Məzmuna keç

Mənim çağlayanım

Vikimənbə saytından
Mənim çağlayanım
Müəllif: Mikayıl Müşfiq

O gündən bəridir dəyişmiş rəngin,
Dəyişmiş büsbütün rəngin, ahəngin.
Səndə gurultulu bir çağlayan var,
Bu dönməz çağlayan durmadan axar.
O durmadan axar, dağ-dərə bilməz,
Qüvvəti daima artar, əksilməz!

Üstünə od yağsa, gətirməz xətər,
O həyatla başlar, həyatla bitər.
Mənim çağlayanım axmış, axacaq,
Hər yerdə bir bəyaz iz buraxacaq.
Mənim çağlayanım çağlayır, dinlə,
Bolşevik gücünün qətiyyətilə.
Mənim çağlayanım kolxoza axır,
Dağların selini heyran buraxır.
Mənim çağlayanım xəyalım kibi,
Bəzən sakit axır, bəzən əsəbi.