Məzmuna keç

Mirzə Fətəli Axundzadə (məqalə)

Vikimənbə saytından
Mirzə Fətəli Axundzadə (məqalə) (1955)
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
“Azərbaycan” jurnalı, 1955, yanvar-fevral sayı. İlk dəfə Münhendə “Qurtuluş radiosu”nda yayımlanıb.

Bundan 77 il öncə, 28 Şubat (fevral) 1878-də, Mirzə Fətəli Axundzadə vəfat etmişdir. Axundzadə Azərbaycan ədəbiyyatında hürr (azad) düşünmə tərzinin ən böyük bir müməssilidir (nümayəndəsidir). Bu günə qədər belə Azərbaycan səhnələrindən düşməyən və mədəni dünyanın bütün dillərinə çevrilmiş bulunan komediyalarında və fəlsəfi-publisistik əsərlərində, Mirzə Fətəli Müslüman dünyasının ictimai və siyasi bütün sahələrində radikal islahata lüzum olduğunu müdafiə ediyordu. Hərarətli bir vətənsevər sifətilə, Mirzənin qəlbi, məmləkətinin geriliyinə acıyordu. Dünya mədəniyyətini bir bütün olaraq tərəqqi edən o, Müslüman millətlərin çağdaş Batı Avropa tərəqqi karvanına qatılmaları yolunu arıyordu. Hürriyyət fikri, insanlıq şərəf və heysiyyəti, düşünüş sərbəstisi və hər türlü istibdad təzyiqindən qurtulma əzmi Mirzənin yaradıcılığında əsas motivi təşkil edirdi. Bu hürriyyətləri imha (məhv) və təhdid edən siyasi, ictimai və dini hər növü müəssəsələr, onun, böyük bir məharət və sənətkarlıqla yazılan əsərlərində amansızca xırpılanıyordu (kiçildilirdi). O, on səkkizinci yüz il batısının aydınladıcı fikirlərinin Doğuda bir təmsilçisi idi. Sözün, yazının, dini və fəlsəfi düşünüşün hürriyyət və sərbəstisini savunan (qoruyan) Mirzə Fətəli, qadın-kişi hər iki cinsin, həyatın hər sahəsində, eşit haklara malik olmasını istiyordu. Kişilər də, qadınlar da, onun anlayışına görə, eyni dərəcədə oxur-yazar olur, eyni təhsili görməlidirlər. Elm, yanlış anlaşılmış dinçiliyin məngənəsindən qurtulmalıdır. Dövlət istibdadının da, ölçülü ədalət qanunlarıyla mülayimləşməsini, bütün hərarətiylə tələb ediyordu. Fəlsəfi-publistik əsərlərindən, məşhur "Kəmalüd Dövlənin Cəmalüd Dövlə ilə məktublaşmalarının bir yerində eynilə bu sətirləri oxuyuruq: "... əslinə baxılırsa, iş millətimizin dinsiz və Allahsız olmasında deyildir. İstənilən şey yalnız, indiki dövrün və mədəniyyətin icablarını nəzərdə bulunduraraq, İslamiyyətin islahı, həm də əsaslı bir islahıdır. Bu islah tərəqqinin və mədəniyyətin ruhuna uyğun, insanların hürr və bütün haqq və vəzifələrində tamamilə eşit (bərabər) olmaları əsasına dayanmalı, siyasi müəssəsələrinin tədbirli bir şəkildə islahı surətilə Doğu istibdadı tədil olunmalı (dəyişdirilməli), müslüman qadınlarla kişilər üçün ümumi və məcburi təhsil saxlayan bir dövlət rejimi qurulmalıdır". Belə bir rejimin qüvvədən felə keçirilə bilməsi üçün, Mirzə Fətəli, özəl bir qeyrət və əzmlə ərəb hərflərinin latın hərflərinə təbdili (əvəzetmə, dəyişdirmə) surətiylə yazımızın islahı xüsusunda təşəbbüsə keçmiş; İstanbula getmiş, Tehrana müraciət etmişdir. Başqalarının haqqını qəsb və tarixi həqiqətləri təhrif etməkdə eşsiz (misilsiz) və rəqibsiz olan bolşeviklər, yağmaçılara xas bir küstahlıqla (həyasızlıqla), Mirzə Fətəlini də mənimsəməkdən çəkinmədilər. Hər hanki baxımdan təhlil edilirsə edilsin, ta iliklərinə