Məzmuna keç

Molla Cümənin qərib aşıqla görüşü

Vikimənbə saytından
Molla Cümənin qərib aşıqla görüşü
Müəllif: Molla Cümə
Aşıq rəvayətləri
Mənbə: "Azərbaycan Folkloru Antologiyası. XVIII kitab. Şəki folkloru. III cild" (PDF). AMEA Folklor İnstitutu (az.). folklorinstitutu.com. 2008. 2016-03-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-12.

Adı dillər əzbəri olan qərib diyarlı bir aşıq deyirdi ki, mən öz mahalımda, Aşıq Molla Cuma da Şəki mahalında, iki qoçun başı bir qazanda qaynamaz. Gərək biz ayırd eliyək, ya o məni bağlasın, ya mən onu. Belə olanda qərib aşığa deyirlər ki, sən o kişi ilə bacarmazsan, o kişi dörd dili bilir, sən isə az savadlı adamsan. Deyir yox, mən də çox söz bilirəm. Qərib aşıq iki şagirdini də götürüb sorağa-sorağ, sorağa-soroğ gəlib çıxır Baş Layisqiyə. Molla Cuma babanın öyünə çatanda görür həmin qapıdı. Buna yaxşı qulluq eliyir, xidmətində dururlar. Lakin o, qarşısında dayanmış Molla Cumanı tanımır. Qərib aşıq qayıdır ki, bəs biz Molla Cumanı görmədik. Bunu eşidən Molla Cuma sazı sinəsinə sıxaraq deyir:

Tanı, mənəm,
Bil, mənəm,
Gör, mənəm,
Eşit, mənəm,
Dil, mənəm.

Qərib aşıq deyir ki, nə dediyini anlamadım. Molla Cuma qayıdır ki, bunu başa düşməyə nə var ki, tanı, mənəm, gör, mənəm, bil, mənəm, eşit, mənəm, dil, mənəm - Molla Cuma mənəm. Deyir onda çöp tutaq, görax kimə uzunu düşür, kimə qısası. Gödək çöp kimə düşsə deyişməni o başlayacaq. Uzun çöp düşür qərib aşığa, gödək çöp Molla Cuma babaya. Molla Cuma baba sazı sinəsinə alaraq bir zəncirləmə söyləyir:

Aşıqlıq Adəmdən icad olubdu
Ol Adəm atanın nəvəsiyəm mən
Nəçi bu dünyaya aşıq gəlibsə,
Külli aşıqların anasıyam mən.

Aşıqlar anasıyam, şairlər kökü,
Gəzirəm dünyanı divanə təki
Mahalım Göynükdür, şəhərim Şəki,
Layisqi kəndinin binasıyam mən.

Binəm Layisqiyə düşübdür mehman,
Pədərim Salehdir, madərim Reyhan,
Vələdim Həsəndir, əxim Süleyman,
Familim Molla Oruc, əbnasıyam mən.

Təbibsiz dərdlərin dəvasıyam mən
Əbnayam, kəntərəm, hər dərdə dərman
Nəbim Mühəmmətdi, əhdi Quranam
Mömün qardaşların aşnasıyam mən.

Mollada mollayam, Molla Cumayam
İsmi Pünhan ilə sülh pərvanıyam,
Gəlmişəm dünyaya bir gün fənayam
Axır Kərəm kimi yanasıyam mən.

Aşnayam, gedərəm doğru yolunan,
Bülbüləm söhbətim olar gülünəm,
Danışsalar yetmiş iki dilinəm,
Ol qədər arifəm, qanasıyam mən.

Oxuram, ustaddan almışam dərsi,
Oxumuşam ərəb, türkinən farsı,
Fikrim seyr eliyir əkirən kürsü,
Dərin kitabların mənasıyam mən.

Qərib aşıq deyişməyə girişmir. Deyir, ustad, mən səni görməyə gəlmişdim, izin ver, qayıdım öz yurduma. Halallaşıb ayrılıllar.