Mənsur və Sitarə

Vikimənbə saytından
Jump to navigation Jump to search
Mənsur və Sitarə
Müəllif: Cəfər Cabbarlı
hekayə


Baharın orta ayı idi. Şəhərin kənarında olan böyük bir bağçada hər yerdə olan kimi, ağaclar göyərib yarpaq açmışdı. Bu bağ dövlətli adamın deyildisə də, lakin sahibi Aslan çox çalışqan olduğu üçün, hər gün öz ruzusunu qazanıb külfəti ilə bahəm bəxtiyar yaşayırdı. Aslan bağ-çaya çox qulluq etdiyi üçün, bağ şəhərin bütün başqa bağlarından gözəl idi. Hər tərəfdə ağaclar, sərvlər, çinarlar, alma, armud, gilas ağacları qayda və nizam ilə əkilib, aralarında alçaq göy ot bitmiş idi. Bağçanın ortasında bir hovuza dörd balıq buraxılmışdı ki, durulduğundan nur kimi parlayan suyun arasında cəld hərəkətləri ilə şad üzürdülər. Suyun zərif şəfəqləri hovuzu əhatə edən yaşıl ağacların üstünə düşüb keçəndə, ildırıma bənzədiyi üçün, bu lətafətə tamaşa edəni qüvveyi-bərqiyyə kimi mütəəssir edirdi. Ağaclarda cürbəcür güllər açılıb səhneyi-asimana baxıb gülürdü. Xəfif əsən hava ney kimi bülbülani-xoşəlhanın həzin nəvasına qatışıb, mahir bir musiqişünasın belə çala bilməyəcəyi lətif havalar çalırdı.
Hələ bu lətafətin üstünə hər səhər saf havada pərişan saçlarını kürəklərinə örtüb xuraman-xuraman seyr edərək, təbiətin bu gözəllik və lətafətinə tamaşa edən bir qızın bəxş etdiyi mənzəreyi-fərəhəfzanı artıranda, bağça dünya üzündə yaranmış ikinci bir cənnət, qız isə dünya behiştini təzyin etməkdən ötrü səmadan enmiş bir mələk olduğu aşkar görünürdü. Qız şirmayı kimi ağ əllərinin birini şamama kimi qalxmış döşünün altına vurub, o biri əli ilə hərdən saçlarına nizam verirdi. Nazik ipək köynəyini həzin-həzin meh vuran bahar havası yelləndirdikcə, köynək yellənib hanıan dünya hurisinin süd kimi ağ bədənini yelləyir, qız isə, onsuz da sərv ilə rəqabət edən bülənd qanıətini yüksəldib, ahular kimi təsviri naqabil bir nazü-nəzakətlə yeriyirdi.
Bu nəzakəti ilə nazənin qız hovuzun kənarına yetişib ən zərif xoş rayıhə və yanaqları kimi qızarmış bir qızılgül dərib, şirmayı əli ilə abdal ləblərinə yaxınlaşdıraraq, gülün yarpaqları üstündə almaz qətrəsi kimi parlayan şəbnəmi-ruzigarı güldən daha zərif olan dodaqları ilə əmərək, bir vəhşi maral cəldlik və vüqarı ilə hovuz üstünə atılıb, qurulan kürsünün üstündə oturdu. Hovuzun kənarına atılanda, döşləri bahar yarpaği kimi əsib insanın ürəyini dəxi titrədirdi. Nazənin oturub atılanda, ay kimi parlayan üzünə tökülmüş saçlarını başınm hərəkəti ilə çiyninə tökərək, iri və qara olduğu halda bir piyalə nur kimi şəfəq saçan gözlərini hovuzda üzən balıqlara dikdi.
Ah, təbiətin səhər vaxtı bu bağçada yaratdığı lətafət, zərafət və mənzəreyi-fərəhəfzanın yüzdə, mində, hətta milyonda birini təsvir etməyə bu sadə qanıışdan yapılmış aciz qələmdə qüdrətmi olacaq? Heyhat, yox və yenə yox!.. İnsanları mütəməddin edib dünyalan, dəryaları, səhraları, hətta asimanları belə aciz İnsanların təhti-təsərrüfünə və tabeliyinə keçirən qələm ağ kağız üzərində qara sətirlər yazmaqla qüvvəyi-bərqiyyədən daha müdhiş, daha qorxunc silahlar yaradıb insanları ay və zöhrələrlə belə bəhs etmək cəsarətinə malik edən qələm, gözəl, abad binaları viran, lakin viran, xaraba yerləri abad və laləzara döndərən qələm!.. Bu gün təbiətin yaratdığı bu mənzəreyi-fövqəladə qarşısında aciz, mat və mütəhəyyir!!!
Qələmin belə aciz və bietibarlığını görəndə rəssamlara əl ataq! Əcəba, hansı rəssamdır ki, hovuz kənarında oturan nazənin qızın qızıl¬gül kimi qızarmış yanaqlarını, yuxudan təzə ayıldığı üçün ahu baxışı ilə qırmızı, balıqlara baxan gözlərini, zalım cəlladlar şəmşiri kimi can almağa hazır olan qaşlarını layıqincə təsvir edə bilsin? Hansı rəssamdır ki, mahirliyinə məğrurən, o qanı axacaq qədər zərif və qırmızı olan dodaqları, o xoşrəng gülün yapışıb bir-birindən seçilmədiyini təsvir edə bilsin? Heyhat, yenə yox! Onlar da, onlar da aciz! Mat və mütəhəyyir! Əcəba, bu qız kimdir və kimə qismət olacaq!?
