Məzmuna keç

Məscidin

Vikimənbə saytından
Məscidin
Müəllif: Aşıq Ələsgər
Mənbə: Ziyəddin Məhərrəmov. "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, "Nurlan", 2010.

Nabələddim, mən oldum sənə bələd,
Kantardan[1] rast oldu yolu Məscidin.[2]
Qasım otağıdır hər bir hücrəsi,
Behiştin bağıdır dalı Məscidin.

Ədalət zənciri çəkilib ərşdən,
Hüseynalı xanı getsin behiştə,
Pənah xan da gərək olsun bu işdə,
Vurulub Irana teli Məscidin.

Mərmərdən kərpici, çindən suvağı,
Həzrət Xızıra badə verdi saqi,
Hazır oldu imam Məhəmməd Tağı,
Çarhovuz üstündə gülü Məscidin.

Qüsur yoxdur Məhəmmədin dilində,
Quranında, ayəsində, dinində,
Mömin ağlar Aşuranın günündə,
Abi-leysan olub seli Məscidin.

Qul Ələsgər deyər, Abbasqulu xan,
Sakinim Göyçədir, bilginən pünhan,
Sənə kömək olsun qadiri-sultan,
Dörd yerdən qurşanıb beli Məscidin.

  1. Göy məscidə gedən yol
  2. İrəvandakı Göy məscid nəzərdə tutulur.