Məni zikr etməz el, əfsaneyi-Məcnunə mayildir

Vikimənbə saytından
Məni zikr etməz el, əfsaneyi-Məcnunə mayildir
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.127.

Məni zikr etməz el, əfsaneyi-Məcnunə mayildir,
Nə bənzər ol mənə, dərdi onun dərmanə qabildir.

Biyabanlarda Məcnundan qəmü dərdim sual etmin,
Nə bilsin bəhr halın ol ki, mənzilgahi sahildir.

Mənim tək ola bilməz şöhreyi-şəhri-bəla Məcnun,
Qəbul eylərmi bu rüsvalığ hər kim ki, aqildir.

Nə müşkil halı olsa aşiqin mə’şuq edər çarə,
Gər ol bidərd bilməzsə bu hali, hal müşkildir.

Fəraq əyyami seylabi-sirişkimdən xəbər tutmaz,
Qiyamət macərasından gör, ol zalim nə qafildir.

Fəqihi-mədrəsə mə’zurdur inkari-eşq etsə,
Yox özgə elminə inkarımız, bu elmə cahildir.

Füzuli, el səni Məcnundan əfzun der məlamətdə,
Buna münkir degil, Məcnun dəxi mə’qulə qaildir.