çöllərə məni.