Min bir bəlaya düşdü, budur əhli-ruzigar
Görünüş
Min bir bəlaya düşdü, budur əhli-ruzigar Müəllif: Abbasqulu ağa Bakıxanov |
Min bir bəlaya düşdü, budur əhli-ruzigar,
Bir saqidir edən məni dünyada payidar.
Heç gizlədə bilərmi könül yar eşqini?
Etmiş bu dərdi çaki-girbanım aşikar.
Sakit deyil könül ki, onun ahu gözləri,
Etmiş xədəngi-tir ilə bu qəlbimi şikar,
Bir ömrdir ki, verdim ona xəstə könlümü,
Mən bilmədim ki, yoxdur ona zərrə etibar.
Daim qəm içrə düşdüm onun vəslin axtarıb,
Oldum əbəs o qaniçənə mən ümidvar.
Verdim firib qəlbimə xabü xəyal ilə,
Bəlkə bir az keçə yüngül bu intizar,
Yada salarmı heç bu əsir bülbülü o şux,
Gülzar içində yan-yana minlərcə Qüdsi var.