qədər inanmış bir liberal olan Mirzə Fətəlini, liberalizmin "burjua hürriyyətçiliyi" deyə təzyif (təqdim edən) edən bolşeviklərə dost bir insan, deyə göstərmək füzulluqu (boşboğazlığını), ancaq, hürr fikir və kəlam sahiblərinin qafaları patlatılan, mətbuatı inhisar altında bulunduran kommunist diktatorluğunda təsəvvür edilə bilir. Mirzə Fətəli "Şərq istibdadı"nın yumşaldılmasını istiyordu. Halbuki, bolşeviklərin qurduqları diktatorluq rejimi ən geniş fantaziləri belə göl-gədə buraxan bir dəhşət və vəhşət tablosu ərz etməkdədir. Bu, tarixdə eşinə (tayı-bərabərinə) rastlanmayan bir zülm və mütləqiyyət rejimidir. Mirzə Fətəli, Batı Avropa mədəniyyətini idealizə ediyordu. Sovetlər isə, burjua vəsfini (tərifini) verdikləri bu mədəniyyətə arxalarını çevirmiş, ona amansız bir hərb elan etmişlərdir. Avropa mədəniyyətinə intibah etmək niyyətilə Azərbaycan ilə Türkiyə latın hərflərini tətbiqə başladıqları bir sırada, Sovet Azərbaycanı və onunla birlikdə Sovetlər Birliyindəki bütün digər Türk Cümhuriyyətləri kommunistlərin təzyiqiylə, rus əlifbasına keçdilər. Bu hal əsla, nə Axundzadənin xəyalına sığardı, nə də onun Avropalaşma sisteminə uyardı. Bu tədbir ancaq və ancaq Sovetlərin yürütdükləri kültür politikasıyla tam bir ahəng təşkil edir ki, indiki halda bu politika "Sovyet Nasyonalizmi" adı altında formulə edilən bir sistem şəklinə qonmaqdadır. Rus millətinə "ağa-bəyi" rolunu ayıran bu sistemdə, gözlərini insanlıq kültürünə doğru çevirən hər hərəkət "İrticai bir kosmopolitizm" töhmətiylə təlim olunmaqdadır. Kommunizmin ana fikri olaraq tərvic olunan Allahsızlıqdan bəhs edərkən, bolşeviklər, çox dəfə Mirzə Fətəlinin adını anıyorlar. Onun ateistliyindən bəhs açarlar. Bu, bir iftiradır. Bu yalana əsla inanmayınız. Mirzə Fətəli, yuxarıda söyləmiş olduğumuz kimi, Allah fikrinə, yəni mütləq həqiqət idealına qarşı qətiyyən mücadilə etmiyordu. Onun mücadilə etdiyi şey, iman və düşüncəyə müsəlləd (canı ilə bağlı) olan isxolastik (orta əsr) təfəkkür tərzi idi. Bu növü düşünüş tərzi indi bütün abusluğuyla (totallığı ilə) Sovetlərdə hakimdir. O Sovyetlərdə ki, kommunizm xaricində kimsəyə özəl bir dünya görüşünə sahib olmaq haqqı tanınmamaqdadır. Sovyetlər dövlətinin tərvic etdiyi (rəvac verdiyi) rəsmi əqidə, bütün Sovyet vətəndaşları, daha doğrusu bolşevik kölələri üçün məcburi bir mahiyyət daşımaqdadır. Əksini düşünənlərin yeri, edam edilmədilərsə, ya həbs, ya da toplama kamplarıdır (sürgün düşərgələridir). Əziz Azərbaycanlılar, bir daha təkrar ediyoruz: bolşevik ajanlarının, Sovyet ədəbiyyatçı və sözdə tənqidçilərinin nəqarətlarına əsla inanmayınız! Söz hürriyyətinin, mətbuat sərbəstliyinin, inanış, din və düşünmə istiqlalının, liberal dövlət üsuli-idarəsinin böyük mücahid; şəkilcə də, muhtəvaca (məzmunca) da milli və müasir Azərbaycan ədəbiyyatının qurucusu və latın əslindən gələn yeni Türk əlifbasının qəbulu üçün savaşan böyük islahatçı Mirzə Fətəlinin, bu unudulmaz hürriyyət qəhrəmanının, təqdis etdiyi bütün əsasları kökündən rədd edən kommunizmə və bu doktrinin təmsilçiləri bulunan bolşeviklərə dost olması qətiyyən təsəvvür olunamaz!