Nə damağı var

Vikimənbə saytından
Jump to navigation Jump to search
Nə damağı var
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər (2004). Əsərləri (az). "Şərq-Qərb". ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib. 2017-06-19 tarixində istifadə olunub.

Göz gözə baxanda məhəbbət ilə,
Ciyər alışmağın nə damağı var!
Ortalıqda işvə, qəmzə, naz olar,
Küsüb-barışmağın nə damağı var!

Quşnarov tütünlə Ananov kağız,
Bükə paprosunu bir növrəsiə qız,
Bir o ola, bir sən, bir otaq yalqız,
Dеyib-danışmağın nə damağı var!

Dura qulluğunda canü baş ilə,
Nazü qəmzə ilə, gözü qaş ilə.
Gah yalvarmaq ilə, gah savaş ilə,
Köysünü açmağın nə damağı var!

Könül müştaq ola xətti xalına,
Məlakə şəklinə, mah camalına.
Alma kimi yanağınıın alına
Gözün sataşmağın nə damağı var!

Ələsgər, canını, qurban еlə sən,
Görməyibsən, ləzzətini biləsən.
Danışasan, oynayasan, güləsən,
Öpüb sarmaşmağın nə damağı var!