Bu qız Aslanın olub, adı Sitarə idi. Evlərində dörd adam yaşayırdı. Biri həmin qız, ata-anası və bir də bu qızın Mənsur adlı bir gözəl əmisi oğlu.
Mənsur altı yaşında ikən, atadan və anadan yetim qalmışdı. Aslan onu götürüb öz himayəsi altında saxlayaraq, Mənsurun elmə həvəskar olmağına rəğmən onu oxutdururdu. Mənsur böyük bir həvəslə oxumaqla bərabər, çox zirək və tezfəhm olduğu üçün, arif olanlar gələcəkdə bu yetim cavanı gözəl səadət gözləyəcəyini bilirdilər. Mənsur on səkkiz, amma Sitarə on beş yaşında idi. Sitarə də oxuyurdu.
Aslan həmişə, hətta uşaqlıqdan bu vaxta qədər bunların mehriban dolanmadığını görüb: - Sitarə! Səni Mənsura verəcəyəm! - Mənsura da - Mənsur! Oxu, oğlum, Sitarəni sənə verəcəyəm, - deyə hər ikisini oxumağa həvəsləndirirdi. Lakin Sitarənin o nazənin bədəni oxumağın möhnət və cəfalanna dayanmadığı üçün, Mənsur öz dərsindən sonra böyük zəhmətlərlə Sitarənin oxumağına çalışıb, gələcəkdə onunla bir yerdə dolanacağını nəzərdə tutaraq, min məşəqqətlə dərslərini öyrədirdi. Sitarə də Mənsuru çox sevirdi. Hələ uşaqlıqdan Aslanın sözləri bu iki cavanı həvəsləndirib, bir-birinə məhəbbət zənciri ilə bağlayırdı.
Hər iki cavan gündə bağın içinə girib seyr edirdilər. Hələ iki il bundan qabaq hovuzun kənarında olan hündür çinar ağacının dibində bir-birindən ayrılmamağı əhd etmişdilər.
Budur, iki ay idi ki, Sitarə müəllimlik senzi alıb qurtarmışdı. Amma Mənsur dərsini tamama yetirmək üçün hələ beş il də oxumalı idi.
Amma heç kəs soruşmayır ki, bəs Mənsur hanı?
Ah, Mənsur! Bədbəxt cavan hündür çinar ağacının dibində məhzun və qəmgin oturub, bahar buludu kimi göz yaşlarını axıdaraq, hərdənbir məlul-məlul Sitarəyə tərəf baxıb, həzin və ağlar bir səslə:
- Ah, zalım zəmanə, rəhmsiz dövran, vəfasiz övrətlər! - deyə ağlayır.
Bəs Mənsur niyə tək oturub ağlayır?
Budur, altı aydır Sitarə əhdini sındırıb, Mənsur ilə danışmaq belə istəmir. Hələ çoxdan atasına demiş ki:
- Mən Mənsura getmək istəmirəm, qonşumuzda olan dövlətli Salmanın oğlu Həsənə getmək istəyirəm...
Aslan bundan məhzun olub, nə qədər Həsənin biar, qumarbazın biri olduğunu deyərək, Sitarəyə nəsihət edirdisə, Sitarə eşitmək belə istəməyib:
- Mən Mənsura deyil, Həsənə gedəcəyəm! - deyə təkid edirdi. Zira Sitarə görürdü ki, Mənsurun əlində bir dövlət yoxdur. Kim bilir, beş ilə öləcək və ya qalacaq? Həsən isə, dövlətli olduğu üçün hər gün Sitarəyə bəxşişlər alıb gətirirdi.
Axırüləmr, Aslan naçar qalıb, Sitarənin sözlərinə razı olmağa məcbur oldu. Budur, nişan gəlib, sabah toy olacaq, o biri gün də gəlin gedəcəkdir.
Biçarə Mənsur bu altı ayda, ələlxüsus bu bir neçə gündə divanə kimi olmuş, əlində pul, yannda vəfa olmadığı üçün, hər gün bu ağacın dibində oturub canyandırıcı nalələrlə ağlayırdı. Bivəfa Sitarə bu nalələri eşidib, bu qanlı göz yaşlarını görürdüsə, səng-dilanə bir tövrlə yanından keçərək, o tərəf-bu tərəfə gedib, hələ bir qədər istehzayanə nazlarla Mənsurun yaralarına duz səpirdi. Biçarə Mənsur isə onlara müqabil ağlamaqdan başqa bir çarə tapmırdı. Çox vaxt biçarə Aslan bu nalələri görüb, Mənsurun yanına gəlib:
- Oğlum, Mənsur, heç ağlama! Mən sənin üçün Sitarədən də gözəl bir qız taparam! Sən sevgili qardaşımın yadigarısan, - deyə ona təsəlli verərək, göz yaşlarını silib evə aparırdısa da, Mənsur sakit olmayıb, əmisindən ayrılan kimi yenə otağın qapılarını bağlayıb ağlamağa başlardı. Artıq Sitarəyə yalvarmaqdan başqa bir çarə qalmadı. Bu gün ən ağır və qorxunc qədəmlərə cəsarət etmişdi. Bəlkə yalvarmaqla Sitarə¬nin ürəyinə rəhm düşsün deyə, bu gün axırıncı qətrə həyat dərmanını içəcək! Sağalmasa? Axırıncı çarəni yalvarmaq bilib yalvaracaq: "Yox!” - desə nə olacaq? Düşünün! Əlbəttə ki, intihar!..
