Məzmuna keç

Milli bayram

Vikimənbə saytından
Milli bayram (1908)
Müəllif: Firudin bəy Köçərli
Mənbə: Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s.


Budur, beş-altı aydır ki, hörmәtli qonşumuz gürcü millәti artıq ciddi-cәhd, şövq vә hәvәslә böyük bir milli bayramlarının icrasına hazırlaşmaqdadırlar. Bu bayrama, demәk olur ki, tamam millәt hazırlaşır. Böyük, kiçik, arvad, kişi, xәvass vә avam, müәllim vә şagird, hәr bir sinif vә firqә, hәtta mehmanxanalar vә traktirlәrdә qulluq edәn lakeylәr dә milli bayramlarına hazırlaşmaqdadırlar. Bu bayram gürcülәrin mәşhur şairi Akaki Seretelinin әlli sәnәlik yubileyidir ki, bu dekabrın 7-dә artıq cәlal vә tәntәnә ilә Gürcüstanın hәr yerindә icra olunacaqdır. O vaxt biz dә "Tәrәqqi"nin möhtәrәm oxucularına cәnab Seretelinin tәrcümeyi-halından vә asari-qәlәmiyyәsindәn icmalәn mәlumat verәrik. Burada ancaq gürcülәrin bu ittihad vә ittifaqı bizi bir yandan şad edib, bir yandan mütәәllim etmәklә vә dәrin fikirlәrә salmaqla qareini-girami aşna etmәk istәyirik.
 
Әlli sәnә millәtә xidmәt elәmәk, onun ürәyindә gözәl vә pakizә hissiyyatın doğub nәşv-nüma tapmasına sәbәb olmaq, millәtin keçәcәk vә istiqbalını, nicat vә sәadәtini şairanә vә әdibanә nәzmә çәkmәk, әbnayi-millәtin tәlim vә tәrbiyәsinә, ruhani mәişәtinә qulluq elәmәk, әlbәttә, böyük hünәrdir. Әlli sәnә millәt balalarının beşiyini yırğalayıb onlara layla çalmaq, gözәl nağıllar demәk, millәt analarının qәlbindә mәhәbbәt toxumu saçıb o mәhәbbәtlә Gürcüstanın yaralarını sağaltmağı mühәyya etmәk, millәt cavanlarının ürәyindә qeyrәt vә fәdakarlıq hissiyyatına pәrvәriş vermәk, millәt әkinçilәrinin ağır zәhmәtini gözәl mahnılar ilә yüngüllәşdirmәk, әlbәttә, böyük vә әvәzsiz qulluqlardır ki, bunların müqabilindә nә qәdәr hörmәt vә ehtiram olunsa yenә dә azdır. Bu qәdәr vәsfә gәlmәyәn xidmәtlәrin әvәzindә hәr bir maddi müavinәt vә ehsanatdan, hәr qisim töhfә vә hәdiyyәlәrdәn ziyadә şairi xoşhal vә sәadәtmәnd edәn bir şey varsa o da millәtin mәhәbbәtidir. Sereteli cәnablarını bu bimisl sәmimi vә mәnәvi töhfә ilә biz tәbrik edә bilәrik. Doğrudan da gürcü camaatının ürәyi şairә nisbәt mәhәbbәt hissi ilә doludur necә ki, gürcü millәti sağ vә salamatdır, onun adı dәxi xәyal ilә zindә vә baqi qalacaqdır. Budur, qonşularımızın hal-hәyatda olan şair vә әdiblәri haqqında etdiyi ifayi-mәhәbbәt vә müvәddәt vә izhari-sәdaqәt vә xlusiyyәt! İndi keçәk ölmüş әdiblәrinin üstә.
 
Keçәn sәnәdә sentyabrın 7-dә knyaz İlya Çavçavadzenin tәşyiyi-cәnazәsindә olub, gürcülәrin mütәvәffi әdiblәrinә göstәrdiyi ehtiramı da gördük. Bu qisim ehtiramı vә bu sayaq tәziyәdarlığı, belә ittihad vә ittifaqı bu vaxta kimi biz bir kәsin haqqında görmәmişdik. Cәmi Gürcüstan, demәk olardı ki, böyük bir hüzn vә qәmә, intәhasız bir yasa düçar olub öz şairlәrinin cәsәdi ilә belә ruhani zindәganlıqlarının mayәsini hazırlaşdırdılar ki, qara torpağın altında dәfn etsinlәr. Gürcüstanın hәr yerindәn: uzaq vә uca dağlarından, dәrin dәrәlәrindәn vә qalın meşәlәrindәn deputatlar Tiflis şәhәrinә cәm olub, hәr biri bir növlә izhari-tәәssüf vә zar-tәzәrrö edirdilәr. Әkinçidәn tutmuş әrbabi-qәlәmә kimi, rәiyyәtdәn knyazlaracan, fәqir-füqәradan sәrvәt vә dövlәt әhlinәdәk, hәr qisim sәnәtkar vә әsnaflardan, şagirdlәrdәn, müәllimlәrdәn, qara camaatdan, ruhanilәrdәn, müәllimә vә mütәәllimәlәrdәn, hәr bir firqә vә partiyalardan, sahibi-mәnsәblәrdәn, mütәәddid dәftәrxana çinovniklәrindәn iki yüzәcәn venoklar mühәyya olunub, hәr firqәnin vәkili öz venokunu mәhzun vә qәmgin bir halәt üzrә tәşyiyi-cәnazәdә apardılar. Gürcü qәzetә vә jurnalları başdan ayağa hüznavәr vә әnduhsirişt mәqalәlәrlә dolmuş idi. Hәr yazıçı bir dil ilә, hәr şair bir növhә vә tәranә ilә yetmiş sinnindә mәqtul olunmuş әdiblәrini oxşayırdı....
 
