Mənim bir arzum var (Martin Lüter King)

Vikimənbə saytından
Mənim bir arzum var
Müəllif: Martin Lüter King


Qara amerikalıların intizarına baxmayaraq, “Braun” məhkəmə işi ölkəni heç də silkələmədi. Belə ki, nə ştatların qanunvericilik yığıncaqları, nə də Konqres onların tərəfində dayanmaq həvəsində olmadı. Nəhayət, prezident Con F. Kennedi belə qərara gəldi ki, yalnız vətəndaş hüquqları haqda güclü qanun afroamerikalıların bərabər hüquqlarını müdafiə edə bilər. 1963-cü ilin 11 iyununda o, Konqressə «özümüzə rəva bildiyimiz münasibətləri bərqərar edən» qanun layihəsini təqdim etdi. Cənubdan olan nümayəndələr həmin qanunun Konqresdəki komitə mərhələsində dayandırmağı bacardılar və belədə vətəndaş hüquqları uğrunda hərəkatın liderləri məsələyə siyasi təzyiq yollarını axtarmağa məcbur oldular. Fəal hüquq müdafiəçisi kimi ad çıxarmış, məşhur həmkar lideri A.Filipp Randolf ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək üçün Vaşinqtona yürüş təklifini irəli sürdü. Bütün irqlərdən olan insanların vətəndaş hüquqlarına münasibətdə yekdilliyini sübuta yetirmək naminə A.Filipp Randolf həmin yürüşdə ağların, qaraların birgə iştirakını vacib saydı. Doğrudan da, müxtəlif, əvvəllər bir-birinə şübhə ilə yanaşan hüquq mühafizə dəstələri o yürüşə qoşulmağa razılıq verdilər. “Tünd dərili əhali üzrə milli inkişaf assosiasiyası, “İrqi bərabərlik konqresi, “Cənub xristian liderləri konfransı”, “Zorakılığa qarşı tələbələrin koordinasiya komitəsi” və “Şəhərlər liqası” öz aralarındakı ziddiyyətləri kənara qoyub birgə işləmək əzmində oldular. Bəzi fəallar isə birlik naminə hətta öz radikal mövqelərini yumşaltdılar; onlar, yürüşün vətəndaş hüquqları haqda akta təkan verəcəyinə ümid bəsləyən Kennedi iqtidarı ilə əməkdaşlıq da qurdular. 1963-cü il avqustun 28-i buludsuz bir gündə Vaşinqtondakı Linkoln memorialının önünə toplaşan, özü də 50 mini ağlardan ibarət 250 minlik izdiham «iş və azadlıq» tələbini irəli sürdü. Çıxış edənlərin arasında demək olar ki, cəmiyyətin bütün təbəqələrindən nümayəndələr vardı – həmkarların Valter Ruter kimi lideri, ruhanilər, Sidney Puatye və Marlon Brando kimi ekran ulduzları, müğənni Coan Baez və başqaları. Hər natiqə 15 dəqiqə vaxt ayrılsa da, günün əsl qəhrəmanı “Cənub xristian liderlər konfransından olan tanınmış gənc öndər oldu. Martin Lüter Kinq ayrı-seçkilik zəncirinə giriftar olmuş cəmiyyətdə öz azadlığını qazanmaq ümidiylə yaşayan afroamerikalıların çəkdiyi iztirablar haqqında çox müxtəsər, adicə bir nitq hazırlamışdı. O, elə kürsüdən düşmək istəyirdi ki, müğənni Maxaliya Cekson yerindən harayladı: «Martin, sən öz arzundan danış! Aç de onlara!» Nümayişçilərin çağırışından ruhlanan Kinq Amerika vətəndaş hüquqları tarixində bir mərhələ sayılan nitqini söylədi – hər cürə irq və rəngdən olan müxtəlif taleli insanların arzusunda olduğu, azad və demokratik bir ölkəyə çevriləsi Amerikadan danışdı.

