Məzmuna keç

Minszyan çayında yaşayan əjdaha

Vikimənbə saytından
Nağıllar. Minszyan çayında yaşayan əjdaha
Müəllif: Şifahi xalq ədəbiyyatı


Qədimlərdə Minszyan çayının sahilində mənfur bir əjdaha yaşayırdı. Hər il məhsul yetişən vaxt əjdaha daşqın törədirdi, camaatı qorxudub pərən-pərən salırdı, başlayırdı məhsulu və heyvanları yeməyə. Əjdahanın xeyirxah və həssas bir kiçik bacısı vardı. Adamların ağrısına-acısına baxmağa qızda güc qalmamışdı, çayaşağı üzə-üzə Szyadinə sarı yollandı.

Sehrli gücüylə bitişik dağları araladı, suyun axmasına yer açdı. Qəddar əjdaha bacısının əməlindən xəbər tutub, onu Beş pələng dağına sarı qovdu və dəmir qəfəsə saldı. Özü isə yenidən tufan qopartmağa və adamlara zülm verməyə başladı.

Həmin vaxtlar Du Yuy adlı cavan bir ovçu yaşayırdı. Cavan ovçu camaatın daşqından nələr çəkdiyini görürdü və onlara kömək eləməyi qərara aldı. O, gəzib dolaşır, qarşısına çıxanlardan daşqını rast eləməyin yollarını soruşurdu. Günlərin bir günü dağda bir qocayla qarşılaşdı, qoca dedi: “Daşqının qabağını almaq istəyirsənsə, əvvəlcə qəddar əjdahanı öldür, sonra dağlara yollan və əjdahanın bacısını gilas elə, daşqını ram eləməyin yolunu yalnız bundan sonra biləcəksən.

Ovçu bir çomaq götürüb əjdaha ilə vuruşmağa yollandı. O, əjdahanı elə əzişdirdi, elə əzişdirdi ki, əjdahanın yerindən tərpənməyə heyi qalmadı, dayaz qumsallığa sərildi. Sonra Du Yuy Beş pələng dağına sarı üz tutdu və əjdahanın bacısını xilas elədi. Qız ovçunun niyyətini bilib çox sevindi və daşqını ram eləməkdə əlindən gələn köməyi ondan əsirgəmədi. Adamlar ovçunun xeyirxahlığını unutmamışdılar, xeyirxahlığına görə onu özlərinə hökmdar seçdilər, əjdahanın bacısı isə ona ərə getdi. Du Yuyun məkrli bir əyanı vardı, əvvəllər onlar birlikdə ov ovlayır, quş quşlayırdılar. Du Yuy hakimiyyətə keçəndən, əjdahanın mehriban və göyçək bacısı ilə ailə qurandan sonra əyanın ona paxıllığı tutdu, fikri-zikri taxt-tacı və onun göyçək arvadını ələ keçirmək idi.

Günlərin bir günü bu yaramaz dağlara ova çıxdı, yarasını sağaltmaq üçün dağlara sarı sürünən qəddar əjdaha ilə qarşılaşdı. Bir az fikrə getdi, əjdahayla razılığa gəldi, evə qayıdıb Du Yuya dedi:

– Qəddar əjdaha sizin hər ikinizlə barışmaq istəyir, sizi biriki günlüyə dağlara kefə çağırır.

Əjdahanın bacısı başa düşürdü ki, qardaşı nəsə qəsd hazırlayır, ərini fikrindən daşındırmaq üçün var gücünü işə saldı, amma təmizürəkli ovçu əjdahayla barışmaq istəyirdi və tək-tənha dağlara yola düşdü.

Ovçu dağlara çatan kimi, əjdaha onu yaxaladı və dəmir qəfəsə saldı. Yaramaz əyan, Du Yuyun tutulduğunu eşitdi, eşidən kimi də taxt-tacı ələ keçirdi, arvadı olsun deyə, əjdahanın bacısını yola gətirməyə çalışdı. Qızsa and içdi ki, ölər, amma ona ərə getməz. Əyan əjdahanı qaranlıq zindana saldı.

Du Yuy isə oturmuşdu dəmir qəfəsdə, adamlar haqqında fikirləşirdi, sevimli arvadını xatırlayırdı, axırda dözməyib dərddən öldü. Onun ruhu quşa çevrildi, qəfəsdən çıxdı, uçub doğma yurduna gəldi, əjdahanın bacısı saxlanılan zindanın dövrəsində qanad çalmağa və kədərli-kədərli qışqırmağa başladı:

– Quy Ven yan, Quy Ven yan! Ven çayının şimal sahilinə qayıtmışam! Ven çayının şimal sahilinə qayıtmışam!

Arvad fikrə getdi: “Bura elə Ven çayının şimal sahilidi. Bəlkə ərim ölüb və ruhu quş cildində bura qayıdıbdı, buna görə də kədərli-kədərli qışqırır”. Quşa sarı dönüb dedi:

– Mənim can-ciyərim sənsənsə, gəl başıma qon.

Quş uçub onun yanına gəldi və saçlarına qondu. Əjdahanın bacısı yanılmadığını başa düşdü və acı-acı ağladı. Arvad əzab çəkirdi, ağlayıb sıtqayırdı, axırda dərd onu da öldürdü. Sonra onun da ruhu quşa çevrildi və quşlar birlikdə uçub getdilər.