Məzmuna keç

Molla Pənah Vaqiflə Molla Vəli Vidadinin deyişməsi

Vikimənbə saytından
Molla Pənah Vaqiflə Molla Vəli Vidadinin deyişməsi
Müəllif: Molla Vəli VidadiMolla Pənah Vaqif
Deyişmə


Vaqif
Ey Vidadi, sənin bu puç dünyada
Nə dərdin var ki, zar-zar ağlarsan?
Ağlamalı günün axirətdədir,
Hələ indi səndə nə var, ağlarsan?

Vidadi
Vaqif, nə çox yan baş-ayaq atarsan,
Mənə dersən: nə bu qədər ağlarsan?
Sənin də başında məhəbbət beyni-
Əgər olsa, eylər əsər, ağlarsan!

Vaqif
Ta cəsədin cüda olmayıb candan,
Bil özünü artıq sultandan, xandan,
Habelə ayrılıq nədir ki, ondan
Bu qədər çəkibən azar, ağlarsan?

Vidadi
Ağlamaq ki, vardır, məhəbbətdəndir,
Şikəstəxatirlik mərhəmətdəndir,
Əsil bunlar cümlə mürüvvətdəndir,
Olsa ürəyində, betər ağlarsan!

Vaqif
Say qənimət diriliyin dəmini,
Keçən həmdəmlərin çəkmə qəmini,
Ağlın olsun, sil gözünün nəmini,
Dəxi geri gəlməz onlar ağlarsan!

Vidadi
Oxumadın "fəlyəzhəku" ayətin,
Çəkməyibsən yarü həmdəm firqətin,
Bilsən əgər ağlamağın ləzzətin,
Ta gedincə nuri-bəsər ağlarsan

Vaqif
Kimdi indi bu dövrdə ol adəəm,
Pərisi yanından heç olmaya kəm.
Qaralırsan bulut kimi dəmadəm,
Ağ yağış tək yaşın yağar, ağlarsan.

Vidadi
Billəm çox uşaqsan, ürəyin toxdur,
Ləhvü ləəb ilə həvəsin çoxdur,
Qocalıq əsəri könlündə yoxdur,
Hələ sonra əqlin kəsər, ağlarsan!

Vaqif
Toy-bayramdır bu dünyanın əzabi,
Əqli olan ona gətirər tabi,
Sən təki oğlana deyil hesabi,
Hər şeydən eləyib qubar ağlarsan!

Vidadi
Oğlan, sən uşaqsan, cavansan hələ,
Yenicə cisminə düşüb vəlvələ,
Təzə dəyənəyi alıbsan ələ,
Qaim tut ki, nagah düşər, ağlarsan.

Vaqif
Kəndini əlindən aldıran fələk.
İnəklərə buzov saldıran fələk,
Yarü yoldaşını öldürən fələk,
Məgər səni belə qoyar, ağlarsan?

Vidadi
Neylərsən söyləmiş buzov-inəyi,
Bizimlə eyləmiş belə hənəyi,
Həzrətqulu bəyin ağ dəyənəyi-
Alıbsan əlinə məgər, ağlarsan!

Vaqif
Bidəmağ olmaqdan nə düşər ələ,
Şükr elə Allaha, gəz gülə-gülə!
Uşaq ha deyilsən, tez-tez habelə-
Könlünün şişəsi sınar, ağlarsan.

Vidadi
Uzaqdan bax, yaxşı fəhm et satirə,
Bu iş baxmaz heç könülə, xatirə,
İstər yüz il bu yollarda qatirə,
Bir gün yanar canü cigər ağlarsan!

Vaqif
Keçən işdən mərd igidlər pozulmaz,
Atalar deyibdir: "Tökülən dolmaz".
Qatıq üçün qışda ağlamaq olmaz,
İnşaallah, gələr bahar, ağlarsan!

Vidadi
Dövlətindən yetdik nanü nəməyə,
Düşdük indi cadü qatıq yeməyə,
Söz ki, çoxdur, yeri yoxdur deməyə,
Əgər bilsən, ey bixəbər, ağlarsan.