MƏNİM BİR ARZUM VAR![redaktə]

Millətimizin azadlığı uğrunda mübarizə tarixində azman bir hadisə kimi qalası bu nümayişdə sizinlə bir yerdə olduğuma görə xoşbəxtəm! Yüz il bundan əvvəl, rəmzi olaraq abidəsinin kölgəsinə yığışdığımız böyük amerikalı Avraam Linkoln Azadlıq bəyannaməsini imzaladı. Bu əlamətdar sənəd haqsızlığın dözülməz əsarəti altında inləməkdə olan milyonlarla qul-zəncilərin qəlbində ümid işığı yandırdı. Bu, köləliyin uzun gecəsindən sonra sevincə açılan dan yerinə oxşayırdı. Ancaq indi, üstündən yüz il keçəndən sonra müdhiş fakt qarşısında qalmışıq. Belə ki, zənci xalqı hələ də azadlıqdan məhrumdur. Yüz il ötsə də zəncilərin həyatı yenə də ayrı-seçkilik və ögeylik buxovları ilə düyünlənib. Yüz il keçsə də zəncilər yenə tərəqqi okeanının ortasındakı səfalət adasında ömür sürməkdədir. Zənci indi də amerikan cəmiyyətinin lap dibində çürüməkdə, öz ölkəsində qaçqın həyatı yaşamqdadır. Bizim bura bugünkü gəlişimizdə ondan ötrüdür ki, hamının diqqətini bu dəhşətli vəziyyətə cəlb eləyək. Ölkəmizin paytaxtında toplaşmağımız, – bir növ bizə verilmiş çekin ödənişini tələb etməkdir. Yəni, dövlətimizin bünövrəsini quranlar Konstitusiyada və İstiqlal bəyannaməsindəki dəyərli sözlərə imza atmaqla, xalqa, hər bir amerikalının payına düşən ödənişli çek vermiş oldular. Bu, insanlara, bəli, ağlı qaralı bütün insanlara yaşamaq, azadlıq, xoşbəxtlik haqqına zəmanət verən bir öhdəçilik oldu. Bu gün hamıya bəllidir ki, Amerika öhdəçiliyi pozur, hər halda dərisi tünd olan vətəndaşlara verdiyi sözün üstündə dayanmır. Həmin öhdəçiliyə sadiq qalmaq bir qırağa, zənci xalqına verdiyi çek də saxta çıxıb və «zəmanəti yoxdur» dərkənarı ilə ona qaytarılıb. Ancaq biz inanırıq ki, ölkəmizdə ədalət bankı tamamilə iflasa uğramayıb. İnanılmazdır ki, məmləkətimizin əlində olan böyük imkanlar xərclənib qurtarıb. Odur ki, bizə paylanmış çeklərin əsl haqqını, yəni öz azadlığımızı, salamatlıq və ədl payımızı almağa gəlmişik! Həm də bu müqəddəs yerə yığışmaqda bir məqsədimiz də odur ki, məsələnin təxirə salınmazlığını bir daha Amerikaya xatırladaq. Biz bundan beləsinə özümüzü qradualizm həbləri ilə ovundura bilmərik. Vəd verilmiş demokratiyanı həyata keçirməyin vaxtı gəlib çatıb. Seqreqasiyanın qaranlıq dərəsindən irqi ədalətin günəşli yoluna çıxmağın zamanı yetişib. Bu məsələnin həllini gecikdirmək, yaxud da zənci xalqının qətiyyətinə barmaqarası baxmaq çox xatalıdır. Azadlıq və bərabərliyin təzə nəfəsli payızı zəncilərin qanuni narazılıq yayını əvəzləyənə qədər bu qızmar fəsil davam edəcəkdir. 