Məzəni bilər
Görünüş
Məzəni bilər Müəllif: Zinhari |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
İnsan dünyaya gəlincə,
Əvvəl süd məzəni bilər.
Beş yaşda oynayıb gülsə,
Çarx vurub gəzəni bilər.
Yeddidə mollaya varsa,
Kəlamı alıb yürürsə,
On dördündə kitab görsə,
Xətt oxur, yazını bilər.
Adam yetsə on beşinə,
Hər xəyal gələr başına.
Yetsə on altı yaşına,
Ol qamət-azanı bilər.
Otuzunda yelib-yortar,
Qırxda könlün yaxşı dartar,
Əlli-altmışda dərdi artar,
Ondan son (sonrasını) əzanı (əzası) bilər.
Yaş varıb yetsə yetmişə,
Könlə gələr yüz əndişə,
Səksəndə yaramaz işə,
Gələcək qəzanı bilər.
Zinhari dilər imanı,
Hər kəs ölər, yox gümanı,
Adamın ayrılsa canı,
Bu dünya uzanı bilər.