Mərsiyə (Şair Məhəmməd)
Mərsiyə (Şair Məhəmməd) Müəllif: Şair Məhəmməd |
Mənbə: Çoban Məhəmməd. Şeirləri və dastanları. (Toplayıb tərtib edəni: İslam Ələsgər). Bakı, "Nurlan", 2009. səh. 66-67 |
Gəldi şuri-aşura, islam olan qan ağlasın.
Eyləsin ahü fəqan, didəsi giryan ağlasın.
Hüseynin gül bədəni doğrandı aşura günü,
Qumlar üstdə qaməti üryandı aşura günü,
Kərbəlada təşnləb qurbandı aşura günü,
Yada salsın şiələr, ciyəri şan-şan ağlasın.
Gəldi şuri-aşura, islam olan qan ağlasın,
Eyləsin ahü fəqan, didəsi giryan ağalasın.
Ağlayın, yada salın qolsuz ələmdar Abbası,
Qasımın toy yerinə yasın tutubdur anası.
Meydanda var bir bədən, yeksər çoxdur yarası,
Cümlə "vay, Hüseyn" deyib, hər qəlbi yanan ağlasın.
Gəldi şuri-aşura, islam olan qan ağlasın,
Eyləsin ahü fəqan, didəsi giryan ağlasın.
Çün Hüseynin başını Şümr kəsib, alıb ələ,
Lərzəyə gəldi sərbəsər, asmana düşdü vəlvələ,
Şahi-təşnə Əsğəri oxladı məlun Hərmələ,
"Su" deyib gəldi şura, təşnə verib can ağlasın.
Gəldi şuri-aşura, islam olan qan ağlasın,
Eyləsin ahü fəqan, didəsi giryan ağlasın.
Şövqü var baş kəsməyə o Şümr ləin kafərin,
Qasımı nakam qoydu, doğrandı cismi Əkbərin.
Birini sağ qoymadı yetmiş iki dilavərin,
Nalə qılsın cümləsi, zəmin-asiman ağlasın.
Gəldi şuri-aşura, islam olan qan ağlasın
Eyləsin ahü fəqan, didəsi giryan ağlasın.
Ağlayın, yada salın Hüseynin qətligahıdı,
Şafeyi-məhşur odu, iki cahanın şahıdı,
Dünyanı yeksər tutan Məhəmmədin günahıdı,
Həşrdə, bəlkə, edə dərdinə dərman, ağlasın.
Gəldi şuri-aşura, islam olan qan ağlasın
Eyləsin ahü fəqan, didəsi giryan ağlasın.