Məzmuna keç

Məsələ, sən dediyin-bildiyin gül kimidir dost

Vikimənbə saytından
Məsələ, sən dediyin-bildiyin gül kimidir dost (1995)
Müəllif: RAUF CAVAD

Sevgi-ümid ayrılmaz iki dost, mət bir bədəndir,
Ayrılmaz ölüm-həyat, can-qan, ümmət bir bədəndir.

Həyatı gör, sev-yaşa, insafı vermə güdaza,
Qan damarda axar, vicdan-ədalət bir bədəndir.

Könül bağlı, dəli qanlı açar, günəş nur saçar,
Sevər həyatı qanan, can-şücaət bir bədəndir.

Şirin ölümü dad, xeyir əməli Xalidə sat,
An əbədi həyatı, cəmi xilqət bir bədəndir.

Məndə bulundu kainat, görmədi xəbis heyhat,
Sığar qəlbdə sədaqət, Həqq -Həqiqət bir bədəndir.

İki sevda sığmaz bir ruh-bədənə, qafil oyan!
Cahan kiçik əlamət, ruh-risalət bir bədəndir.

Məsələ, sən dediyin-bildiyin gül kimidir dost!
Qəliz zehinə yox çarə, göz-diqqət bir bədəndir.

Sığmaz nitqi kamil olan Həqq, bülbül dar qəfəsə,
Bəyan –iman, nida-səda, məharət bir bədəndir!

Cazibəsi ruhu çəkir yerdən göyə Zöhrənin,
Vüsaləyə qovuşur aşiq, vüslət bir bədəndir!

Edir şirin söhbəti canan, ağlayır söz qanan,
Cərəyan edir məhəbbət, vəsatət bir bədəndir.

Zülmə etiraz, ol mətanət, iradədi şövkət,
Boyun əyməz şöhrət, incə məlahət bir bədəndir!

Rauf sevər zəhməti etməz məzəmməti şahı,
Peyman kəsib edə xidmət, lətafət bir bədəndir!