Nökərəm
Görünüş
Nökərəm Müəllif: Miskin Abdal |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Qadir Allah qismət etdi cəfanı,
Gecə-gündüz qəm kotanı çəkərəm,
Elə bildim qopdu Nuhun tufanı,
Bəxt şumuna dərd-sərimi əkərəm.
Kəsilməzdi əllərimin səxası,
Zərdən idi köynəyimin yaxası,
Sınaqlıdı abidlərin çuxası,
Başım ilə daş qalalar sökərəm.
Qürbət eldə yanar ömür sürənlər,
Yasa batdı bu halımı görənlər,
Yada düşsə igid ərlər, ərənlər,
Göz yaşımı sel yerinə tökərəm.
Həsrət qaldım Göyçə kimi elimə,
Əl uzatdım, əl çatmadı əlimə,
Əslim, zatım manşır olub aləmə,
Evlər yıxmaz, müdam evlər tikərəm.
Miskin Abdal, çox ağlayıb sıxtama,
Başa vurdum nə düşübsə baxtıma,
Ömür keçib, nə qalıb ki, vaxtıma,
Haqq yolunda mən bir qulam, nökərəm.