Nə bilir (Qaracaoğlan)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Nə bilir Müəllif: Qaracaoğlan |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Nuhun gəmisinə böhtan edərlər
Yelkən açıb yel qədrini nə bilir?
O Süleyman quş dilini bilirdi,
Hər Süleyman dil qədrini nə bilir?
Ərəb atlarında olur fırqalar,
Kimi sərxoş yürür, kimi yırğalar,
Kübrəliyə enib qonan qarğalar
Xas baxçada gül qədrini nə bilir?
Dünya mənim deyə zənginlik satan,
Halal əkməyinə haramlar qatan,
Sonradan sonraya bəyliyə yetən,
Zalım olar, el qədrini nə bilir?
Qaracaoğlan der də, belim büküldü,
Ağzımın içində dişim töküldü,
Nuh Nəbinin həddəsindən çəkildi,
Saz çalmayan tel qədrini nə bilir?