Mərd (Ağdabanlı Qurban)
Mərd (Ağdabanlı Qurban) Müəllif: Ağdabanlı Qurban |
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.22-23 |
Mənim bu müşkül dərdimə kim dözüb dayana mərd,
Qəvvas kimi qərq olmuşam dəryayi-ümmana mərd.
Bir kimsənəm yoxdu desin ərzimi cananıma,
Birbəbir bu dərdimi söyləsin loğmana mərd.
Yar gərək yardan ötrü ah çəkib, dad eyləsin,
Mərd gərək meydan içində özüçün ad eyləsin.
Saillərə bəxşiş edib, qəmgünü şad eyləsin,
Dost gərəkdi dost yolunda baş verə mərdana-mərd.
Firqətindən mən olmuşam bir dəli-divanı tək,
Həsrətindən didələrim yaş tökür leysanı tək.
Qəbul eylə bu gün məni, İsmayıl qurbanı tək,
Hazıram yüz şövqilə olmağa qurbana mərd.
Mərdi səndən ayrı salmam, razısan niyaz ilə,
Durmuşam qulluğunda etiramla, avaz ilə.
Mən sənə qurban gəlmişəm, kəs başım almaz ilə,
Qoy desinlər: barı verdim canımı canana mərd.
Qüvvətinə əhsən olsun, sən böləndə əntəri,
Zülfüqara bəlgə oldu Cəbrayılın şahpəri.
Sıqtı-dildən çağırıram şiri-Yəzdən Heydəri,
Düldülü mərd, Qənbəri mərd - girəndə meydana mərd.
Qurban deyir: yandı ürək, qalmayıbdı taqətim,
Sevgilim, çıx aşikara, eyləyim ziyarətim!
Sən veribsən təbi mənə, halal paydan qismətim,
Tarixlərdə söylənəcək; qalacaq nişana mərd.