Molla Cümənin Molla Surxaydan gileyi
Molla Cümənin Molla Surxaydan gileyi Müəllif: Molla Cümə |
Aşıq rəvayətləri Mənbə: "Azərbaycan Folkloru Antologiyası. XVIII kitab. Şəki folkloru. III cild" (PDF). AMEA Folklor İnstitutu (az.). folklorinstitutu.com. 2008. 2016-03-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-12. |
Molla Cuma nədənsə Molla Surxayın ondan inciməsini hiss edir və məsələni aydınlaşdırmaq məqsədilə dostunun evinə yollanır. Qapının dalından “ay Molla Surxay, ay Molla Surxay” deyə çağırsa da balta ilə odun doğrayan Molla Surxay aşığı səsindən tanısa da buna əhəmiyyət vermir. Molla Cumanı səsindən tanıyan Molla Surxayın arvadı ərinə deyir ki, bu gələn Molla Cumadır, çıx qabağına, yoxsa o sazını çıxarıb sənə həcv qoşar, yaxşı olmaz, Molla məktəbində bir yerdə oxumusunuz, ərəb-farsı öyrənmisiniz, neçə illərin dostusunuz, gör nə deyir. Sən demə, Molla Surxayın hüzürü düşüb və o elə bilib ki, Molla Cuma bunu bildiyi halda başsağlığına gəlməyib. Bu səbəbdən də aşıqdan inciyib. Əslində isə Molla Cumanın bu hüzrdən xəbəri olmamışdır. Molla Surxayın onu soyuq qarşıladığını görən aşıq sazını çıxararaq bu müşairəni deyir:
Dünyadı
Salam olsun sənə, ey molla Surxay,
Bel bağlama, ha bu, yalan dünyadı.
Qulpun tutub çox eyləmə haqqı-say,
Qabağı gül, dalı solan dünyadı.
Əbdürrəhmandan hanı edən xoş səfa,
Şamxal bəyi tək eylədi bivəfa,
Hanı Rüstəm, hanı molla Mustafa,
Kim qalıbdır, kimə qalan dünyadı.
Çox yoxsulu qalxızıban bay eylər,
Çoxlarını dağıdıban zay eylər,
Çoxlarının göz yaşını çay eylər,
Çoxlarına talan salan dünyadı.
Çoxlarına gül-bənövşə iynədir,
Çoxlarını gecə-gündüz göynədir,
Çoxlarını dırnaq üstə oynadır,
Çoxlarına təmbur çalan dünyadı.
Mən Cumanın hal-əhvalın bilmədim,
Dostluğuna yoxsa layiq görmədin,
Hər an sorram, bir haysa da vermədin,
Belə olmaz, ölüm olan dünyadı.
Molla Surxay baltanı yerə qoyaraq gəlib Molla Cuma ilə səmimi görüşüb onu evinə aparır, başına gəlmiş qəzəvü-qədərdən söz açır, aşıq isə bu hadisələrdən xəbərsiz olduğunu bildirir, üzrxahlıq edir.