Məzmuna keç

Nə dersən (Şah İsmayıl Xətai)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Nə dersən
Müəllif: Şah İsmayıl Xətai


Qızılgül, bağü bustanım, nə dersən,
Fəda olsun sənə canım, nə dersən?

Qərarü səbrü aramım tükəndi,
Kəsildi küllü fərmanım, nə dersən?

Hamunun küfr ilə imanı vardır.
Mənim küfr ilə imanım, nə dersən?

Əgər yatsam min il torpaq içində,
Dürüstdür əhdü peymanım, nə dersən?

Xətayi can ilə çün səni sevdi,
Sevən ölsünmü, sultanım, nə dersən?