Budur, yarım saata qədər keçdi, Sitarə əvvəlki vüqarı ilə hovuzun kənarından atılıb evə tərəf yeriməyə başladı. Mənsur pozğun, zəlil bir halda qalxıb onun keçəcəyi yolda dayandı. Sitarə bunun yanından keçəndə, Mənsur zəlil dilənçilər kimi hər iki əlini bir tövr səfilanə ilə Sitarəyə tərəf uzadıb, iki dizi üstə yıxlıb:
- Ey gözəlim, mənə rəhm et!!! - dedi. Amma burada Sitarə ona çatıb:
- Yol ver! - deyə onun yanından keçib getdi.
Mənsur əlləri bir qədər göydə qalıb, məzlum-məzlum Sitarənin dalınca baxaraq, biixtiyar gözünün yaşı axırdı. Sitarə evlərinə yol aparacaq alçaq pillənin üstündə bir əlini qapıya uzadaraq, başını isə çevirib Mənsura baxıb, yenə əvvəlki vüqar və vəhşiliklə səng-dilanə evə girdi. Mənsur dizi üstə oturub baxdısa da, heç bir şey görməyib, yuxu ilə oyaqlıq arasında idi. Sitarə içəri girəndə Mənsur biixtiyar üzüqoylu yerə yıxıldı. Artıq Mənsur oyaq deyildi. Heç bir şey dəxi görüb eşitmirdi.
Biçarə Mənsur nə ətrafında baharm xəfif-xəfif uyuldayan yarpaqların uyultusunu, nə həzin-həzin nalələrlə gül başına firlanan bülbüllərin nəvasını eşidirdi. Hətta əmisinin bağçasını seyr edəndə, bunu görüb yanına gəldiyini görmürdü. Əmisi Mənsurun halını görüb, o da ağladı. Əziz qardaşmdan yadigar qalmış Mənsuru - istəkli bir adamını torpaqlar üstünə sərilmiş görüb:
- Biçarə Mənsur! Əziz övladım! Mən sənin səadətini yüksəldib, istiqbalını parlada bilmədim! - deyib, biixtiyar gözlərindən yaş tökülürdü.
Həqiqətdə də hərgah Aslan can bahasına belə oturacaq bir çarə tapsaydı, öz canını əsirgəməyib, Mənsuru bu dərddən azad edərdi. Amma ki, fayda yox idi. Aslan məhzun bir halda Mənsuru qaldırıb evə gətirərək, öz təxti-xabinə saldı. Bir qədərdən sonra Mənsur aci və həzin bir inilti ilə ayılaraq, özünü evdə görüb qalxdı. Əmisi və əmisi arvadi yatağmm yanında oturmuşdular. Bunlar getdilər. Mənsur özünü toxtada bilməyib zar-zar ağlayırdı. Nahar oldu, günorta oldu, gün qüruba əyildi. Mənsur hələ də zarıldayırdı.
Üç gün idi ki, heç bir şey yeməmişdi. Gün batdı, Mənsur biçarə hənuz ümidini kəsməyib, dübarə bağa gələrək, haman çinar ağacının dibində oturdu. Bir o qədər keçmədi ki, uzaqdan Sitarənin ay kimi parıldayan sifəti göründü. Sitarə yenə keçmişki naz-nəzakət və vüqarla gəlib hovuzun kənarında oturdu. Mənsur məlul-məlul bir qədər ona baxıb qovrulandan sonra, artıq dayana bilməyib qalxdı ki, onun yanına gələrək, yalvarıb öz dərdlərini desin...
Lakin bu halda divarın üstündən Həsən aşıb, hovuzun kənarına gəldi. Mənsurun isə dizlərinin taqəti üzülüb, öz yerində çırpınırdı. Həsənin kobud və nahamar əlləri Sitarənin sürahi gərdəninə toxunanda, sanki Mənsurun ürəyinə ildırım toxunurdu. Nə çarə? Biçarə Mənsurun ağlamaq sədasi, zarıltısı və nəvası iki daşürəkli insanın qəlıqəhələri arasında itib gedirdi.
İnsanın sevgilisi, istəklisi, məşuqəsi əğyar ilə oturub, oynayıb gülsün, insan özü isə naəlac kənarda oturub baxsın! Onda nə olar?
Ah, artıq Mənsurun ürəyindəki dərd-qüssələri yazmayıb, özünüzə mühəvvəl edirəm. Özünüz düşünüb Mənsurun qəm və qüssəsinin miqdarını, yarımçıq da olsa, müəyyən edin.
Burada Mənsurun nitqi quruyub, dili ağzında fırlanmırdısa da, amma ürəyindən də olsa, bu sözləri deyəcəyi yəqindir:

Bu dövran gərdişindən sinəsi al qan olan könlüm!
Gecə-gündüz işi ahü fəğan, hicran olan könlüm!
Gecə ta sübhədək şəm oduna pərvanətək yandım,
Ziyayı-şəmi isə, qisməti-insan olan könlüm!

Görən məşuqini əğyar ilə seyrü səyahətdə,
Bu cənnət bağı çeşmi-zarimə niran olan könlüm!
Əcəb hicr atəşinə yanmışam, taqət gedib əldən,
Fəraqi-yar ilə beyti-dili viran olan könlüm!

Aman, ey çərxi-kəcrəftar, bəsdir, əl götür məndən!
Yan, ey yan dili-əğyar üçün canan olan könlüm!

