Mənimçün, ey mənim dünyam, bu dünya yoxdu, sən varsan

Vikimənbə saytından
Mənimçün, ey mənim dünyam, bu dünya yoxdu, sən varsan
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 30

Mənimçün, ey mənim dünyam, bu dünya yoxdu, sən varsan.

Baxıb dəryaya daldım, gözlərin fikriylə məst oldum,
Elə bildim bir anlıq, mavi dərya yoxdu, sən varsan.

Yalan sözdür, deyirlər, yoxdur əsrin Leyli, Məcnunu,
O Məcnun getdi, mən gəldim, o Leyla yoxdu, sən varsan.

Sənin Həqqin yanında öz yerin var, ya Vəliyullah,
O yer məxsusi yerdi, orda Zəhra yoxdu, sən varsan.

Sən Həqsən, varlığın Həqdir, odur fərq etməz, insanın,
O mütləq varlığa imanı var, ya yoxdu, Sən varsan.

Sənin şənində gəlmiş "Qul Hu vəllahu Əhəd", ey Şah,
Bu, bir ani sübutdur, səndən əla yoxdu, sən varsan.

Sən öylə alisən ki, surətin mənadan əfzəldi,
Nə məna, neynirəm mənanı, məna yoxdu, sən varsan.

Mənim ömrüm, günüm, ruhum, həyatım, varlığım sənsən,
Mənim könlümdə bir özgə təmənna yoxdu, sən varsan.

Edən cəzb əhli-eşqi cəzbeyi-eşqindi səhraya,
Həqiqi aşiqin qəsdində səhra yoxdu, sən varsan.

Gözəllərdən bu gün sənsən gözəllik mülkünün şahı,
Dəxi qəm çəkməsin Yusif Züleyxa yoxdu, sən varsan.