Vaqif
İç qatığı, ye darının cadını,
. . . . . . . . . . . . . .
İstəmə dövranın dadlı zadını,
Sənə olur o zəhirmar, ağlarsan!

Vidadi
Ey mənə göstərən qatığı, cadı,
Onu yeyən tapar külli muradı,
Dünyanın sənə də ləzzəti, dadı-
Bir gün olur axır zəhər, ağlarsan!

Vaqif
Nə qədər dirisən, ölü deyilsən,
Qocalıban yaylar kimi əyilsən,
Padşahsan, əgər özünü bilsən,
Neçün olub candan bizar, ağlarsan!

Vidadi
Elə ki, taxıldı burnuna çeşmək,
Qocalıq əl verib, dəxi nə şişmək!
Uşaqlar içində düşər gülüşmək,
Sənin də acığın tutar, ağlarsan!

Vaqif
Yalqız çox qocalan bayatı sevər,
Gah öyünər, tək-tək özündən deyər,
Sən də yetişibsən o həddə məgər,
Beyninə bayatı uyar, ağlarsan?

Vidadi
Külli Qarabağın abi-həyatı,
Nərmü nazik bayatıdır, bayatı,
Oxunur məclisdə xoş kəlimatı,
Ox kimi bağrını dələr, ağlarsan!

Vaqif
Müxəmməs deməyin seyrəklənibdir,
Bayatıda zehnin zirəklənibdir,
Qocalıbsan, qəlbin köyrəklənibdir,
İşdən-gücdən olub bikar ağlarsan.

Vidadi
Gəl danışma müxəmməsdən, qəzəldən,
Şeri-həqiqətdən, mədhi-gözəldən,
Sənin ki, halını billəm əzəldən,
Elə deyib canan, dilbər ağlarsan.

Vaqif
Yetmişdə ki, belə nəm gələ gözə,
Kəsməyə arasın, baxmaya sözə,
O zaman ki, yaşın yetişər yüzə,
Gör ki, onda nə bişümar ağlarsan.

Vidadi
Sarı Çobanoğlu gəlsin yanına,
Axund deyib canın qatsın canına,
Onun şövkətinə, sənin şanına,
O, yaxşı müxəmməs düzər, ağlarsan.

Vaqif
Çökər bir gün qabağına Əzrayıl,
Deyər: ey kor bəndə, qəflətdən ayıl!
Görərsən bir əcəb şəklü şəmayıl,
Ürəyinə qanlar damar, ağlarsan.

Vidadi
Əzrayıl ki, çəngəl çalar canına,
Çevrilib baxarsan hər bir yanına,
Ol zamanda sənin o əfğanına,
Nə bir gəlin, nə qız yetər, ağlarsan!

Vaqif
Onun ki, çəngəli əzayə düşər,
Çaxnaşar cəsədin, lərzayə düşər,
Tamam sümüklərin vay-vayə düşər,
Diriykən dərini soyar, ağlarsan.

Vidadi
Axirət sözünü salma yadına,
Mütləq dürüst deyil etiqadına,
Məhşər günü kimsə yetməz dadına,
Fəryadın fələyə çıxar, ağlarsan.

Vaqif
Yanarsan, tənindən çıxar tütünün,
Tutuşar boğazın, kəsilər ünün,
Hələ vardır bundan betər pis günün,
Üqbayə edəndə səfər ağlarsan,

Vidadi
Mömin olub qəlbin olsaydı səlim,
Bilərdin xudanın oldurun kərim,
Sənə kərəm eylər əzizü həkim,
Nə çəkərsən xövfü xətər, ağlarsan!

Vaqif
Çün gedərsən o qaranlıq dar yerə,
Qonşu olmaz, çağıranda səs verə,
Bir kimsə tapılmaz qapından girə,
Görərsən dörd tərəf divar, ağlarsan.

Vidadi
Möminəm, zikrimdir daim ilahi,
Uzaqdır könlümdən külli mənahi,
Əfv olur möminin cümlə günahi,
Sənin də könlündən keçər ağlarsan.

Vidadi
Vaqif, nə çox yan, baş-ayaq atarsan,
Mənə dersən, nə bu qədər ağlarsan?
Sənin də başında məhəbbət beyni
Əgər olsa, eylər əsər, ağlarsan!

