Məni (Qaracaoğlan)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Məni (Qaracaoğlan) Müəllif: Qaracaoğlan |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Ala gözlü yarım yaxıb yandırma
Car çəkib aləmə bildirmə məni.
Açıb ağ gərdənin durma qarşımda
Əcəlimdən əvvəl öldürmə məni.
Qoy dolanıb dursun qolun boynumda
Heç ölüm qorxusu yoxdur eynimdə.
Bir gecəlik mehman olsam qoynunda
Sabah oldu deyə qaldırma məni.
Dolandım dağları, bu yerə düşdüm,
Yar, sənin dərdindən odlara düşdüm.
Çarəsi bulunmaz dərdlərə düşdüm
Yetər, alov-alov yandırma məni.
Qaracaoğlan, çox ağladım, gülmədim,
Aradım, dərdimə dərman bulmadım,
Bunca gündür bir minnətə gəlmədim,
Kərəm eylə, məhzun göndərmə məni.