Məzmuna keç

Mənim (Xəstə Qasım)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Mənim (Xəstə Qasım)
Müəllif: Tikmədaşlı Xəstə Qasım
Mənbə: Sədnik Paşa Pirsultanlı. "Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinin tədqiqi" (PDF) (az.). Azərnəşr. 2011. İstifadə tarixi: 2018-08-06.

Adəmdən xatəmə, natiqi Quran mənim,
Din mənim, məssəb mənim, yol mənim, ərkan mənim,
Bağ mənim, bağban mənim, kövsəri-rizvan mənim,
Gül mənim, bülbül mənim, sünbülü-reyhan mənim,
Yerdə insan, göydə qılman, ərşdə aslan mənim.

Yeddi eyvan, səkkiz seyvan, qırx sütunun bir ləngəri,
Yeddi molla, yeddi dərviş, yeddi pust, yeddi dəri,
Yeddi min qırxdan irəli, səkkiz yüz dörddən bəri,
Bu mənanı isbat edənin sərinə əsər gəli,
Pir mənim, ustad mənim, yol mənim, ərkan mənim.

Abı-ataş, xaki-baddan yaratdı sübhan bizi,
Altmış altının yanında isbat qıldı üç yüzü,
Dörd mini arxa bağladı, dəryada qırx dörd dənizi,
Altmış üçün mən biriyəm, yetmişin qırx səkkizi,
Beş içində altı Məkkə, səkkiz yüz fərman mənim.

Xəstə Qasım Tikmədaşlı sahibi cümlə xata,
Ümidim var, Taci-mehracda bilirəm ki, eylər əta,
Açılar dəftər, görünər məhşər, bir şahsuvar illa fata,
Bir əzmi qaf günahım olsa əfv olunar rəhman mənim.