1963-cü il son deyil, başlanğıcdır! Zəncilərin «köpünü alıb» guya ki, onları sakitləşdirmək, sonra da ölkəni əvvəlki məcrasına yönəltmək istəyənlər kökündən yanılır. Zəncilər əsl vətəndaşlıq haqqını qazanmayana qədər Amerika dinclik, rahatlıq nə olduğunu bilən deyil. Ədalətin günəşi doğmayana qədər həyəcan dalğaları məmləkətimizin özüllərini yırğalayıb yerindən oynadacaqdır. Mən ədl dünyasının kənarına yavuqlaşan öz xalqıma da bir neçə kəlmə demək istərdim. Boynumuza düşən bu mücadilədə biz gərək hər hansı bir ağılsız hərəkət etməyək. Biz öz azadlıq təşnəmizi dərd və nifrət camından içməklə yatırmamalıyıq. Mübarizəmiz ən uca ləyaqət və intizam çərçivəsində aparılmalıdır. Ən ciddi etirazımız belə fiziki zorakılıq səviyyəsinə enməməlidir. Bizə qarşı güc tətbiq olunarsa, buna bir daha ruhumuzun əzəməti ilə cavab verməliyik. Zənci xalqını bürüyən görünməmiş sərt ovqat gərəkdi ki, bütün ağlara qarşı çevrilməsin, çünki bizim ağdərili qardaşlarımızdan çoxusu – hansı ki, onlar da bu gün bizimlə bir cərgədədir, – o gümandadırlar ki, onların da taleyi bizimkiynən bağlıdır, onların da azadlığı bizim azadlığımızın ayrılmaz bir hissəsidir. Biz təkbaşına addımlaya bilmərik. Madam ki, addımlayırıq, daima irəli gedəcəyimizə and içməliyik. Geriyə yolumuz yoxdur! İnsan haqları uğrunda mübarizlərdən: «Siz nə vaxt razı qalacaqsınız?» deyə soruşanlar da tapılır. Nə qədər ki, zəncilər ağlagəlməz polis qəddarlığının qurbanı olacaq, biz razı qalmaq fikrində bulunmuruq. Nə qədər ki, bizim yorğun-arğın qardaşlarımız yolüstü motellərə və şəhərdəki otellərə buraxılmır, biz razı qala bilmərik. Zənci ailəsinin hər hansı yerdəyişməsi, balaca qettodan daha irisinə köçməkdən başqa bir şey deyilsə, biz niyə razı olmalıyıq ki?! Missisipidəki zənci səs verməkdən məhrumdursa, Nyu-York zəncisinin səs verəcəyi bir nəfər yoxdursa, nə səbəbə razı qalmalıyıq? Bəli, ədalət və ləyaqət bir sel kimi qabağına çıxan bəndləri hələ ki, süpürüb atmayıb, biz narazıyıq və narazılığımız səngiməyəcək! Xəbərim var – bura gəlməzdən əvvəl sizlərdən çoxunuz ağır sınaqlardan keçmisiz, başınız bəlalar çəkib. Bəziləriniz qaranlıq məhbəslərdən yenicə qurtulmusunuz; bir paranız elə bölgələrdən gəlmisiniz ki, azadlığa can atmağınız ucbatından oralarda təqiblərə, polis amansızlığına məruz qalmısız. İrqçi terrorun qurbanlarına çevrilmisiniz! Ancaq işinizi davam etdirməkdə olun! İnanın ki, çəkdiyiniz iztirablar öz bəhrəsini verəcəkdir! Missisipiyə qayıdın, Alabamaya, Cənubi Karolinaya, Corciya və Luizanaya – gəldiyiniz yerlərə dönün! Şimal şəhərlərinin gettolarına, viranələrinə çıxın gedin, ancaq yadınızdan çıxarmayın ki, indiki vəziyyət dəyişilə bilər, daha doğrusu dəyişilməlidir. Qoy bir daha ümidsizlik uçurumuna yuvarlanmayaq! Ey mənim dostlarım! Sizdən nə gizlədim, məhrumiyyət və çətinliklərə baxmayaraq, hələ də mənim bir arzum var və o, bütün Amerikanın bəslədiyi köklü arzusundan ayrılmazdır. Ümidvaram ki, günlərin bir günü ölkmiz “bütün insanlar bərabər yaranıblar” prinsipiylə yaşamaq