Hər nə isə, iki saata qədər vaxt keçəndən sonra Həsən yenə divardan aşıb getdi. Sitarə isə, bir sərv kimi xuraman gəlib evə tərəf getməyə başladı. Mənsur ikinci dəfə duraraq, əllərini Sitarəyə tərəf uzadıb, gözündən sel kimi yaş tökərək, Sitarənin qabağında dizi üstə oturub dedi: - Ey bivəfa! Ban bir neçə kəlmə sözümə qulaq ver!
Sitarə bir tövri-vüqar ilə durub, iri qara gözlərini Mənsurun üzünə dikdi. Mənsur bu mərhəmətdən bir növ taqətə gəlib göz yaşı tökərək, bir sövti-zəlilanə ilə ahü naləyə başladı: - Ey bivəfa Sitarə! Ey bietibar əmim qızı! Sən mənimlə həmin çinar dibində əhd bağlamadınmı ki, bir-birimizdən aynlmayaq, əcəba, nə tez əhdini unutdun? Ey biinsaf! Aya, mənə rəhmin gəlmədi ki, illər uzunu mənim həyatımı zəhərləyib, məni hicran oduna yandırmağa, dərdü bəlaya giriftar eləməyə razı olursan? Ah, Sitarə! Məni yandırma! Məni əbədilik olaraq, hicran səhrayı-bipayanınin dirrəndə və vəhşi heyvanlarının çəngali-biamanına salma! Məni əbədilik olaraq bəla dəryasının girdabi-binəhayəsinə salıb cavan ömrümü, parlaq istiqbalımı qəri-zülmati-məzarə yerləşdirmə! Mənə rəhm et! Ah, bivəfa! Hanı o keçən günlər ki, səninlə bu ağacın dibində və saf hovuzun kənarında şirin-şirin söhbətlərə, dərin-dərin işrətlərə məşğul olub, yüksək bir həyat ilə yaşayırdıq? Onları unutdunmu? Ah, biinsaf Sitarə, bimərhəmət Sitarə! Əğyarı bu həqir əmin oğlunun üstünə ayaqlandırmaq rəvamı?!.
Göz yaşı Mənsura danışmağa mane olurdu. Mənsur isə tamam gücü ilə çalışırdı ki, onu sakit edib, fürsət var ikən sözlərini desin. Lakin Mənsur nahaq çalışırdı. Göz yaşları bir seyli-xüruşan kimi cuşə gəlib, Mənsuru sükuta məcbur edirdi. Axırıncı gücünü yığıb, qanlı göz yaşları arasından:
- Sitarə! Bivəfa olma! Əhdə vəfa et! Məni yandırma! Gəl, gəl ey həyatımın zöhreyi-şəşəədan! Gəl! Gəl! Gəl, ey istiqbalımın şəmipərtövnisan! Gəl, gəl bivəfalığı tərk et! Mənimlə bağladığın əhdi sındırma! Əğyarı kənar et! Məni yandırma! Gəl! Gəl!..
Burada Sitarə gözlərini Mənsurdan çəkib, çinara tərəf baxıb fikrə getdi. Mənsur isə həyat ilə məmat arasında cavab gözləyirdi. Bu cavab ölmək, ya qalmaq cavabı olub, Mənsurun gələcək həyatının müqəddəratını bildirəcək idi. Bu cavab Mənsuru ya gözəl bir həyata, parlaq bir istiqbala yetirəcək, ya əbədilik olaraq qara torpaqlar altında qaranlıq məzara yerləşdirəcək idi. Amma əfsus!.. Qəza bir fələkzədəni xilas edib əlindən tutmaz, bərəks, daha da onu dərin-dərin quyuların dibinə salmağa çalışar.
Budur, Sitarə başını qaldırdı. Bir də çinar ağacına baxaraq, üzünü Mənsura tutub, gül yarpaqları kimi qırmızı və zərif dodaqlarının arasından:
- Yox, Mənsur! Məndən sənə çarə ola bilməz. Özünə çarə tap! -deyib, bir tövri-qürur ilə yola düşüb getdi.
Bu da axırıncı ümid! Bu da zəif surətdə işıq verən ümid şəmi ki, təzədən söndü. Mənsur yenə yıxılmaq istəyirdi. Lakin tamam gücünü yığıb, bir an əvvəl həyatını qurtarıb bu cəfalardan xilas olmaq üçün qalxdı. Mütəfəkkir evə girib, dalınca qapını örtdü. Divarda olan xəncəri götürüb sinəsinə qoyaraq, tutqun və dilsiz kəlmələrlə təkəllümə başladı:
- Ah! Zalım zəmanə! Kəcmədar dövran! Bivəfa tale!!! Ey çərxi-kəcmədar! Əcəba, mənim bu bədbəxtliyimdən sənə bir səmərə varmı ki, məni bu qədər dərdü möhnətə, əzabü əziyyətə düçar elədin? Əcəba, mənim ölümümdən sənə bir səmərə varmı ki, hənuz dünyadan kam almamış, hənuz həyat və səadətin zərrin piyalələrə doldurulmuş şərbətini içməmiş mənə ölüm zəhərini içdirirsən? Əcəba, tamam cövrü cəfa, zülmü əzablarını məndən ötrü saxlamışdın ki, əvvəl yetim, səfil, sərgərdan buraxıb, indi də belə bir bəlaya düçar edibən, məni bir kənara ataraq, yarımı əğyara nəsib edib, qanıma susadın! Ah, zalım zəmanə! Bivəfa Sitarə! İndi rahat olun! Mən dəxi dünyanın şirin-şirin ümidlərini görməmiş, dünyaya əlvida deyib gedirəm. Rahat olun ki, mən gülzari-fərəhfəzalarm, seyrü-səyahətin, vəxti-səadətin, nəvazişi-fərəhbəxşasın layıqincə görməmiş, o ləbi-abidarın şəhdi-şərbət-misalın doyunca əmməmiş, dünyaya əlvida deyib gedirəm. Rahat olun! Gəl, gör, Sitarə, xar etdiyin Mənsuru!
