Molla Əmirxan (şeir)
Molla Əmirxan (2012) Müəllif: Araz Yaquboğlu |
Molla Əmirxanın əziz xatirəsinə. Mənbə: Bütöv Azərbaycan qəzeti, № 17(149), 23-29 may 2012-ci il. |
Söznən bəzədilmiş, imannan dolu,
Qurulu saraydı Molla Əmirxan.
Zərli şəfəqini dan üzü yayan,
Nuruydu, ziyaydı Molla Əmirxan.
Min kəlam bilirdi, milyon da hikmət,
Vardı xəzinəsi, doluydu sərvət.
Hər dəfə Göyçədən düşəndə söhbət,
Açılmış lalaydı Molla Əmirxan.
Əkdiyi zəmisi bar gətirib, bar!
Nəvə-nəticəsi edəcək nübar.
Qoynu gül qoxulu, köksü laləzar,
Çiçəkli talaydı Molla Əmirxan.
Can dedik ucadan gələn adına,
Neçə köməksizin yetdi dadına.
Vətən torpağının hər övladına,
Ataydı, anaydı Molla Əmirxan.
Hazır bir kitabdı, aç varaq-varaq,
Neçə qərinədən verəcək soraq.
Uzaqdan vüqarlı görünən bir dağ,
Alınmaz qalaydı Molla Əmirxan.
Heç vaxt əyilmədi əyilməz dizi,
Gərək yol eyləyək saldığı izi.
Tanrı dərgahına qaldıran bizi,
Bir ərşi-əlaydı Molla Əmirxan.
El yola salanda yükləyib köçün,
Gördüm məhəbbətin, eyliyin gücün.
Arazam, şeirimi oxumaq üçün,
Kaş indi olaydı Molla Əmirxan.