Minayəsənmi

Vikimənbə saytından
Minayəsənmi
Müəllif: Aşıq Əsəd
Mənbə: Aşıq Əsəd Rzayev. Sazın-sözün Koroğlusu. Bakı, "Zərdabi LTD" MMC, 2010.

Müddətdir düşmüşəm mən intizara,
Bircə söylə görüm Minayəsənmi?
Zoddu Abdullanı salan azara,
Bircə söylə görüm Minayəsənmi?

Doldurub gətirsən mey piyaləsi,
Canım alır ala gözün şöləsi.
Ay beimürvət biinsafın balası,
Doğru söylə görüm Minayəsənmi?

Əsəd geşt eylədi Bakı, Salyanda,
Vəsfin söylənirdi ol Dağıstanda,
Heç kim olmaz bu şövkətdə, bu şanda,
Doğru söylə görüm Minayəsənmi?