Burada Mənsur xəncərin üstünə yıxılmaq istəyir. Sag ayağını yerdən götürüb, o biri ayağını da üzmək istədikdə birdən dayanır, rəngi dəyişib filfor çöhrəsində bir qələbənin əlaməti zahir olur. Xəncəri yerə çırparaq:
- Yox, yox! Yox! Əcəba, mən özümü öldürməklə zalımların ürəyimi yanacaq? Yox! Əsla! Bərəks əmim qüssə çəkib qəmgin olacaq. Yox! Artıq anladım! Bir dərya ki, mənə boy verməsə, mən ona ümman demərəm. Bir bivəfa ki, məni atıb gedir, mən nə səbəbə ona məhəbbət bağlamalıyam? Qoy getsin, artıq mən onun məhəbbətini ürəyimdən çıxardım. Əlbəttə ki, zəif adami müsirr xəstəlik daha çox mütəəssir etdiyi kimi, insan nə qədər zəifül-qovl olsa, zəlalət və bədbəxtlik onu daha da artıq tutar. Qoy getsin, artıq elə bivəfalara yalvarmaram. Madam ki, o məni sevirdi, bir bian görüb məni unutdu, mən nə üçün unuda bilmirəm? Qoy getsin, bəlkə onu orada səadət və xoşbəxtlik gözləyir. Get, ey bivəfa Sitarə, get!.. Artıq mən də səni unutdum. Artıq mən də səni istəmirəm. Sən məni yandırdın, amma mən sənin yanmağını istəməyib, səadətə yetməyini istəyirəm. Get! Dəxi mən də özümə lazım olan yolu tapdım. Bilirəm! Gələr bir zaman ki, mənə də fürsət düşər, sən də mənə möhtac olarsan. O vaxt mən sənə pislik etmərəm. Get, bivəfa Sitarə, get!.. Artıq mən də səndən gözümü çəkib, səni unutdum. Get, xoşbəxt olub səadətə yetəsən! Amma bilirəm ki, bu zülmün cəzasını görəcəksən, get!!!
Burada Mənsur xəncəri yerindən açıb, sanki heç qəmi yox, şad və xürrəm otaqdan çıxdı. Əlbəttə ki, Aslan bunu görüb şad oldu. Mənsur gəzməyə gedib, axşam evə qayıtdı. Artıq Sitarə gözünə sataşırsa, sevgili yar deyil, bir doğma bacı kimi ona baxıb, sanki bacısının ərə getməyinə şad olurdu.
Səhər oldu, toy oldu. O biri gün Sitarə gəlin getdi.
Payızda Mənsur dərsə başlayıb daha da səy etməyə və qeyrətlə oxumağa başladı.
Zaman bir axar çay kimi axıb, illər mürur edirdi. Altı il bu hadisədən keçdi.
1915-ci il may ayının 16-sı idi. Axşam vaxtı Aslanın bağında təqribən 21-22 yaşlarında cavan bir oğlan 19 yaşında gözəl və nazənin bir qız ilə seyr edirdi. Bu bağın lətafəti-təbiiyyəsi oxuculara məlum olduğu üçün, tərifinə hacət yox. Ancaq onu demək lazımdır ki, o vaxtdan gündən-günə bağ daha da dilgüşa və fərəhəfza bir mənzərə alırdi. Bağda gözəl qız ilə oğlan hər ikisi gözəllikdə bir-birinə rəqabət edib, üzləri ay parçası kimi işıq saçırdı. Hər ikisi təmiz və nəfis ağ paltar geyib, bağı seyr edirdilər.
Kimdir bunlar?
Bunlardan biri Mənsur, biri də onun sevgili arvadi Sara idi. İki il idi ki, Mənsur təhsilini tamam edərək, mühəndis vəzifəsində ildə 18 min manat məvacib alırdi. Bir il bundan əqdəm evlənib gözəl və tərbiyəli bir qız almışdı. O vaxtilə bir bağçanın zərif və rayihədar canlı bir gülü olan Sitarədən gözəllikdə geri qalmazdı...
Ah, yenə Sitarə xatirə düşdü! Bəs heç soruşmursunuz: hanı Sitarə?
Sitarə! O insan cildinə girmiş mələk! Göz gəzdir, bax! Bağın ən qaranlıq bir guşəsində məhzun halda oturub, gəzənlərə tamaşa edir. Əcəba, Sitarə neçin məhzundur? Həmişə bir nəfər bəxtiyar və hökmdar ola bilməz. Dövran bir insanı ucaldıb, ucaldıb, birdən ən yüksəkdən yerə elə çırpır ki, bir də uçmasına çarə tapılmaz. Bəzən də, əksinə, bir insanı illərlə xar edib, birdən yüksəldir.
