Meyvələrin söhbəti
| Meyvələrin söhbəti Müəllif: Məhəmməd Füzuli |
Rəvayət dənizlərinin üzgüçüsü,
Hekayət səhralarının səyyahı
Rəvayət dənizində üzən zaman,
Hekayət səhrasını gəzən zaman,
Bu nəzm ilə belə incilər düzmüş,
Belə əda ilə xəbər vermişdir
Ki, bir siması gözəl,
İdrakı kamil və təbii rəvan,
Şeylərin nitqini başa düşən,
Hər dili anlayan bir adam var idi.
Dördüncü səmanın padşahı olan günəş
Öz şüalarını aləmə yaydığı zaman,
O şəxs hər tərəfə nəzər salıb,
Yaşıl çəmənləri seyrə çıxanda,
Gördü ki, zəmanə başqa cür dövr edir;
Dünya başqa cür bəzənmişdir.
Onun xəyal qapıları açıldıqda
Gördü ki, ölmüş bitkilər cana gəldi,
Çəmənlərdə başqa büsat quruldu,
Bitkilər, güllər öz köynəklərini yırtdılar,
Ətrafı nəşə bürüdü;
LALƏNİN qəlbinə dağ vuruldu,
NƏRGİZ göz açıb bağa girəndə,
Bu aləmi görüb özünü itirdi;
BƏNÖVŞƏ qibtə edərək boyun əydi;
Və mey nəşəsindən xumarlandı.
QÖNÇƏ də yaxasını açıb güldü,
BÜLBÜL ona baxıb şadlandı.
Bağı qızılgüllər doldurduqda,
Bülbüllər naləvü fəğanə gəldi.
Xülasə, çəmənlər belə bəzəndiyi zaman,
Xoş və təzə geyindi yasəmənlər.
O pak ürəkli adam, gülşəni
Və bağı gəzməyə başladı.
O, bir bağa girib
Hər meyvəyə nəzər salanda,
Gördü ki, meyvələrin hər birisi
Özünü öyüb fəxr edir:
ALÇA allaha şükür edib belə deyirdi:
— Dünyada kim mənə bərabər ola bilər?
Mən titrətmə-qızdırmaya şəfa verirəm.
Ağzı acı olana səfa verirəm.
Kim məni yesə baş ağrısı keçər,
Bu fikri həkimlər təsdiq edirlər.
ALÇA sözlərini bitirən kimi,
ALI hirslə özünü yetirdi.
O, ALÇAYA hiddətlə dedi:
— Ey zavallı, nə utanmayıb belə
fəxr edirsən?
Sən ki turş və xoşa gəlməzsən!
Bütün meyvələr içində sən ən
xəstə hesab olunursan.
Səni kim yesə dişləri qamaşar,
Əhvalı xoş olanların canına rütubət çökər.
Kim səni yesə o,
İflic kimi xəstəliyə tutular.
Allah təsadüfi olaraq
Mənə ALI adını qoymamışdır.
Mən qulağı sırğalı qələndər kimi,
Yüz min tərəfə qol-budaq atmışam.
Mən gah yaşıl, gah qırmızı oluram,
Gah al, gah ağ, gah da zəfəran rənginə boyanıram…
GİLAS onun səsini eşidib,
Sözünü ağzında qoydu,
Və hiddətlə belə dedi:
— Ey alçaq, yaramaz, utanmırsan?
Həya atəşinə yanmırsanmı?
Ki, özünü belə tərifləyirsən?
Yum ağzını ki, həddini çox aşdın,
Kim səni yesə həll edə bilməz,
Gərək üstündən üç dəfə bal yeyə.
Amma, allah məni yaradanda,
Bədənimə belə gözəl paltar geyindirdi,-
Heç bir daş-qaş mənə tay ola bilməz.
Mənim bədənim kimi bir inci varmı?
Mən Zöhrə və Müştəri ulduzları kimiyəm.
Gah mələk, gah pəri oluram,
Hər budağım sərv ağacı kimidir,
Bütün gözəllər məni arzulayar…
QEYSİ bunu eşidib nərə çəkdi,
Dedi:-Gilasa bax a! Gör necə qudurmuşdur?!
Ey zəmanənin ən alçağı!
Ey qarğaya, sığırçına yem olan,
Nə özünü öyüb fəxr edirsən?!
Sən ki bir qətrə su, bir də sümük parçasısan,
Kim səni yesə ancaq ziyan görər.
Səni bağbanlar qurutsa iflasa uğrayar,
Buna görə də dünyaları yaradan,
Mənə QEYSİ adını vermişdir.
Mən gah zümrüd kimi yaşılam,
Gah da bədənim qızıl kimi parlayır.
Bağbanlar məni qurutsalar,
Bütün karvan əhlinə yem olaram.
