Maral dağı

Vikimənbə saytından
Rəvayətlər. Maral dağı
Müəllif: Şifahi xalq ədəbiyyatı


Başkeçidin Duluç kəndində bir kişi, bir arvad yaşayırdı. Bunlar ər-arvad idi. Kişi ovçuydu. O, hər gün meşəyə gedirmiş, oradan quş, heyvan ovlayırmış. Bir dəfə kişi arvadını meşəyə aparır. Ovçu arvadı ilə meşədə bir qədər gəzdikdən sonra bir bulağın başına gəlirlər. Elə bu zaman onlar bulağın başında bir Ana Maral görürlər. Ovçu istəyir ki, Maralı vursun. Arvadı onun əlini tutub saxlayır. Maralı vurmağına izn vermir.

Bundan sonra onlar hər gün meşəyə gedirlər. Ana Maral da onların qabağına çıxır. Bir gün ovçu bərk xəstələnir. Daha meşəyə gedə bilmir. Ana Maral təşvişə düşür, nigarançılıq keçirir. Ana Maral bir neçə gün də onları gözləyib ovçunun evinə gedir. Gəlib görür ki, ovçu xəstələnib evdə yatır. Maral geri qayıdır. Sabah arvad durub görür ki, qapının ağzında bir qabda süd var. Onlar bu işə çox təəccüblənirlər. Sonra bilirlər ki, bu, Maralın işidir. Arvad hər gün südü kişiyə verir. Bir neçə gün belə keçir. Ovçu tamam sağalır. Bir neçə ildən sonra da arvad xəstələnir. Ana Maral kişiyə necə süd verirdisə, indi də arvada hər gün süd qoyub gedir. Nəhayət, arvad da yaxşılaşıb ayağa durur.

Sonra ər-arvad qocalıb ölürlər. Onları aparıb bir dağın başında basdırırlar. Hər gün Ana Maral öz sürüsü ilə bu dağın başına çıxar, məzarların başına dolanıb gedərmiş. Ona görə də bu dağa “Maral dağı” deyirlər.

Mənbə[redaktə]