Mənim yari-vəfadarım, gəl axır
Görünüş
Mənim yari-vəfadarım, gəl axır Müəllif: İmadəddin Nəsimi |
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.207. |
Mənim yari-vəfadarım, gəl axır,
Mələk surətli dildarım, gəl axır.
Fəraqın canımı yaxdı bəğayət,
Həbibim, munisim, yarım, gəl axır.
Mənəm bülbül kimi nalanü giryan,
Dodağı qönçə gülzarım, gəl axır.
Qaşın qarşısına canım bərabər,
Mənim tirü kamandarım, gəl axır.
Fəraqından qatı divanə oldum,
Kərəm qıl, zülfü zünnarım, gəl axır.
Sənintək görmədim bir gül cahanda,
Bənövşə, tazə ruzgarım, gəl axır.
Qərarım qalmadı, səbrim tükəndi,
Ləbi lə’li-şəkərbarım, gəl axır.
Nəsimi natəvandır çün qəmindən,
Gəl ey canım, gəl ey yarım, gəl axır.