Vaqif
Ta cəsədin cüda olmayıb candan,
Bil özünü artıq sultandan, xandan,
Qəriblik, ayrılıq nədir ki, ondan
Bu qədər çəkibən azar, ağlarsan?

Vidadi
Ağlamaq ki, vardır, məhəbbətdəndir,
Şikəstəxatirlik mərhəmətdəndir,
Əsil bunlar cümlə mürüvvətdəndir,
Olsa ürəyində, betər, ağlarsan!

Vaqif
Say qənimət diriliyin dəmini,
Keçən həmdəmlərin çəkmə qəmini,
Əqlin olsun, sil gözünün nəmini,
Dəxi geri gəlməz onlar ağlarsan!

Vidadi
Ağlamaq möminin əlamətidir,
Nəbinin dininin xoş adətidir,
Əgər bilsən, həqqin kəramətidir,
Ta gedincə, nuri-bəsər ağlarsan!

Vaqif
Əlindən kəndini aldıran fələk,
Inəklərə buzov saldıran fələk,
Yarü yoldaşını öldürən fələk
Məgər səni beylə qoyar, ağlarsan?

Vidadi
Neylərsən söyləmiş buzov-inəyi,
Bizimlə eyləmiş belə hənəyi,
Həzrətqulu bəyin ağ dəyənəyi –
Alıbsan əlinə, məgər, ağlarsan?

Vaqif
Kimdir indi bu dövrdə ol adəm,
Pərisi yanından heç olmaya kəm,
Qaralırsan bulut kimi dəmadəm,
Ağ yağış tək yaşın yağar, ağlarsan.

Vidadi
Billəm çox uşaqsan ürəyin toxdur,
Ləhvü ləəb ilə həvəsin çoxdur,
Qocalıq əsəri könlündə yoxdur,
Hələ sonra əqlin kəsər, ağlarsan!

Vaqif
Toy-bayramdır bu dünyanın əzabı
Əqli olan ona gətirər tabı,
Sənin tək oğlana deyil hesabı,
Hər şeydən eyləyib qubar ağlarsan!

Vidadi
Oğlan, sən uşaqsan, cavansan hələ,
Yenicə cisminə düşüb vəlvələ,
Təzəcə dəyənək alıbsan ələ,
Qaim tut ki, nagah düşər, ağlarsan.

Vaqif
Bidəmaq olmaqdan nə düşər ələ,
Şükr eylə Allaha, gəz gülə-gülə!
Uşaq ha deyilsən tez-tez habelə
Könlünün şişəsi sınar, ağlarsan!

Vidadi
Uzaqdan bax, yaxşı fəhm et satirə,
Bu iş baxmaz heç könülə, xatirə,
Istər yüz il bu yollara qat zirə,
Bir gün yanar canü ciyər, ağlarsan!

Vaqif
Keçən işdən mərd igidlər pozulmaz,
Atalar deyibdir: "Tökülən dolmaz".
Qatıq üçün qışda ağlamaq olmaz,
İnşaallah, gələr bahar, ağlarsan!

Vidadi
Dövlətindən yetdik nanü nəməyə,
Düşdük indi cadü qatıq yeməyə,
Söz ki çoxdur, yeri yoxdur deməyə,
Əgər bilsən, ey bixəbər, ağlarsan!

Vaqif
İç qatığı, ye darının cadını,
. . . . . . . ………
Neylərsən dünyanın dadlı zadını,
Sənə olur о zəhrimar, ağlarsan!

Vidadi
Ey mənə göstərən qatığı, cadı,
Onu yeyən tapar külli muradı,
Dünyanın sənə də ləzzəti, dadı,
Bir gün olar axır zəhər, ağlarsan!

Vaqif
Necə ki, dirisən, ölü deyilsən,
Qocalıban yaylar kimi əyilsən,
Padişahsan əgər özünü bilsən,
Neçin olub candan bezar, ağlarsan!

Vidadi
Elə ki, taxıldı burnuna çeşmək,
Qocalıq əl verib, dəxi nə şişmək…
Uşaqlar içinə düşər gülüşmək,
Sənin də acığın tutar, ağlarsan!