Budur, üç il bundan qabaq Aslan, sonra övrəti vəfat etdilər. Salman hələ dörd il bundan qabaq ölmüş, hələ o vaxtdan Sitarənin qəlbində olub yanan, amma zəif bir yelin əsməsi şöləsi əyilib müvəqqəti ziyasını əskildən məhəbbət şəmi yenə külək keçəndən sonra şöləsini düzəldib, işıq verməyə başlayır. Sitarə artıq yenə Mənsuru sevirdi. Amma Mənsur! Mənsur əbədilik olaraq ürəyində məhəbbət şəmini ruzigarın təbii badi-havası ilə deyil, öz əli ilə söndürmüşdü. Hələ Mənsur evlənməmiş Sitarə neçə dəfə kağız yazib demişdi: "Əzizim Mənsur! Mən səni əvvəlki kimi sevirəm! Hərgah məni almaq istəsən, çıxıb sənə gələrəm".
Lakin Mənsur hər dəfə "yox" cavabını yazmışdı. Bu dəfə artıq Sitarə Mənsurun məhəbbətinə bənd olub, iştiyaqında gəzirdi. Mənsur isə boyun qaçırırdı. Ona görə Sitarə Həsənin evində qalmağa məcbur olurdu. Həsən isə, atasından sonra onun tamam mülki-malını satıb, içkiyə xərcləmişdi. Axırıncı qəpiklərini və ev müxəlləfatını tamamən satıb, qumara qoymuşdu. Hətta iş bir məqama çatmışdı ki, evdə ac qalmışdılar. Sitarə bunu görüb, atasından qalmış həmin mülkü, bağı Mənsura on min manata satmışdı. Həsən onu da az bir vaxtda xərclə¬mişdi. Hərçənd Sitarə oxumuş qız olduğu üçün özünü dolandıra bilərdi, amma Həsən ona imkan verməyib, gedəndə qapını üzünə qıfıllayıb, gələndə isə açıb içəri girib, yenə də örtərdi.
Budur, Sitarə bir yandan Mənsurun firqət və hicrinə, bir yandan da Həsənin cövrü cəbrinə davam gətirməyib, qaçıb öz əmisi oğlunun yanına gəldi. Mənsur isə onu can və başla qəbul edib, naz ilə bəsləməyə qərar verdi. Amma Sitarənin ürəyində Mənsurun məhəbbəti gündən-günə şölələnib var əzasını yandırırdı. Neçə dəfə xəlvət Mənsura yalvarmışdisa da, o hər dəfə bir tövri-mülayımanə ilə:
- Gözəlim, mən səni ancaq bacı kimi görə bilib, qardaş nəzəri ilə sənə baxa bilərəm, - deyə cavab vermişdi.
Mənsur hər nə qədər ona nəvaziş edərək, min dil ilə aldadır, haman həvayı-eşqi başından çıxarmaq istəyirdisə də, Sitarə əsla aldanmayıb, həmişə ahü zar edirdi. İndi bu saatlıqda bağın qaranlıq bir guşəsində oturub, iki gəzən cavana tamaşa edib ağlayır.
Odur, Ay çıxıb, Sitarə olan yeri işıqlandırdı. Baxın, hələ iki il bundan qabaq zəriflikdə gül ilə rəqabət edən yanaqlar nə hala düşmüş? Payız yarpaqları kimi sarımtıl bir rəng çalır. Xəzan yeli solduran bir yarpaq kimi solmuş. Baxın, iki il bundan qabaq gördüyünüz o abdar ləblər, o zərif, qırmızı dodaqlar ki, hər baxan, indicə qanı axar deyərdi, indi nə hala düşmüş? Şəhdi zalım zənburun nisi ilə sorulmuş güllər kimi ağarıb qurumuşdu.
Onu da deməliyik ki, hərgah Mənsurun ürəyində məhəbbət şəmi sönmüş olmasaydı, bunların heç birinə baxmayıb, Sitarəni can tək "gəl, gözəlim!” deyə ağuşuna alardı. Lakin Mənsurun ürəyində artıq məhəbbət olmadığı üçün, Sitarə əvvəlkindən də gözəl olsaydı, yenə onu almazdı. Sitarə də Mənsur kimi bu gecə həyat, ya məmat məsələsini həll etmək istəyirdi. Odur ki, məlul-məlul Mənsurun dalınca gedib, danışmağa söz axtarırdı.
Lakin Mənsur onun kimi olmayıb, onu oxşayır, halına yanıb ağlayır, həmişə gəzəndə: “Sitarə, gəl bizimlə gedək", - deyirdi. Hətta bu gecə də ona onlarla gəzməyi təklif eləmişdi. Amma Sitarə getməyib orada oturmuşdu.
Bir qədər keçdi. Sara Mənsurdan ayrılıb, evə getdi. Mənsur yavaş-yavaş Sitarəyə tərəf yönəldi. Sitarə onu görəndə, axırıncı sözünə cavab alıb, müqəddəratını həll etmək, ya səadətlə yaşamaq, ya qəbir evinə getmək üçün ayağa duraraq, Mənsurun əlini əcz ilə tutub, dizi üstə oturub: - Aman, Mənsur! Məni hicr oduna yandırma! Mənə rəhm et!
Mənsur cəld onun əlindən tutub qaldırdı və başını qucağına alıb, oxşamağa başladı. Sitarə isə, bir an əvvəl sözlərini demək üçün əvvəlki qayda ilə qalıb, çuxura düşmüş gözlərini Mənsura dikib:
- Mənsur! Mənsur! Sənin məhəbbətinə bağlanmişam. Mənim həyatım sənin əlindədir. Sən mənim gələcək müqəddəratımı həll edə bilərsən... Mənsur! İnsaf et! Razı olma ki, mən 20 yaşında olduğum halda, puç olub qara torpaqlar altına gedim... Burada Mənsurun gözləri yaşarıb: - Sitarə məgər mən sənin fərağında yanmayırdımmı? Məgər mən özüm intihar etmək qəsdinə düşdüyüm zaman sən mənim həyatımı baqi saxlamaq istədinmi? Məgər məni məhəbbət odu yandırmayırdımı? Sitarə onun sözünü kəsib:
- Mənsur! Günahkaram! Mənə rəhm et! Məni yandırma!