Məni hara aparsalar əzizləyərlər;
Hər yeməyə qatsalar yayaram.
Elə ki ALMA qeysidən bu sözləri eşitdi,
Hirsindən cuşə gəldi, dedi:
— Ey qarnı vərəmli, sinəsi yırtıq,
Ey paltarı tozlu, torpaq dadı verən!
Bu xasiyyətlə nə özünü öyürsən?
Kim səni yesə qarnı köpər,
Özü bəla dənizində qərq olar.
Sən cürbəcür bəla və sövda xəstəliyi törədirsən,
Səni yeyən bu xəstəlikdən canını qurtara bilməz.
Amma dünyaları yaradan qadir allah
Meyvələri yaradarkən mənə ALMA adı qoydu,
O mənim üzümü qızartdı.
Həm əynimə atlasdan don geydirdi.
İki sevişənin arasına məni məhrəm etdi,
Heç kəs dünyada məndən qabağa keçə bilməz.
Mən nazənin gözəllərin peykiyəm.
Mən ayüzlü aşiqlərin qasidiyəm.
Mənim vasitəçiliyimə söz ola bilməz,
Mənalar ifadə etməkdə mənə bərabər tapılmaz.
Yarın xəlvət məclisində sirr saxlayanam,
Mən məşuqəni aşiqə yetirirəm.
Hər bir məclis qurulanda,
Məni bütün meyvələrin tacı edərək,
Başqa meyvələrə məhəl qoymazlar.
Alma belə yüz cürə fəxr edərkən,
ARMUD meydana atılıb dil açdı:
— Ey zəmanənin başına bəla olan,
Ey şeytanın əlində fəsad aləti olan!-
Sən fəxr etməyə layiq olsan da,
Bəs nə üçün sənə "alma" ad qoyublar?
Sən yaxşı olsaydın sənə "al" deyərdilər,
Amma, o qadir allah
Mənə belə gözəl ARMUD adı qoymuş,
Mənə gözəl xasiyyətlər bəxş etmişdir.
Məni yeyənlərə sağlamlıq verirəm.
Hər xəstəyə şəfa verirəm,
Hər kəsə mən gözəllik, səfa verirəm.
Armud özünü belə tərifləyərkən,
Öz nöqsanlarını görə bilmirdi.
Birdən, ÜZÜM onun səsini eşidib,
Bir məğrur gülüşlə
Armuda dedi:
— Ey xəstəlikdən rəngi saralan!
Başının böyüklüyü gücünün azlığını göstərir.
Sən özünü belə təbib adlandırma,
Səni ancaq xəstələr yeyir,
Əgər səndə təbiblik qabiliyyəti varsa,
Əvvəlcə öz başına əlac elə!
Öz xəstəliyini sağalda bilsən,
Başqa xəstələrə də şəfa verə bilərsən.
Amma o qaranlıqları nurə qərq edən
Mənə ÜZÜM adını qoyub,
Özümə də cürbəcür xasiyyətlər bəxş edib.
Xəstələrə sağlamlıq verən də mənəm,
Mən həm səbzə, həm məvic, həm də kişmişəm.
Meyvələr içində ən dadlı mənəm,
Al şərabı məndən düzəldirlər.
Ürəklərə şadlıq və kef verən mənəm.
Mən vəfa məclisinin saqisiyəm,
Səmimiyyət məclislərini bəzəyən mənəm.
Turşu ilə yanaşı oturan,
Halva ilə yan-yana qoyulan mənəm.
HEYVA bu söhbəti eşidib,
Hirsindən sapsarı oldu.
Üzümə hiddətlə baxıb dedi:
— Yum ağzını, dilin qurusun,
Sənin işin qəm, kədər yaratmaqdır,
Bu tərifli sözlərin öz nöqsanlarını göstərir.
Axı sən kiminlə birləşsən,
Bir cam mey ilə onu fərəhləndirsən,
Onun şadlığı tez qəmə dönər.
Dərdinin üstünə bir dərd də sən qoyarsan.
Hər kim qadağan olunmuş işə əl qoydu,
Dünyada özünü bədnam edər.
Onun ağlı da başından oynar,
Cəhalət əlində əsir olar.
Dövlətlilərin pulu (qızılı) əlindən çıxar,
Kasıbların həyası yox olar.
Bütün müşkülləri həll edən
Mənə HEYVA adını qoydu.
Məndə gözəl rəng və ləzzət var,
Məndə şöhrətli ləqəb və ad var.
Mənim ətrim bağı-bağçanı bürüyər,
Məni əzizləyərək tağa-tağçaya düzərlər,
Məni hər diyara sovqat apararlar.
Məni gözəllərə hədiyyə verərlər.
Heyva özünü belə təriflərkən
NARINC heyvaya üz tutub çığırdı:
— Sus, sus, heç utanmırsan?
