Molla Cümə ilə Aşıq Donunun deyişməsi

Vikimənbə saytından
Molla Cümə ilə Aşıq Donunun deyişməsi
Müəllif: Molla Cümə
Aşıq rəvayətləri
Mənbə: Azərbaycan Folkloru Antologiyası. XVIII kitab. Şəki folkloru. III cild (az). AMEA Folklor İnstitutu. folklorinstitutu.com (2008). Orijinal mənbədən 2016-03-16 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-12.

Günlərin birində erməni aşığı Aşıq Donu (Aşıq Donu Şəkinin Daşbulaq kəndindən olub) Molla Cumagilə gəlir. Allah verəndən yeyib-içəndən sonra aşıq Donu getməyə hazırlaşır və deyir:

- Cuma, sən hələ cavansan, mənsə qocalmışam, uzağım yaxınlaşıb. Şeirlərindən bir neçəsini ver, aparım, dəftərimdə yadigar qalsın.

Molla Cuma onun xahişini yerinə yetirir və deyir:

- Aşıq Donu, sən qocalmısan, elə bir söz yadigar qoyub get ki, bizdən əvvəlki aşıqlar o üsulda söz deməmiş olsunlar və bizdən sonrakılara bir şey vermiş olaq. Aşıq Donu fikirləşir ki, aşıq ədəbiyyatında indiyə kimi ustadnamə var, divani var, təcnis var, cığalı təcnis var, müxəmməs var, cığalı müxəmməs var, qəzəl var, gözəlləmə var və s. hamısı var, əvvəl-axır var və il. Başlayır ki:

- Cuma, gəl indiyə kimi heç kim deməyib, biz cığalı gəraylı deyək.

Cuma qayıdır ki:

- Ay ustad, o qonşudan gəlməyib, evdə bişməyib. Nə bilim necə şeydi? Sən başla yeri, mən arxanca gəlim.

Alır Aşıq Donu, belə deyir:

Yeri-yeri çeşmi laçın,
Özgələrə vermə maçın.
Dal kərdanda siyah saçın
Hörüb, sökər,
Yana tökər,
Şana çəkər, tel vay eylər.

Aldı Molla Cuma
Aşıq məşuqdan ayrılsa,
Canı yanar, göz vay eylər.
Yarı yadnan gəzən görsə
Bir ah çəkər,
Qəddin bükər,
Yaşı tökər göz vay eylər.

Aldı Aşıq Donu
Yeri-yeri ləbi qönçə,
Boyu uzun, beli incə.
Məlul, məlul sən gəlincə
Gözüm baxar,
Eşqin yaxar
Kəmər sıxar, bel vay eylər.

Aldı Molla Cuma
Qiyməti yoxdur maçının,
Müşkül-ənbərli saçının.
Bəxti dönsə bir ovçunun,
Dağdan köçər
Murğu uçar
Ceyran qaçar, düz vay eylər.

Aldı Aşıq Donu
Kərəm sevdi Əsli xanı,
Uçurdu tülək-tərlanı.
Bir yar üçün aşıq Donu
Qaynar, coşar,
Həddən aşar,
Ayrı düşər, el vay eylər.

Aldı Molla Cuma
Fələk qoymur yetəm kama,
Kim dözər böylə sitəmə,
Dost boynuna Molla Cuma
Qolun dolar,
Qurban olar
Busə alar, üz vay eylər.