Məzmuna keç

Maralım (Şair Nəbi Borçalı)

Vikimənbə saytından
Maralım
Müəllif: Nəbi Miskin
Müsəddəs
Mənbə: Şair Nəbi Borçalı. Sığındım Mövlaya. Bakı, “Çıraq” nəşriyyatı, 2013

Ağ üzündən bir busə ver, gəl eylə savab maralım.
Sağrı başmaq, şümşad ayaq, həmsə corab maralım.
Dağılıb təbim pozulub, çəkirəm əzab maralım.
Tökülüb çeşmim yaşı, olubdu selab, maralım.
Yandırdın ciyərimi, elədin kabab, maralım.
Bir bu qədər sitəm olmaz, hardadı insaf, maralım.

Süst edib məhəbbətin, əsərindən ərinərəm.
Gözləyirəm yol-bərəni, yelin dəysə sərinərəm.
İtirmərəm haqqı-sayı, dost bağında görünərəm.
Əl uzadıb meyvəsindən, barın dərib barınaram.
Yoxdu canımın tağəti, dizim üstə sürünərəm,
Rəhmə gəl, tut əlimdən, eyləmə qəzəb maralım.

Dayanmışam hüzurunda, yeniyetmə növcavanam.
İsmini əzbər etmişəm, gecə-gündüz mən ananam.
Mayılam qaş-gözünə, yayı çəkilmiş kamanam.
Dolanıram ətrafında, yandıran sən, mən yananam.
Sən baharın bənövşəsi, qiymətini mən qananam.
Şair Nəbi namə yazır, istəyir cavab, maralım.