Vaqif
Yavuz çox qocalan bayatı sevər,
Gah öyünər, tək-tək özündən deyər,
Sən də yetişibsən о həddə məgər,
Beyninə bayatı uyar, ağlarsan?

Vidadi
Külli Qarabağın abi-həyatı,
Nərmi-nazik bayatıdır, bayatı,
Oxunur məclisdə xoş kəlimatı,
Ox kimi bağrını dələr, ağlarsan!

Vaqif
Müxəmməs deməyin seyrəklənibdir,
Bayatıda zehnin zirəklənibdir,
Qocalıbsan qəlbin köyrəklənibdir,
İşdən-gücdən olub bekar ağlarsan.

Vidadi
Gəl danışma müxəmməsdən, qəzəldən,
Şeri-həqiqətdən, mədhi-gözəldən,
Sənin ki, halını billəm əzəldən,
Elə deyib canan, dilbər, ağlarsan.

Vaqif
Yetmişdə ki, belə nəm gələ gözə,
Kəsməyə arasın, baxmaya sözə,
Ol zaman ki, yaşın yetişər yüzə
Gəl gör, onda nə bişümar ağlarsan.

Vidadi
Sarı çoban oğlu gəlsin yanına
Axund deyə canın qatsın canına,
Xanın şövkətinə, sənin şanına,
О yaxşı müxəmməs düzər, ağlarsan.

Vaqif
Nədəndir bənizin heç olmur duru,
Savılıb bostanın olubdur quru,
О zaman ki, sənə . . . . .
Gözlərin çanaqdan çıxar, ağlarsan.

Vidadi
Dərdlərinə dərman olmaz heç kəsin,
Əbubəkrə hərgiz yetişməz səsin,
Mitilin altında qalır nəfəsin,
Mürği-ruhin göyə uçar ağlarsan.

Vaqif
Bir gün çökər qabağına Əzrayıl,
Deyər, ey kor bəndə, qəflətdən ayıl,
Görərsən bir qərib şəklü şəmayil,
Ürəyinə qanlar damar, ağlarsan.

Vidadi
Əzrayıl ki, çəngəl sala canına,
Çevrilib baxarsan hər bir yanına,
О zamanda sənin ah-əfğanına,
Nə bir gəlin, nə qız yetər, ağlarsan!

Vaqif
Onun çəngəli ki, əzayə düşər,
Çaxnaşar cəsədin lərzayə düşər,
Tamam sümüklərin vay-vayə düşər,
Dirikən dərini soyar, ağlarsan.

Vidadi
Axirət sözünü salma yadına,
Dürüst deyil, mütləq, etiqadına,
Məhşər günü kimsə yetməz dadına,
Fəryadın fələyə çıxar, ağlarsan.

Vaqif
Yanarsan, təpədən çıxar tütünün,
Tutuşar boğazın, kəsilər ünün,
Hələ vardır bundan betər pis günün,
Üqbayə edəndə səfər ağlarsan.

Vidadi
Mömin olub qəlbin olsaydı səlim,
Bilərdin xudanın olduğun kərim,
Sənə kərəm eylər əzizü həkim,
Nə çəkərsən xovfü xətər, ağlarsan.

Vaqif
Çün gedərsən о qaranlıq dar yerə,
Qonşu olmaz, çağıranda səs verə,
Bir kimsə tapılmaz qapından girə,
Görərsən dörd tərəf divar, ağlarsan.

Vidadi
Möminəm, zikrimdir daim ilahi,
Uzaqdır könlümdən külli mənahi,
Əfv olur möminin cümlə günahi,
Sənin də könlündən keçər, ağlarsan.

Vaqif
Zahir olur iki şəxsi-qəzəbnak,
Əllərində şeşpər, çapikü çalak.
Onları görəndə zəhrin olur çak,
Qutun qurur, nitqin batar, ağlarsan.

Vidadi
Münkir sözü, sual sözü, sin sözü,
Söz bir gərək, nə danışmaq min sözü.
Dünya, axirətdən belə din sözü,
Əlin yoxdur, bəs müxtəsər, ağlarsan.

