Mayıs
Mayıs (1916) Müəllif: Əhməd Cavad |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Mən hər ildə bir mayısa
Lap çox ümidlər bağlaram.
Hər gələcək mayıs üçün
Nisan ağlar, mən ağlaram.
Düşdüm çorluq biyabana,
Sığınamam bir insana.
Gözəl mayıs ümid səna
Hər yan ağlar, mən ağlaram!
Bax dumana - dağ başında,
Dərdə düşmüş - gül yaşında,
Coşmuş gözlər - yaz başında,
Duman ağlar, mən ağlaram!
Sənsiz bir gül, ya bir şer
Hərdən məni məmnun edir.
Sorsa bir kəs dərdin nədir?
Soran ağlar, mən ağlaram!
Açmazmı gül sağda, solda,
Görünməzmi bəyaz alda?!
Sənsiz böylə, yan yolda,
Qalan ağlar, mən ağlaram!
Olmadan axşam əzanı,
Yola çıxart yol azanı.
Kəsmiş yolu dərd tufanı,
Karvan ağlar, mən ağlaram!
Səccadəyə alın sürtən,
Birlikdə bir cənnət görən,
Haqq yolunda Xəlil verən
Qurban ağlar, mən ağlaram!
Boş çıxarsa bunca əmək,
Babalarca bu nə demək?!
Qədərmidir, yoxsa fələk,
Duyan ağlar, mən ağlaram!
Xoş hər mayıs batmaz yasa,
Hər zamanmı mənə taza?!
O gün də bir gün olmasa,
Vicdan ağlar, mən ağlaram!