Mənim (Aşıq Cəlil Dərələyəzli)
Mənim Müəllif: Aşıq Cəlil Dərələyəzli |
Yaponun dəstəsi hücuma keçdi,
Tutdular sağımı, solumu mənim.
Kəsib bənd-bərəni murdar vəhşilər,
Bağlayıb üzümə yolumu mənim.
Bizi yaman tutdu bu qan, bu qada,
Yurdumda qalanan oda bax, oda.
Abasqulu ağa, yetiş imdada,
Qoru müxənnətdən elimi mənim.
Yaponun əlləri batıbdır qana,
Yurdsuz didərginlər dəli-divana.
Düşmən yurd-yuvamı qoyub virana,
Talayır varımı, malımı mənim.
Dağların başını bürüyüb duman,
Əli qanlı düşmən kefdədir yaman.
Görən harda qaldı ovçu Qəhrəman?
Bir gəlib soruşmur halımı mənim.
Gavur körpələri taxır süngüyə,
İniltim, fəryadım ucalır göyə.
Yiyəsi ölmüşə duran yox yiyə,
Qırdılar bükülmüş belimi mənim.
Vətən qan ağlayır, millət qan qusur,
Tapdaqlar altında arım-namusum.
Sinəmdə saz ağlar, mən necə susum?
Tutub kəssələr də dilimi mənim.
Cəlilin xəncərlə gözün ovdular,
Dərimizi diri-diri soydular.
Sinəmi oxlara nişan qoydular,
Bağlayıb dirəyə qolumu mənim.