Mahi-tabandır üzün, ey afitabi-xavəri
Görünüş
(Mahi-tabandır üzün, еy afitabi-хavəri səhifəsindən istiqamətləndirilmişdir)
| Mahi-tabandır üzün, ey afitabi-xavəri Müəllif: İmadəddin Nəsimi |
Mahi-tabandır üzün, ey afitabi-xavəri,
Təl’ətindən münfəildir şəmsü mahü Müştəri.
Zöhrədir alnın, nigara, qaşların qövsi-qüzeh,
Xətti-səbzin zülfün ilə Cəbrəilin şəhpəri.
Ərşi-ə’zəmdir cəmalın, sidrə boyun, ey günəş,
Surətin cənnati-ədnin, ləblərindir kövsəri.
Müshəfi-həqdir üzün mə’ni içində bixilaf,
Zülfü qaşü kirpigindir ol kitabın xətləri.
Görk içində fərdi-yektasan, əya məhbubi-dil,
Şol cəhətdən səcdə qıldı hüsnünə hurü pəri.
Dil bəri qıldım sənin qeyrindən, ey can parəsi,
Anın üçün, çün sən oldun xəstə könlüm dilbəri.
Ey Nəsimi, səcdə qıl hüsnünə qarşu dilbərin,
Çünki, xublar surətidir həq-təala məzhəri.