Minaya mənəm
Görünüş
Minaya mənəm Müəllif: Usta Abdulla |
Naqafil ölkənə düşdü güzarım,
Ləhzədə oxuyan min aya mənəm.
Günbəgündən artır dərdi azarım,
Hər dəyqəsi dönən min aya mənəm.
Quranda oxunan min aya vardı,
Həcər nalə çəkdi Minaya vardı.
Musa beytullahdan Minaya vardı,
İsmayıltək gələn Minaya mənəm.
Dost olan dostundan çəkməz ayağı,
Piltə yanar şölə çəkər a yağı.
A beymürvət, a beyinsaf, a yağı,
Bəs niyə demirsən mina, yamənəm.
Abdullaya gətirginən az arı,
Baxt yatanda şan çəkərmiş az arı.
Səni gördü artdı dərdi-azarı,
Beyinsaf demirsən Minaya mənəm.