naminə qəddini düzəldib yüksələcəkdir. Bir gün gələcək ki, Corciyanın qırmızı təpələrində keçmiş qul balaları ilə quldar balaları qardaşlıq süfrəsində bir-birilə çörək kəsəcəklər! Arzum budur ki, haqsızlıq və sıxıntılar içində çabalayan Missisipi ştatı günlərin bir günü azadlıq və ədalət vahəsinə çevrilsin! Arzum budur ki, mənim dörd uşağım günlərin bir günü elə bir ölkədə yaşasınlar ki, onlara dərilərinin rənginə görə yox, şəxsiyyətlərinə görə qiymət versinlər! Belə bir arzum var... Arzum budur ki, bu gün qubernatoru dişlərini qıcadıb bizi «məhv etmək» niyyətində olan Alabama ştatını sabahısı ağlı-qaralı oğlanların-qızların əl-ələ verib bacı-qardaş kimi gəzib-dolandığı məkan kimi tanısınlar. Bu gün belə bir arzum var!... Elə bir günün arzusundayam ki, onda çöllər qabaracaq, dağlar enəcək! Dərə-təpə yerlər hamarlanacaq, dolama yollar düz gedəcək və “Tanrı möcüzəsi zühur edəcək və hamı bunu öz gözüylə görəcək!” Ümidimiz bundadır! Elə bu inamla Cənuba qayıdıram. Bu inamla biz naümidlik dağından ümid qayasına yol açırıq. Bu inam, niyyətimizdəki kəskin dissonansı gözəl bir qardaşlıq simfoniyasına çevirməkdə bizə yardımçı olacaq. Bu inam, bizə birlikdə işləməyə, birlikdə ibadət etməyə, birlikdə mübarizə aparmağa, bir yerdə həbsxanaya düşməyə, bir gün xilas olacağımızı bilərəkdən azadlığın təəssübünü birlikdə çəkməyə kömək göstərəcək! Və bu elə bir gün olacaq ki, Allah-təalanın bütün bəndələri məşhur sözlərə yeni məna qataraq belə oxuyacaqlar: «Yurdum, azadlığın şirin torpağı, səni vəsf edirəm! Əcdadlarımızın üz qoyduğu torpaq, zəvvarların öyünçü – torpaq, Qoy dağlar başından azadlığın sədası gəlsin!» . Əgər Amerika bəyük millət olmaq istəyirsə, bu arzu gerçəkləşməlidir! Qoy azadlıq sədası Nyu-Hempşirin təpələrindən gəlsin! Qoy azadlıq sədası Nyu-Yorkun əzəmətli təpələrindən gəlsin! Qoy azadlıq sədası Pensilvaniyadakı Alleqan dağlarından gəlsin! Qoy azadlığın sədası Koloradonun qarlı qayalarından gəlsin! Qoy azadlığın sədası Kaliforniyanın gözəl yamaclarından gəlsin! Təkcə oralarda yox: qoy azadlığın səsi Corciyanın daşında-qayasında əks-səda versin! Qoy azadlığın gur səsi Tennesidəki Lukaunt dağına düşsün! Qoy azadlığın sədası Missisipinin hər bənd-bərəzindən keçib-getsin! «Qoy hər dağ başından azadlığın sədası gəlsin!» Bu əməlimiz baş tutsa, yəni azadlığa köks dolusu cingildəməyə izn versək, onu hər kənddə-kəsəkdə, hər bir şəhərdə və ştatda səsləndirə bilsək, elə bir günü yaxınlaşdırarıq ki, həmən məqamda ağlar-qaralar, yəhudilər və bütpərəstlər, protestantlar və katoliklər, Allahın bütün bəndələri əl-ələ tutar və köhnə zənci nəğməsini oxuyarlar:

“Azad olduq axırı. Axır ki, azad olduq. Şükür olsun ulu Tanrı, Biz azadıq axırı!”

Mənbə[redaktə]

  1. Melvin Urovski. ABŞ demokratiyası haqqında əsas mətnlər.