Vaqif
Bu yanından çıxar о zalım şeytan,
Su göstərər, səndən ta ala iman,
Nə Ömər tapılar, onda nə Osman,
Hər biri bir yanda batar, ağlarsan.

Vidadi
Məzarın, məhşərin həqdir cəhəti,
Məhrum qalmaz Məhəmmədin ümməti,
Sən ki, tərk edibsən tamam sünnəti,
Çox çəkərsən qəzəb, qəhər, ağlarsan.

Vaqif
Çünki işin çəp düşübdür əzəldən,
Fayda olmaz işlədiyin əməldən,
Mələk verər dəftərini sol əldən,
Günahını bir-bir sayar, ağlarsan.

Vidadi
Mələklər ki, gələr sahib izzətdən,
Ayıra mömini asi millətdən,
Görər ki, deyilsən əhli-sünnətdən,
Səni yolum-yolum yolar, ağlarsan.

Vaqif
О gündə ki, qaçar pədərdən püsər,
Gövdənə çulğaşar, ilan sərbəsər,
Su verməz içəsən saqiyi-kövsər,
Kəbab təki bağrın yanar, ağlarsan.

Vidadi
Əvvəl Bubəkrdir peyğəmbərə yar,
Ömərdir islamı eyləyən izhar,
Osmani-Zinnureyn, Heydəri-kərrar,
Olarlar saqiyi-kövsər, ağlarsan.

Vaqif
Çün töhmət edibsən о həştü çara,
Əlin necə yetər sənin onlara,
Qapılarda dolanarsan avara,
Gör başına gələr nələr, ağlarsan.

Vidadi
Əbubəkr, Ömər, Osmanü Əli,
Cümlə həştü çahar imami-vəli,
Neymanü şafei, Malik, Həmbəli,
Onları cəmiən əzər, ağlarsan.

Vaqif
Ol zaman ki, qaynar kəllədə beyin,
İmam əzəm danar sözün, hər şeyin,
Heç üzə mən baxa bilmənəm deyin,
Səni görcək gözün yumar, ağlarsan.

Vidadi
Allahın ki, heç çəkməzsən minnətin,
Tərk edibsən peyğəmbərin sünnətin,
Nə görərsən məsumların hörmətin,
Əgər ağlamazsan, əgər ağlarsan.

Vaqif
Həştü çahar çün halını duyarlar,
Sanma səni öz halına qoyarlar,
Əvvəl onlar səni diri soyarlar,
Sümüyünü ta gömərlər, ağlarsan.

Vidadi
О zaman ki, məşhər xalqı durarlar,
Divan olub sorğu-sual sorarlar,
Əgər səni bu məzhəbdə görərlər,
Yerbəyer budayıb əzər, ağlarsan.

Vaqif
Demə ki, dadıma yetər Maliki,
Dərdə düşər səndən betər Maliki,
Qaçar ilim-ilim itər Maliki,
Yaşınıb bir yerdə yatar, ağlarsan.

Vidadi
Həşrədək qalarsan ahü-zar ilən,
Həsrətilən, çox-çox intizar ilən,
Kələz ilən, əqrəb ilən, mar ilən,
Ağzınadək qəbrin dolar, ağlarsan.

Vaqif
Çox kimsələr qıl körpüdən asılar,
Həmbəlinin qaraulu basılar,
Qorxusundan bir bucağa qısılar,
Dinə bilməz mat-mat baxar, ağlarsan.

Vidadi
Həsən Kaşinin ta başın kəsərlər,
Kəsib onu cəhənnəmdən asarlar,
Qızdırıb-qızdırıb oda basarlar,
Onu görüb əqlin çaşar, ağlarsan.

Vaqif
Şafeinin olmaz о qədər suçu,
Əvvəldən axıra ayrıdır köçü,
Gələr fəriştələr amma bu üçü
Tutar bir-birinə çaxar, ağlarsan.

Vidadi
Şafeini imamlardan ayırma,
Əmmə xanı görüb riya qayırma,
Bu sözləri ləzgi içrə buyurma,
Səni qalmıqlara satar, ağlarsan.

