Məzmuna keç

Molla Cümə və Bilal

Vikimənbə saytından
Molla Cümə və Bilal
Müəllif: Molla Cümə
Aşıq rəvayətləri
Mənbə: "Azərbaycan Folkloru Antologiyası. XVIII kitab. Şəki folkloru. III cild" (PDF). AMEA Folklor İnstitutu (az.). folklorinstitutu.com. 2008. 2016-03-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-12.

İsti yay günlərinin birində Molla Cuma yoldaşları ilə toya gedirmiş. Bu an qarşıdan kəndliləri Bilal bir araba yemişlə bostandan evlərinə qayıdırdı. Bilal varlı olsa da çıx xəsis idi. Yoldaşları Molla Cumadan xahiş edirlər ki, ürəyimiz yanır. Bilal kişidən bir yemiş al, yeyək sərinləyək. Biz istəsək verməz, ancaq hər halda sənin kimi adlı-sanlı, hörmətli adamın sözünü yerə salmaz. Bilal kişi bunların yanına çatanda Molla Cuma deyir:

- Bilal dayı, uşaqların ürəyi yanır, bir yemiş ver, yeyib sərinləsinlər.

Bilal kişi “yox” deyir və başlayır arabanı sürməyə. Pərt olan Molla Cuma cürə sazını çıxarır və deyir:

- Bilal kişi, bir dayan iki kəlmə sözüm var, deyim get.

Sazı görən Bilal kişi işi başa düşür. Əl atır arabaya, böyük bir yemiş götürür və uzadır Molla Cumaya. Molla Cuma cürə sazı sinəsinə basır və görək nə deyir:

Bir qulaq as tərifinə, eşşəklik etdin Bilal.
İstədik biz bir kal yemiş, verməyib ötdün Bilal.
Sallayıb qaş-qabağın, qəm küpünə batdın Bilal.
Yekəbaş, uzunqulaq olmaz işi tutdun Bilal.
Könlümün şüşəsinə yamanca daş atdın Bilal.

Versəydin bir kal yemiş, biz yeyərdik bal yerinə,
Yox imiş qanacağın, bağlasınlar mal yerinə.
Yunusun ... qoy altına fal yerinə.
Küngütlü Həmid batırsın, saqqalının çal yerinə.
Onların cərgəsinə necə özün qatdın Bilal.

Üç yoldaş biz idik: Molla Abakər, bir də Saat.
Yoldaşın Həşim sənin, işlərinə olsun şahat.
Batırsın Allah səni, çörəyini etsin qəhət.
Sən tutan dəyyusluğu, tutmaz idi bəni Əhət.
Aləmə etdiyin məkri, bizə də etdin Bilal.

Molla Cuma, dayı, dedi, utanmadın yox deməyə.
İndi mən də utanmaram, saqqalına ... deməyə.
Verdiyin kal yemişi, al gözünə sox deməyə,
Ciyərinə, bağrına həm ürəyinə ox deməyə,
İstəyirdin bu tərifi, muradına çatdın Bilal.