Maral qayası

Vikimənbə saytından
Maral qayası
Müəllif: Şifahi xalq ədəbiyyatı


Qədim zamanlar Borçalı çökəyində çaylaqda bitən sulqun ağaclardan başqa arada uzanan ərazidəki Babakər dağları tamam qalın meşəlik imiş. Burada hər cür heyvan yaşayırmış. Bu yerlərdə gözəl, gur bulaqlar da varmış. Mal, heyvan saxlamaq üçün Babakər dağının döşündə kəndlilərin çoxlu yataqları da var imiş. Kəndlilər qışın sərt gəlməsindən qorxaraq yataqların yanına ot tayaları da yığarlarmış. Vaxt o vaxt olur ki, möhkəm qar yağır, hər yan qalın ağ pambığa qərq olur.

Çöldəki heyvanlar qalın qarda bir yana çıxa bilməyib, batıb qalırlar. Vəhşi heyvanlar üçün ovu tutmaq asanlaşır. Xırda ov heyvanları qurtardıqdan sonra, irilərin üstünə düşürlər. Ancaq qoyun, dana, buzov otaran çobanlar həmişə “Maral qayası” deyilən yerdə bir iri buynuzlu Maralın durub ətrafa boylandığını görürlərmiş. Bir gecə qalın qarda ayaq tappıltısına, it hürüşməsinə çobanlar eşiyə çıxırlar.

Görürlər, buynuzları ağaca bənzəyən, iri gövdəli bir Maralı yalquzaq qovub haldan salıb, axırda Maral qoyun yataqlarına sığınacaq gətirib.

Çobanların səsi çıxan kimi yalquzaq əldən çıxır, itlər sakitləşir. Maral qış ehtiyatı üçün yığılmış ot tayasına yaxınlaşır, yeməyə başlayır. Köpəklər Maralın da keşiyini çəkirlər. Maral üç ay qışı burada yaşayır.

Yaz gəlir, qarlar əriyir. Babakər dağları yaşıla boyanır. Maral öz örüşünü dəyişir, Maral qayasının qoynunda məskən salır. İstilər düşəndə çobanlar başqa yaylağa yollanır. Maral Babakər dağının yamyaşıl otunu otlayıb, sərin bulaqlarının suyunu içib hərdənbir Maral qayasında görünərmiş. Bu hadisəni Babakər dağının ətəklərində dana-buzov otaranlar görüb, el-obaya xəbər verirlər ki, Babakər dağının zirvəsindəki qayanın başında bir maral var.

Cavanlardan bir neçəsi kəhərlərini minib maral ovuna hazırlaşdılar. Pusquda durdular. Xam olduqlarına görə bir əncam edə bilmədilər. Bir neçə təcrübəli adam da bu cavanlara qoşulub həmin qayanı mühasirəyə aldılar. Maral qayanın başından elə atıldı ki, quş kimi uçub əldən çıxdı. Elə o vaxtdan Babakər dağının zirvəsindəki qayaya “Maral qayası” deyirlər.

Mənbə[redaktə]