Vaqif
Qəbirdən ki, çıxıb gedərsən Şama,
О günlərin dönər toya, bayrama,
Əlin yetməz peyğəmbərə, imama,
Qiyamət başına qopar, ağlarsan.

Vidadi
Qapılarda çox toxuna-toxuna,
Ömərdən, Osmandan, gəzmə saxına,
Olarsız ki, heç qoymazlar yaxına,
Döyə-döyə öldürərlər, ağlarsan.

Vaqif
Əqlin olsun, on iki imama inan,
Fayda verməz sonra olmaq peşiman,
Yəqin bil ki, qurulacaqdır mizan,
Əməlin qarşında durar, ağlarsan.

Vidadi
İmamlar ha deyil sənin yoldaşın,
Olsaydı gözündə olardı yaşın,
Sən əqldə vardır neçə qardaşın,
Olur olsun, sən müqərrər ağlarsan.

Vaqif
Vəqtkən dəli olma, gəl eşit məndən,
Gəzmə yalvar-yapış onlara gendən,
Amma qorxun olsun Əbülhəsəndən,
Səni əzim-əzim əzər, ağlarsan.

Vidadi
Qulluq etməyibsən Əbülhəsənə,
Gələ о günündə yar ola sənə,
Yetişməz dadına heç bir kimsənə,
Qalarsan nailac, naçar, ağlarsan.

Vaqif
Axır sənin necə haldır bu halın,
Hansı mətləbdədir fikrü xəyalın?
Vədə günü atın, qoyunun, malın,
Əgər doğmaz, əgər doğar ağlarsan.

Vidadi
Çün sevməzsən atı, qoyunu, malı,
Eşitməzsən, hərgiz bu qalmağalı,
Bəs nədir yığıbsan neçə əyalı,
Doğmaz şad olarsan, doğar, ağlarsan.

Vaqif
Heç axtarma şahi-Heydər Əlini,
İmamü hümami, tamam vəlini,
Yığ başına təpik atan dəlini,
Olar ki, bir-birin qırar, ağlarsan.

Vidadi
Tanırsan Şəmkirli dəli qazını,
Həsəni-Kaşini, Nəsir Tusini,
Tərki-sünnət olan tamam asini,
Görərsən duzəxə girər, ağlarsan.

Vaqif
İmam ki, iraqdır etiqadından,
Tamam bildiklərin çıxar yadından,
О zaman çəkilər ah nihadından,
Fəryadın fələyə çıxar, ağlarsan.

Vidadi
Olan peyğəmbərin doğru rahında,
Xuda saxlar onu öz pənahında,
Səni hər kim görər həq dərgahında,
Qatar qabağına qovar, ağlarsan.

Vaqif
Başına cəm olub, əqlin yığılmaz,
О səbəbdən dərdin, qəmin dağılmaz,
Sənin malın buzov salıb, sağılmaz,
Hər kəs inəyini sağar, ağlarsan.

Vidadi
Şeytan ki, dünyada aldadır kimi,
Xoş gəlir о kəsə dünyanın dəmi.
Çox yığma başına hurü sənəmi,
Qafil, özgələrə gedər, ağlarsan.

Vaqif
Cəhənnəmə getsin gedən həmdəmlər,
Olar üçün çəkmə sən bunca qəmlər,
Keçən günləri ki, indi bu dəmlər,
Dəli könül əbəs anar, ağlarsan.

Vidadi
Göz neçün ağlayıb tökməsin nəmi,
Heyvan ha deyil ki, çəkməyə qəmi,
Əqlin olsa, anıb yarı, həmdəmi,
Leylü nahar, şamü səhər, ağlarsan.

Vaqif
Həqqi-peyğəmbərə, о çariyarə,
Tamam imamlara həştü çaharə,
Uymasan, yanarsan duzəxdə narə,
Kimsə olmaz sənə yavər, ağlarsan.

Vidadi
Nahaq yerə əhli-həqqə dəyənlər,
Peyğəmbərin doğru yolun əyənlər,
Azğın-azğın çariyarə söyənlər,
Çaqqal tək duzəxdə ular, ağlarsan.

