Məzmuna keç

M. Ə. Rəsulzadənin Amerikanın səsi radiosundan Azərbaycan xalqına müraciəti (1953)

Vikimənbə saytından
Amerikanın səsi radiosundan Azərbaycan xalqına müraciət (28 may 1953)
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
Müraciətin səs yazısı

Əziz Vətəndaşlarım!

"Amerikanın Səsi" radiosunun verdiyi imkanlardan istifadə edərək, bu gün, Azərbaycan tarixinin ən böyük günü olan 28 mayısda sizlərə xitab edirəm. 100 il sürən çar əsarətindən sonra, bundan 35 il əvvəl Azərbaycan Şurayi-Millisi Azərbaycan Cümhuriyyətinin istiqlalını bütün dünyaya elan etdi. Bu tarixə qədər bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı bu tarixdən etibarən millət olaraq bir dövlət qurmuş və bu dövlətin istiqlalı bütün mövcudiyyəti ilə meydana atılmışdır. Mədəni böyük bir tərəkəyə[1] malik olan vətənimiz siyasət sahəsində çox böyük və dəyərli həmlələr göstərmişdir. İstiqlal uğrunda yapılan tarixi savaşların ən qanlısı 19-cu əsr başlarında Rusiya Çarlığına qarşı yapılmışdır. 30 il qədər sürən bu savaş qəhrəmanlıqlarla doludur. Cavad xanın 1904-də[2] Gəncədəki şanlı qəzası[3] dillərdə dastandır. "Ölmək var, dönmək yoxdur". Bu həqiqi vətənpərəstlərin tətbiq etdikləri ən müqəddəs bir şüardır.

28 mayıs 1918-də istiqlalını elan etməklə Azərbaycan, tarixinin təbii bir nəticəsini fikirdən işə keçirdi. Eyni zamanda o, zəmanəyə hakim olan əsrin böyük şüarından istifadə edirdi. “Hər millət öz müqəddəratını özü həll etməyə səlahiyyətdardır” düsturunda xalqın ümumi rəyinə uyaraq istiqlalını elan edirdi. İstiqlal elanı üzərinə qurulan Milli Azərbaycan Hökuməti az zamanda məmləkətdə çox böyük işlər gördü. 100 ildən bəri əsgərlikdən mən edilən[4] Azərbaycanda bir ordu yaratdı. Çarlıq zamanında dövlət idarəsinə yaxın buraxılmayan azərbaycanlılardan zabitə və əmniyyət qüvvətləri vücuda gətirdi. Sosial sahədə əsaslı islahata girişdi. Kəndçilərə torpaq vermək üçün qanunlar hazırladı. Fəhlələrin haqlarını qorumaq üçün tədbirlər aldı. Xalqı öz ana dilində oxutmağa başladı. Türkcəni dövlətin rəsmi dili elan etdi. Orta və ali məktəblər açdı. Qərbi Avropa demokrasiyaları tipində, xalq nümayəndələrinə cavabdeh bir hökumət üsul-idarəsi yaratdı. Hakimiyyət Millət Məclisinin əlində idi. Parlamentdən etimad almadıqca, heç bir hökumət iş başında qala bilməzdi. Məmləkətdə tam bir azadlıq vardı. O zaman indi sovet zamanında olduğu kimi terror deyilən şeydən heç bir əsər yoxdu. Şəxslər də, məskənlər də əmin və amanda idi. Vətənin qapıları indi olduğu kimi bütün dünyaya qapalı deyildi. Hər azərbaycanlı istədiyi zaman hara istərsə gedərdi. Qonşu və Avropa dövlətləri ilə dostluq münasibətləri təsis edilmişdi. Bütün millətlərlə alış-veriş vardı. Bütün bunların nəticəsində idi ki, cümhuriyyətimizin istiqlalı Avropa dövlətləri ilə Birləşik Amerika tərəfindən tanındı. Onları təqibən böyük bir çox dövlətlər dəxi istiqlalımızı tanıdılar. Türk və müsülman dünyasının bu ilk cümhuriyyətini qardaş və qonşu məmləkətlər dəxi tanıdılar. Türkiyə ilə İran Azərbaycanla münasibətə gəldilər. Aralarında dostluq və qardaşlıq müahidələri[5] imzalandı. 12 yanvar 1920 cümhuriyyətin dövlətlər tərəfindən tanınması günü idi. Bu günü Azərbaycan xalqı candan bayram etdi. Haqlı idi. Bu, həqiqətən böyük bir bayramdı. Çünki, bu gündən etibarən Azərbaycan davası Rusiyanın bir iç məsələsi olmaqdan çıxmış, millətlərarası bir məsələ olmuşdur. (2) Mədəniyyət tariximizin şanlı fikir adamları tərəfindən alqışlanan azadlıq və istiqlal fikri məmləkətimizdə yerləşir və bu, iləri dünya demokrasiyası tərəfindən də təqdir ilə qarşılanırdı. 100 ildən bəri üstümüzə çökən istibdad və istila xəyulası[6] artıq bizdən uzaqlaşırdı.