- Gözəlim, indi mən sənin üçün nə edə bilərəm ki, səni bacımdan qeyri bir kəs görə bilmirəm. Mənim ürəyim yumşaqdır. Hicran qəmini çəkib, sənin halına yanır, lakin heç bir çarə!.. Sitarə axırıncı dəfə olmaq qəsdilə sözünü kəsib:
- Mənsur məni yandırma, insaf et, rəhm elə!..
Mənsur heç bir çarə tapa bilmədiyi üçün:
- Gözəlim, mən sənə qanımın bahası ilə xidmət etməyə hazıram, lakin bu işdə məzurəm...
Burada Sitarənin əndamı sustalıb yerə dəydi. Mənsur onu durquzub aparmaq istədisə də, Sitarə mane olub oturdu. Bir azdan sonra Mənsur evə getdi. Get-gedə Mənsur keçmişləri düşünüb, gözləri yaş ilə doldu. Əmisi qızının intihara qəsd etməsindən qorxub evə girdi ki, bəlkə Saradan rüsxət almağa müvəffəq olub, yetim əmisi qızını bu dərddən xilas etsin.
Lakin Mənsur gedən kimi Sitarə həyatından bezikmiş, zəlil bir halda cumub, ağlaya-ağlaya hündür çinar ağacının yanına gələrək, ağaca dırmaşdı. Bir budağm üstə oturub, bir qədər ağlayandan sonra, şərfin boğazından açıb buraraq, bir ucunu ağacın budağına, bir ucunu da ilmək eyləyib öz boğazma salıb, budaqdan asilmaq istədikdə, gözü ağacın altında, hovuzda üzən balıqlara sataşıb dayandı. Gözləri yaş ilə dolub, tamam keçmiş günləri gəlib gözünün qabağında durdu. Ürəyinin ən dərin guşəsindən bir ah çəkib:
- Ey bivəfa dünya! Ey bivəfa tale! Sən də bietibarmışsan ki, iti tilovun ucuna keçirdiyin bir parça ləziz təamına aldanıb toruna düşdüm. Sən insana mərhəmət edən olmayıb, zalım bir səyyadsan ki, insanları aldadıb, öz toruna salırsan! Əcəba, belə də zülm olar ki, beşgünlük səadətlə məni məğrur edib o qədər yüksəyə qaldırdm ki, tamam insanlar gözümdən qeyb oldu. O zaman mən özümün ərşi-əyala merac etdiyimi zənn edib, sənə təşəkkür edirdim. Lakin heyhat!.. Bilməyirdim ki, sən məni o qədər yüksəyə məhz ondan ötrü qaldırırsan ki, yerə çırpıb bir də hərəkət iqtidarımı əlimdən alasan. Zalım! Elə də etdin! Mənim uçağanlarla bəhs etməyə qadir olan qanadlarımı sındırıb, quyu dibinə saldın. Ah, hanı o günlər ki, həmin çinar ağacının dibində Mənsur ilə gəzib, şad bir həyat sürürdük? Hanı o günlər ki, bu ağacın dibində Mənsur ilə əhd bağladım? İndi mən Mənsuru əsla təqsirkar etmirəm. O zaman mən, mən, mən bədbəxt o qədər məğrur oldum ki, əhdimi sındırdım, onu yandırdım. İndi də özüm yanıram! Hanı o günlər ki, bu güllərin arasında gəzib bülbüllərin həzin nalələrini, özümü güldən də daha zərif bildiyim üçün, mənimsərdim. Keçdi, keçdi!.. Keçən keçdi, daha geri dönməz! Ah, bivəfa dünya! Artıq sənin etibarını görüb səndə dolanmaq istəmirəm. - Durur. - Əlvida, ey içində bəxtiyar günlər keçirdiyim bağça! Əlvida, ey gecə-gündüz həmnişinim olan güllər! Gecə-gündüz nəğmələrini eşitdiyim bülbüllər! Əlvida, ey mayeyi-sürurum və tamaşa nöqtəmin ən qiymətliləri olan xırda balıqlar! Əlvida, ey çinar ağacı! Sənin dibində bəxtiyar günlər keçirib əhd bağladım. İndi də həmin əhdi sındırmağımın cəzasıdır çəkirəm! Əlvida, ey əvvəli mayeyi-sürur və iftixarım və axırda baisi-rəncü həlakətim olan gözəllik ki, bundan sonra qara torpaqlar altında məhv və pərişan olub gedəcəksən! Əlvida, bu hilali-pərtövnizar! Əlvida, ey məhəbbəti yolunda həyatım tərk edib qurban olduğum Mənsur! Dəxi mən öldüm! Əlbəttə, məğrur, mütəkəbbir və əhd sındırmanın axırı budur ki, iyirmi yaşında olduğum halda ölürəm! Ah, zalım zəmanə! İndi sakit olü!
Burada Sitarə özünü ağacdan tullayıb asılır...
