Mirzə (Qasım bəy Zakir)
| Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
| Mirzə Müəllif: Qasım bəy Zakir |
Eşitdim ki, tazəlikdə satıbsan
Kəndini bir çuval gəndümə, Mirza!
Bu misrəi özün yaxşı bilirsən,
Sənin … mənim zəndimə, Mirza!
O sana düşməndi aləm-aşikar,
Hələ indi bu dəm ehtiyatı var;
Bir əndək ki, başı açıldı, salar
Yenə səni yandım-yandıma, Mirza!
Əlin çıxacaqlı dava-dərmandan,
Müntəfə olursan, amma nə candan.
Həsrət aparırsan Xındırıstandan
Yolun hər düşəndə kəndimə, Mirza!
Eyib deyil olmaq kişiyə kasıb,
Qulluğun var, buyur bizə münasib;
Əmanət-əmanət, oğlan var basıb,
Bayramxan ocağın söndümə, Mirza
Nə tez barışırsan, bildir dalaşdın?
Hər nə ki, eybi var aləmə aşdın.
Noxtanı başından sıyırıb qaşdın,
Yaxşı düşmüş indin fəndimə, Mirza!
Pişxənd eyləyib güldüklərini,
Çay içib ağzını sildiklərini,
Bəy babana vermə bildiklərini,
Demənəm ki, bi zad çəndimə, Mirza!
Keçən ildə hərçənd olub qeylu qal,
Öhdəsinə götməz, gözüm əhli-hal;
Yolundu, yolundu, …. saqqal,
Sözbazlığın çünki yədi-beyzan var,
Hər kim olsa səni axtarıb tapar;
Yeyərsən, içərsən, qorxma a yassar,
Qayım dur, özünü sındıma, Mirza!
Məsəli-məşhurdur eldə, obada,
Sən özün də eşidibsən ziyada;
Mərd ətəyin tutan yetər murada,
Namərdə başını endimə, Mirza!
Kəlamdır dürüst, özüm hesabı,
Mülkümdür bu əmrə gətirmək tabı;
Mən bilirəm-yazacaqsan cavabı,
Xeyrin deyil, məni dindimə, Mirza!