Aya, biz Azәrbaycan türklәrinin seretelilәri vә çavçavadzelәri olmayıbdırmı? Bizim milli şairlәrimiz әrseyi-dünyaya gәlmәyibdirmi? Aya, bizlәr belә möhtәrәm şәxslәrin vücudundan mәhrummu qalmışıq? Bu suallara cavab verib deyә bilәrik ki, bizim dә çox böyük, müqtәdir vә xoştәb milli şairlәrimiz olubdur vә lakin mәtәәssüf onların qәdir vә qiymәti nә öz vaxtlarında vә nә bu halda bilinmәyibdir. Bu vaxtadәk nә Qasımbәy Zakirin vә nә Hacı Seyid Әzim Şirvaninin tәrcümeyi-halları vә әşari-asarı kamalınca öyrәnilmәyibdir. Bu qәflәt vә kәmetinalıq bizim hala cәhalәt vә kәsalәt içrә yaşayıb qalmağımıza böyük bir sübutdur. İndiyә kimi Qasımbәy Zakirin әsәrlәrindәn Adolf Berjenin Leypsiqdә tәb olunmuş mәcmuәsinә daxil olan nәviştәcat vә bәzi qәzәliyyatdan başqa birisi dә çap olunmayıbdır. Hacı Seyid Әzimin әsәrlәrindәn bir parası çap olunubsa da, bir çoxu dәxi tәb vә nәşr olunmayıbdır. Çap olunanları dәxi xeyli biqayda vә bisәliqә tәrtib olunubdur.
 
Әsla lüzumiyyәti olmayan vә tәqazayi-zәmanayә müvafiq gәlmәyәn әsәrlәr mәcmuәyә daxil olduğu [halda], ziyadә әhәmiyyәtli vә lazımlıları unudulub kitaba salınmayıbdır. Nәstәliq xәtti ilә Ünsizadәnin mәtbәәsindә çap olunmuş kitabda hәddәn ziyadә sәhv vә qәlәtlәr vardır, kitabın kağızı alçaq vә cod olmağa görә bәzi yerlәri bir sayaq qarışıq vә bulaşıq xәtlә çap olubdur ki, düz oxunması savad әhlinә dәxi müyәssәr deyil. Budur bizim әvvәlinci şairimizin, milli әdibimizin vә mayeyi-fәxrimiz olan Seyidin әsәrlәrinә vә ya digәrlәrinә olan hörmәt vә ehtiram. Bizim yәqinimizdir ki, әgәr Hacı Seyid Әzim kimi şair, Avropa әhlini hәlә kәnarda qoyaq, bizim qonşularımız ermәni vә gürcü tayfalarının içindә vücuda gәlmiş olsa idi, onun әsәrlәri kәrrat ilә çapdan çıxıb, oxucular arasında bir dәrәcәdә intişar bulmuşdu ki, uşaqdan böyüyә kimi cümlәsi onları oxuyub әksәriyyәti әzbәrdәn bilәrdilәr.
 
Budur, beş ildәn ziyadәdir ki, biz fәqir milli şairlәrimizin tәrcümeyi-hallarına dair әhvalat yığmağa çalışırıq, kifayәtincә mәlumat cәm etmәk bacarmadıq. Hacı Seyid Әzimin, Abdulla bәy Asinin vә mәrhum Mirzә Fәtәli Axundovun vәfatlarına gәldikdә bunların haqqında izhar olunan bietinalığı vә bir dәrәcәdә biәdәbliyi dilә gәtirmәsәk yaxşıdır.... Ancaq mayeyi-tәsәllimiz bu ola bilәr ki, әdiblәrimizin qәdr vә qiymәti öz vaxtlarında vә bu halda bilinmәsә dә gәlәcәkdә qәflәt yuxusundan ayılmış millәtimizin zirәk vә qәdrşünas balaları bilәrlәr vә onların nam vә şöhrәtini uca mәqama qalxızarlar vә bu unudulmuş әsәrlәrini intişar etmәklә adlarını zindә qılarlar. Çünki bizim şüәra cismәn ölüb fövt olublarsa da, ruhәn vә mәnәn hәlak olmayıblar.
 
Farsların Sәdi vә Hafizi diri qalan kimi bizlәrin dә Zakiri, Seyidi, Nәbatisi, Saliki, Arifi, Fәqiri, Kamisi gәrәk diri qalsınlar.
 
Mәrhum Hacı Seyid Әzimin bu beyti ki, onun qәbr daşına yazılıbdır, bizim arzunun gәlәcәkdә nәticә-bәxş olunmasına şәhadәt verir:
 
Mövti-cismani ilә sanma mәnim ölmәyimi,
Seyyida, ölmәrәm, alәmdә sәsim var mәnim!
 
Әlbәttә, bizim dә milli bayramımız olacaqdır!