Sənin paxıllıq və kindən rəngin saralıbdır,
Məgər özündən heç xəbərin yoxdur?
Xalq sənə min tənə vurar,
Dediklərinin sənə heç dəxli yoxdur.
Sənin qarnında qurd var,
Bütün bədənin qurdlara yuva olmuşdur.
O təriflərin sənin özünü məzəmmət eylər,
O sözlərin özünə lənət oxuyar.
O gecəni-gündüzü yaradan,
Mənə NARINC adı qoymuşdur.
O mənə lütflə belə ziynətli paltar geyindirdi.
Mən də öz paltarım və gözəlliyimlə fəxr edirəm.
Mənə lütfilə məmə şəkli vermişdir ki,
Bütün kişilər məni ürəkdən sevsinlər.
Narıncın sözünü TURUNC kəsib dedi:
— Ey yaramaz! Sən donunla fəxr edirsən?
Eşşəyə də yaxşı çul örtsələr,
O çulda min nəqşə və bəzək olsa da,
Eşşəkliyi yenə dəyişməz,
Heç vaxt adam ola bilməz.
Dünyanı yaradan allah
Mənə TURUNC adı veribdir.
Mən şahlar təamı üçün şərbətəm,
Yemişlərin isə padşahı mənəm.
Bağ meyvələrinin adı yazılanda,
başda məni yazarlar.
Çünki meyvələr içində mən işıqlı çırağam.
Nə qədər özümü tərif etsəm yenə azdır,
Çünki mən həmişə yaşıl və təzəyəm.
Bu sözləri NAR eşidib, anlayanda,
Ağzını açıb, gülümsünməyə başladı
Ki, Narınc geyim və rənginə görə,
Turunc da yaşıl və təzəliyinə görə
özlərini tərifləyirdilər.
Dedi:-Bu boşboğazlıqlar nəyə lazımdır?
Bu arzu və təriflər faydasızdır.
Əgər hörmət və naz rəngdədirsə,
Rəngdə kim mənim gülümə çatar?
Hər kəs tərifləməli bir şey düşünsə,
Məndə olan turş-şirinliyi təriflər.
Mən özümü tərifə ehtiyac görmürəm,
Özümü təsvir etməyə də meylim yoxdur,
Çünki mən behişt meyvəsiyəm.
Buna görə də mənə NAR deyilir.
Bu dünya meyvələrilə məni müqayisə etmək olmaz,
Mənim doğulduğum yer cənnət bağıdır.
Narınc da, Turunc da mənim nökərlərimdir,
Heyva da, Alma da qulluqçularımdır.
Mənim hər danəm bir lələ bənzəyir,
Bütün cəvahirat ona heyran qalıbdır.
Nar özünü belə təqdim edərkən,
Bağda onun sözlərini XURMA eşidən kimi,
Acıqla o dəm ayağa durdu,
Hirslə Nara belə tənə vurdu:
— Ey behişt bağından dəm vuran,
Mən səndən heç də əskik deyiləm,
Məni peyğəmbərlər həvəslə yeyirlər.
Bütün dindarlar orucu mənimlə açırlar.
Əcəm və ərəb ölkələrində ən
məşhur meyvə mənəm,
Mənim əsil-nəsəbim hamıya məlumdur.
Bütün xalq mənim müştərimdir.
Misir və Şam ölkələrinə səfər edən mənəm.
Mən bütün sevimlilərin sevgilisiyəm,
Buna görə mənə bir çox ləqəb qoyublar:
Xəstavi, Zahidi, Müfəttəl,
Əşəmi, Müfərcəl mənim ləqəblərimdir.
Xoş mənzillərdə hazıram mən,
Məşhədilərdən heç vəqt ayrı olmaram.
Məni yar məzarına sürtərlər,
Məni hər diyara töhfə apararlar.
Elə ki, Xurma öz sözlərini qurtardı,
Yüz hiddətlə BADAM dilə gəldi,
Xurmaya dedi:-Ey dünya avarası,
Səni vurmaq üçün bu beyt kifayətdir:
Gah bağdadlısan, gah İsfahanlı,
Bütün dünyada bir vətənin yoxdur.
Özünü tərif edəndə həddini aşdın,
Sənin sözlərin lap məni əritdi, sus!
Məndə cürbəcür xasiyyət var,
Onları şərh etməyə dilim gəlmir.
Axı nəbat, noğul, halva
Mənim varlığımla əmələ gəlir.
PÜSTӘ bu sözləri eşidəndə ağzını açıb,
BADAMA belə sataşmağa başladı:
— Ey ağzı həmişə kinindən bağlı qalan,
Ey üzü pisliklə örtülü olan,-
Səndə bir zərrə də səxavət yoxdur!
Amma hədsiz dərəcədə xəsissən.
