Nə bilsin (Ləzgi Saleh)

Vikimənbə saytından
Nə bilsin (Ləzgi Saleh)
Müəllif: Ləzgi Saleh

Ay usta, gün usta, söyləyən aşıq,
Ləzgicə bilməyən farsı nə bilsin?!
Oxumayıb əlif, beyin binadan,
Ədəbi, ərkanı, dərsi nə bilsin?!

Özgəni nə bilsin özün bilməyən?
Əyrisin nə bilsin düzün bilməyən?
Danışanda doğru sözün bilməyən
İşin avandını, tərsi nə bilsin?!

Əsil siyasətdə abi bilməyən,
Məsəllərdə neçə Nəbi bilməyən,
Özünü, sözünü, dəbi bilməyən,
Haqqı, qanacağı, həfsi nə bilsin?!

Bu sində haqq gülə vüsal etməyən,
Canım, haqq yoluna cəfa qatmayan,
Kəbəyə, Bağdada, Saleh getməyən
Şamı, Ərzurumu, Qarsı nə bilsin?!