Mənsur isə bu halda qapıdan çıxdı. Gedib mülayimanə bir dil ilə Saraya demişdi:
- Əzizim! Sən özün bizim macəramızı bilirsən, indi Sitarənin halını da görürsən... Mən bu işə, onun bu qədər əziyyət çəkməsinə razı olaram, lakin vicdan buna yol verməz. Mən ondan intiqam almaq hissi ilə onun bu cəfalarına şad olmalıyam, lakin Iinsaniyyət buna yol verməz. Sitarə intihara qəsd edərsə, biz günahkarıq. Mənim ürəyim kimi ürəyi olduğu üçün, bu zülmə dayanır. Lakin xanımların ürəyi saf, həssas olduğu üçün, siz buna razı olmazdınız...
Artıq Saranın rənginə baxmaq olmazdı. Sara bilirdi ki, Mənsur Sitarəni istəmir. İndi dediyi sözlərdən də məqsədi odur ki, Sitarəni boş ad üçün də olsa, alıb bu bəladan xilas eləsin. Sara özü də Sitarənin halına acıyır, onun çəkdiyi əziyyətləri azaltmağa çalışırdı. Lakin nə qədər olursa, rəqibəlik hissi Saraya mane olurdu ki, Sitarənin almasına razı olsun. İndiki halda isə Saranın rəngi saralmış, ürəyi çırpınır. Demək olar ki, bilmərrə huşu başından çıxmış. Bu saat iki böyük qüvvə, iki hiss Saranın ürəyində çarpışır, boğuşur. Sara özü də bühuş kimi durub, sanki bu iki hissin, insaniyyətlə rəqibliyin mübarizəsinin axırını gözləyirdi. Sara çox nəcib olduğu üçün, insaniyyət hissi qalıb gəlməli idi. Lakin rəqibəlik hissi aciz düşmən olmadığı üçün, belə görünürdü ki, bu iki hissin hər ikisi bir gücdədir və hansı birinə kənardan bir kömək gələrsə, o, qalıb gələcəkdir. Mənsur Saranın rəngindən, məlul-məlul baxan gözlərindən bu halı anlayıb, insaniyyət hissinə kömək olmaq üçün həzin bir əda ilə:
- Gözəlim, əmin ol ki, mən iki arvadlılığın əleyhinəyəm. Lakin bu, həvavü-həvəsin kəsrətindən olmayıb, məhz yetim əmim qızına rəhmim gəldiyi üçün, bu işə məcbur oluram. Bir fələkzədənin ki, həyatı sənin əlindədir, zənnimcə, onu bir kəlmə sözünə qurban verməzsən... - Mənsur daha da sözünü qüvvətləndirib: - Sara, mən səni sevirəm! Sənin yolunda hər işə hazıram! Amma sən də məni sevirsənsə...
Saranın üzü daha da saralıb, alnında tər qətrələri zahir oldu. Bir azdan sonra rəngi gül kimi qızarıb, iri gözləri aydınlaşıb, başını tənbəl bir hərəkətlə qaldırıb, gözlərini Mənsurun gözlərinə dikdi. Sanki bu məhzun baxışı: "Mənsur! Sonra məni atmazsan ki?” - deyə sual edirdi. Bu sual Saranın gözlərində aşikar oxunduğu üçün Mənsur tez ürəkdən cavab verdi:
- Sonra, sevgilim, mən səni sevirəm, axıra kimi də sevəcəyəm... Lakin...
Burada Sara bir tərəfdən qalıb insaniyyət hissinin təzyiqi ilə, bir tərəfdən Sitarəyə rəhmi gəldiyi üçün, bir tərəfdən də Mənsuru sevdiyinə görə, onun xahişini yerinə yetirib, xatirini sındırmamaq üçün, özünü saxlamayıb biixtiyar gül yarpağı kimi qızarmış dodaqlarının hərəkəti ilə ahəstə:
- Razıyam! - deyə cavab verdi.
Mənsur bunu eşitcək, şad bayıra firlandı ki, yetim əmisi qızını bir an əvvəl eşqin yanar odlarından çıxarsın. Lakin bayıra çıxanda Sitarə¬nin ağacdan asıldığını görüb:
- Dayan, - deyə sürəti-saiqə ilə ora yüyürdü. Atılıb şərfdən tutub qırdı, əyilib Sitarənin üzünə baxaraq:
- Dur, Sitarə, sənə şad xəbər gətirmişəm!.. - dedi.
Amma, heyhat!.. Vaxt keçmişdi. Sitarənin həyatına dəxi ümid yox idi. Axırıncı sözləri eşidəndə, gözlərini biixtiyar surətdə açıb, qollarını dilsiz və zəif bir hərəkətlə qaldırıb, Mənsurun boynuna salaraq, boğuq və həzin bir səslə:
- Mənsur, səndən axırıncı xahişim, sənə axırıncı vəsiyyətimdir... - Burada Sitarə dayanıb, yenə kəsmə-kəsmə təkəllümə başladı. - Barı, bu bir sözümü yerə salma. Axırıncı arzum: məni həmin çinar ağacının dibində dəfn et!
Mənsur, hərçənd Sitarənin axırıncı sözlərini eşidirdi, lakin danışmağa qüdrəti yox idi. Gözlərindən axan yaş Sitarənin yanaqlarına toxunurdu. Sitarə axırıncı dəfə hərəkətə gəlib: - Vəsiyyətimə əməl et, məndən çəkdiyin cəfaları mənə halal et...
Burada Sitarə zəif hərəkətlə Mənsurun dodaqlarını öz dodaqlarına yapışdırıb, axırıncı baxışla Mənsura baxıb, gözlərini yumub, canını təslim etdi.
Budur, çərxi-biarın ol gərdişi,
Cəfadir, əziyyətdir hər bir işi!..