Min daş başına dəyməsə,
Qənnadiyə bir dənə pay verməzsən.
O qaranlığı, işığı yaradan,
Mənə Püstə adı qoyubdur.
Mən qönçə kimi ağzımı açıram,
Hər məni istəyənə dənəmi təhvil verirəm.
Bu sözləri HÜLÜ, ŞAFTALI, İYDӘ,
ŞABALID, FINDIQ, İNNAB, TUT,
ALBALI, ƏNCİR, ZOĞAL, QOZ, LUMU,
GİLƏNAR eşidib hər biri başqa cür
Əfsanə ilə özünün üstünlüyünü
Sübuta çalışdı…
O xoş sifətli kişi nəzər salanda
Gördü ki, bağda böyük bir qovğa var.
O, gəlmişdi bu bağı seyr edib,
Ləzzət alaraq bir az dincəlsin.
Gördü ki, bağda bu qovğa içində
ləzzət və rahatlıq yoxdur.
Fikrini dəyişib geri döndü,
Evə getmək istərkən yolu
bostandan düşdü.
O, bostanı da belə iğtişaşda gördükdə,
Az qaldı bütün dünyadan əl çəksin.
Çünki, XİYAR allaha şükr edərək
Deyirdi: Mən dünyada ən haziq həkim yarandım,
Məni yeyən xəstənin hərarəti keçər.
Mənim tərifim üçün bu beyt kifayətdir:
Mən qızdırmanın dərmanıyam,
Bütün ağrılara şəfa verirəm…
GƏRMӘK Xiyardan bu sözü eşitcək
Dedi:-Ey cəfakar!
Bu tərif sənə heç yaraşmır,
Səndə ləzzət deyilən şey yoxdur,
Dadın camış ətinin dadına bənzəyir.
Sənin özünə çıxdığın sifətlər
Təkcə mənə aiddir.
Xəstələrə şəfa,
Ürəklərə səfa verən mənəm.
Hər xörəklə mən uzlaşıram,
Hər cür məzac ilə müvafiqəm.
Gərmək daha yüz əfsanə deyib susanda,
QARPIZ cuşə gəlib,
Dərya kimi təlatüm etdi,
Nərə çəkib dedi:
— Bu xasiyyətlər məgər məndə yoxdur?
Mən sinələrə səfa verirəm,
Mən gözlərə cila verirəm.
Səfrayə, qızdırmaya dava mənəm,
Baş ağrısını dərhal aparıram.
Dadım ləzzətli, rəngim al-qırmızı,
Suyum isə Kövsər suyu kimidir.
Xəstələri mən sağaldıram,
Bütün naxoşluqları aparan mənəm, mən.
Qarpız hələ də özünü təriflərkən
QOVUN tab gətirməyib çığırdı.
Çünki o, Qarpızı özünə vəzir etmişdi,
Gərməyə də vəkillik vəzifəsi tapşırmışdı.
Xiyarı o, özünə qapıçı qoymuşdu.
Şamamanı qarşısında qulluqçu təyin etmişdi,
Tez bostançıya əmr edib
Onların hamısına cəza verdirdi
Əvvəlcə Xiyarın dərisini soydurdu,
Və əlindən bütün ixtiyarını aldı.
Gərməyə bir neçə yara vurdurub,
Cismini parça-parça elətdirdi.
Qarpızı dərhal şaqqalatdırdı,
Şamamanı da bir kənara atdırdı.
Və dedi:
— Mənəm bu bostanda sizin padşah,
Siz mənim pənahım altındasınız,
Şahların məclisində başda
mən otururam.
Bütün meyvələrin sərkərdəsi mənəm,
Hər kəs məni yeyib vəfat etsə,
O, şəhid hesab olunar.
Ətrim də müşk ətrinə bənzər,
Bəlkə ondan da artıq xoş ətrim var…
Xülasə, bostanda Qovun özünü
o qədər təriflədi ki,
Hirsindən, hikkəsindən bağrı çatladı…
Bütün bunları görən o xoşsifətli kişi,
Bostana da tamaşa etmək istəmədi…
Başa düşdü ki, bu dünyada dilxoşluq yoxdur…
Ona görə dünyanın ləzzətindən əl çəkdi,
Yəqin etdi ki, bu dünya işi nizamsızdır,
Heç kimsəyə etibar yoxdur,-
Birisi tac sahibi,
O birisi ona möhtacdır.
Allah Leyliyə gülrəngli yanaq bəxş edib ki,
Qeys onu görəndə Məcnun olsun.
Yusifə elə bir gözəllik verib ki,
Züleyxa dərdə mübtəla olsun.
Əzrayə elə bir hüsnü-vəcahət verib ki,
Vamiqi ona əsir etsin.
Bu köhnə evin vəfası yoxdur,
Onun dərdi-qəmi, cəfası çoxdur…