Kəsilən hissə (2)

Heyhat! Qədərin[7] imtahanları tamam deyilmiş. Qanlı çar istibdadının yerini bu dəfə ondan daha qanlı bolşevik istibdadı tutdu. Bala azadlıq və istiqlalımız qızıl istilaçıların ayaqları altında əzildi. Müqavimət edən məmləkətdə qan gövdəyə çıxdı. Bundan bir ay əvvəl, 28 apreldə sovet propaqandaçıları bu fahiş[8] istila hadisəsini sizə bir azadlıq və istiqlal hadisəsi kimi göstərdilər. Sözdə, sizə dünyanın ən azad və demokrat bir rejimi kimi qələmə verilən sovet quruluşu işdə ən qəddar və ən yalançı bir istibdad rejimidir. Müqayisə etmək imkanında olsaydınız, bunun nə qədər doğru olduğunu gözünüzlə görərdiniz. Azadlığınızı əlinizdən alanlar millətdən qorxmurlarsa, dəmir pərdəni qaldırsınlar, azadlıq elan etsinlər. Edə bilməzlər. Çünki, ağla qara meydana çıxar. Onlar şəptərə[9] kimidirlər, günəşdən qaçarlar.

Azərbaycan və onunla bərabər bütün Qafqasya cümhuriyyətləri həqiqi azadlıq və istiqlallarına 1918-in mayısında qovuşdular. 1920-də isə bu azadlıq və istiqlal Qızıl Rus Ordusu tərəfindən üstün qüvvətlərlə, qanla və atəşlə basdırıldı. Faciələr və qəhrəmanlarla dolu olan bu mücadilədə on minlərlə vətəndaş şəhid oldu. 1920 istilasına qarşı 1918 istiqlal haqqını müdafiə edən Qafqasya millətləri indi 33 ildir ki, müxtəlif vasitələrlə mücadilə edirlər. Zaman-zaman dramatik şəkillər alınan bu mücadilədə vaxtı ilə yalançı kommunist şüarlarına aldanan yol azmış bəzi vətəndaşlar belə bu gün həqiqi millətçilər və vətənpərəstlər cəbhəsinə keçmişlərdir. Yabançı istilası üzərinə əcnəbi məmləkətlərə sığınmış olan Qafqasya immiqrantları milli istiqlal davasını mədəni dünya əfkarı-ümumiyyəsinə[10] anlatmaqdadırlar. Bu vəzifəni ifada nə kimi müşküllərə uğradığımızdan burada bəhs etmənin yeri deyildir. Bu qədər demək lazımdır ki, sovetlərdə kommunist rejiminə düşən millətlərin hər cürə haqq və hüquqdan məhrum qullardan ibarət cəmiyyətlər halına gəldiyini azad dünyaya anlatmaq çox qolay[11] olmamışdır. Şükür ki, hadisələr bizə kömək edir. Dünya sovet həqiqətini görməyə başlayır. 8 ildən bəri hərbi bitirmiş ikən sülhə qovuşa bilməyən dünya artıq məsələni anlayır. Bilir ki, azadlıq və insan haqlarını inkar edən kommunistlər müəzzəm[12] bir dövlət halında ayaqda durduqca və dünyanı inqilab atəşilə yandırmaq üçün könlü çəkdikcə yer üzündə heç bir zaman sülh və asayiş buluna bilməyəcəkdir.

Azadlıq cahanşümul[13] bir fikirdir. Bir tək əsir insan, bir tək əsir millət baqi qaldıqca [14], dünya həqiqi azadlıq və əmniyyət[15] üzü görə bilməz. 1918 mayısındakı tarixi qərarları ilə azadlıq denən Birləşmiş Millətlər cəbhəsində yer alan Qafqasya millətlərinin müqəddəratları[16] azad millətlərin müqəddəratları ilə bağlanmışdır. Rusiyadan ayrılmanın bir irtica, başqalarından ayrılmanın bir inqilab olduğunu söyləyən sovet diktatoru Stalin ölmüşdür, amma onun iki üzlü sistemi stalinizm hələ ayaqdadır. Bu sistem gün keçdikcə dünya həqiqətləri ilə daha çox qarşılaşmaqda, haq ilə batil, yalanla doğru üz-üzə gəlməkdədir.

Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918 28 mayıs kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz vətəndaşlar!

Üçrəngli istiqlal bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər cürə qorxu və təhdid altında qəlbləri istiqlal eşqiylə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 Mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti, şairin deyişiylə dilə gətirirəm:[17]

Sən bizimsən, bizimsən, durduqca bədəndə can,

Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!

Qeydlər

[redaktə]
  1. Tərəkə - miras
  2. Rəsulzadə burada nitq xətası edib. Rusiya İmperiyası Gəncə Xanlığını 1804-cü ildə işğalı etmişdi.
  3. Qəza - savaş
  4. Mən etmək - qadağan etmək, icazə verməmək, qoymamaq
  5. Müahidə - əhdnamə, müqavilə, saziş
  6. Xəyula - xəyal
  7. Qədər - tale
  8. Fahiş - "çox böyük" mənasında deyilib.
  9. Şəptərə - yarasa
  10. Əfkarı-ümumiyyə - ictimai fikir
  11. Qolay - asan
  12. Müəzzəm - əzəmətli
  13. Cahanşümul - bütün dünya üçün əhəmiyyətli; bütün cahana şamil olunan
  14. Baqi qalmaq - yaşamaq, davam etmək
  15. Əmniyyət - əmin-amanlıq
  16. Müqəddərat - tale
  17. Burada Əmin Abid Gültəkinin "Can Azərbaycan" şeirindən sitat gətirir.