Vaqif
Nə yaradır ürəyinin yarası,
Bu vaxtadək olmayıbdır çarası?
Uzun illər kəsilməyib arası,
Şamü səhər, leylü nahar ağlarsan?

Vidadi
Bir göz ki, ağlamaz, həm tökməz yaşı,
Əlbəttə, xalidir beyini, başı,
Olmasa, yad eylər yarü yoldaşı,
Hərdəm ki, yadına düşər, ağlarsan.

Vaqif
О qədər dolandın sağdan və soldan,
Dövləti, xanı da çıxardın yoldan,
Qoymadın ki, verə parçadan, puldan,
Səni xələt əhli tutar, ağlarsan.

Vidadi
Çox bulanma bu dünyanın qanına,
Vəfa yoxdur sultanına, xanına,
Danasını bir gün qoymaz yanına,
Bizim inək kimi təpər, ağlarsan.

Vaqif
Dünya işində ki, qoçaqsan, qoçaq,
Ölüdən qıvraqsan, diridən qaçaq,
Bir gün sağ olursan, yeddi gün naçaq,
Övrətlər bağrını üzər, ağlarsan.

Vidadi
Səni qamışlıqda yaşıran fələk,
Əqlini başından çaşıran fələk,
Meyxanədən tez-tez düşürən fələk,
Belə qoymaz bir gün sürər, ağlarsan.

Vaqif
Öləndən sonra о güruhi-nacı,
Məzarına salmaz sayə qıyqacı,
Özündən irəli çürük ağacı
Ağzının üstündən çəkər, ağlarsan.

Vidadi
Allah rəbbindir Məhəmməd Şəfi,
Külli halə oldur əlimü səmi,
Deyilmi yəğfiruzzünubi cəmi,
О gündə gözlərin görər, ağlarsan.

Vaqif
Minərsən qatırı, sürə bilməzsən,
Yolun altın, üstün görə bilməzsən,
Xan gələr, yerindən dura bilməzsən,
Qələbəyi qolundan tutar, ağlarsan.

Vidadi
Ağqız oğlu Piri dünya qardaşın,
Hatəm xan ağadır sində yoldaşın,
Sarı çoban oğlu gözəl dindaşın,
Nə çəkərsən sən dərdü sər, ağlarsan.

Vaqif
Soruşarlar səndən neçə xəbəri,
Üstünə çəkərlər tiğü təbəri,
Söylərsən sözünü dəli, sərsəri,
Hər biri bir yandan budar, ağlarsan.

Vidadi
Olunandan sonra sorğu-sualın,
Yenə ağlamaqdan olmaz məcalın,
Savılmaz başından bu qalmağalın,
Hər ləhzədə həzar-həzar, ağlarsan.

Vaqif
Münkir-nəkir necə olsa ötüşər,
Sor ki, sonra işin hara yetişər,
Divar gələr bir-birinə bitişər,
Səni oyum-oyum oyar, ağlarsan.

Vidadi
Oxuram, gər cürmim var isə əzim,
İnnəlləhə hüvvət təvvabür-rəhim,
Həqqin olduğuna qəniyü-kərim,
Əzəl etməyibsən bavər, ağlarsan.

Vaqif
Qıl körpüdən ta ki, sürçər ayağın,
Cəhənnəm xovfindən yarılır yağın,
Qorxma, yenə Əli olar dayağın,
Əgər anıb həştü çahar ağlarsan.

Vidadi
Şiə xalqı tamam dolar duzəxə,
Qalarlar duzəxdə od yaxa-yaxa,
Mahaldır ki, biri duzəxdən çıxa,
Cümlə olar zirü zəbər, ağlarsan.

Vaqif
Vaqif, gərçi əzabı var dünyanın,
Sən neçün xovfini çəkərsən, anın,
Tutubsan ətəyin Şahi-mərdanın,
О gülər – gülərsən, ağlar – ağlarsan.

Vidadi
Əhli-sünnət vəl-cəmaət peyvəstə,
Gedərlər cənnətə dəstəbədəstə,
О gündə şad olar Vidadi xəstə,
Səni yanlış görüb gülər, ağlarsan.