Mərhəba, xoş gəldin, ey ruhi-rəvanım, mərhəba!
Görünüş
Mərhəba, xoş gəldin, ey ruhi-rəvanım, mərhəba! Müəllif: İmadəddin Nəsimi |
Mərhəba, xoş gəldin, ey ruhi-rəvanım, mərhəba!
Ey şəkərləb yari-şirin, laməkanım, mərhəba!
Çün ləbin cami-Cəm oldu nəfxеyi-Ruhülqüdüs,
Ey cəmilim, ey cəmalim, bəhrü kanım, mərhəba!
Könlümə heç səndən özgə nəsnə layiq görmədim,
Surətim, əqlim, üqulim, cismü canım, mərhəba!
Ey mələk surətli dilbər, can fədadır yoluna,
Çün dedin ləhmikə ləhmi, qanə qanım, mərhəba!
Gəldi yarım naz ilə, sordu, Nəsimi, necəsən?
Mərhəba, xoş gəldin, ey xırdadəhanım, mərhəba!