Mehri-rüxün tabına düşdü könül yanədir
Mehri-rüxün tabına düşdü könül yanədir Müəllif: İmadəddin Nəsimi |
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.222. |
Mehri-rüxün tabına düşdü könül yanədir,
Şəm’ə düşən narına yansa gərək, ya nədir?
Ey məhi-bədrin üzü mehri-rüxündən xəcil,
Şəm’inə gör canımı kim, necə pərvanədir?
Zülfü rüxün sirrini bilməyənə aydıram:
Küfr ilə imanımız, Kə’bəvü bütxanədir.
Nəqşi-xəyalın məni nəqşü xəyal eylədi,
Münkiri-eşqin gözü ikiligə yanədir.
Cami-səqahüm içər dilbər əlindən müdam,
Kim ki, anın saqisi nərgisi-məstanədir.
Çünki vüsalınlayam leylü nahar, ey sənəm,
Cami-Cəm uş məndədir, mülki-Süleyman nədir?
Lə’li-ləbinlə gözün mey içirərlər mana,
Mən necə məst olmayam, çün iki peymanədir?
Dünyavü üqbayı mən vəslinə dəyişmişəm,
Assisinə min başım can ilə şükranədir.
Eşqi-rüxün məskəni xəlvətidir könlümün,
Gənci-həyatın yeri gör ki, nə viranədir.
Düşdü Nəsimi saçın həlqeyi-zəncirinə,
Düşməyən ol həlqəyə, gör ki, nə divanədir.