Məzmuna keç

Mənim (qoşma, Şair Məmmədhüseyn)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Mənim
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Qürbət eldə, yad məkanda qalmışam,
Yoxdur bir yadına salanım mənim.
Qüssədən alışıb yanan olmuşam,
Hanı o, qayğıma qalanım mənim.

Gündə üç yol dolanırdım başına,
Qail idi mülkə, torpaq, daşıma.
Fələk yaxşı zəhər qatdı aşıma,
Hanı bir qisasım alanım mənim.

Könül yaman dərdə, qəmə batıbdır,
Bir əzabdan o birinə çatıbdır.
Məmmədhüseyn, oyan bəxtin yatıbdır,
Hanı qəm əlindən alanım mənim.