Məzmuna keç

Nə edim

Vikimənbə saytından
Nə edim
Müəllif: Cəfər Cabbarlı
Bir nəfər fəqir şəxs nə qədər qeyrətlə çalışırdısa da, külfəti böyük olduğu üçün yeməklərini ödəyə bilmirdi. Bir gün orada, bir gün burada işləməklə öz külfətini bir gün ac, bir gün tox saxlayırdı. Bayrama yaxın neçə dəfə dövlətlilərin yanına gedib yer-yemiş istəmişdisə də verməmişdilər. Odur ki, balaca qızı ona:

- Ata, bayramdir, bizə yemiş al, - dedikdə, biçarə utana-utana qızına belə cavab verirdi:

Gəldi novruz, a mənim taqəti-canım, nə edim?
Vallah, bircə qəpiyə yoxdu gümanım, nə edim?

Qoy qənilər gecə-gündüz olalar xürrəm, şad;
Onlara çünki müyəssər olacaqdır hər zad,
Kef çəkib, bizləri heç etməyəcəklərdir yad.
Görüm ol çərxi-fələk dəhrdə olsun bərbad!
Məni məğmun eləyib dövri-zamanım, nə edim?
Hələ bir çet qəpiyə yoxdu gümanım, nə edim?

Doğrudur, sən də uşaq, bayrama eylərsən həvəs;
Bir mənim də nəzər et haləti-naşadıma bəs;
Hərçi dad eyləyirəm, yox mənə bir kəs verə səs;
Dərdü möhnət çoxalır, ay bala, çəkdikcə nəfəs.
Yandırır qəlbimi bu dərdi-nihanım, nə edim?
Gəldi novruz, a mənim taqəti-canım, nə edim?

Yox qənilərdə tərəhhüm bizə imdad eləsin,
Bizi bir qulluğa təyin eləyib, şad eləsin,
Bəlkə bu möhnətü qəmdən bizi azad eləsin,
Dil dolanmır ki, qəmü möhnəti tədad eləsin.
Quruyub kəsrəti-qəmdən bu zəbanım, nə edim?
Gəldi novruz, a mənim taqəti-canım, nə edim?

Məni bədbəxti-zaman eylədi bu taleyi-dun;
Bilirəm qüssədən axır olaram mən də cünun;
Fikr qıldıqca dolur bu dili-naşadıma xun;
Rəhmsizlər evi aləmdə ola künfəyəkun!
Çaxçada yox ki, mənim bir quru canım, nə edim?
Gəldi novruz, a mənim taqəti-canım, nə edim?

Hər nə hasil edirəm, külfətə sərf eyləyirəm;
Hər nə ki pul alıram, külfətim ilə yeyirəm;
Əlli ildir hələ bu köhnə çuxanı geyirəm;
Mənə bir yer veriniz hərçi deyib, söyləyirəm.
İndi qəm çəkməyə də yoxdu amanım, nə edim?
Gəldi novruz, a mənim taqəti-canım, nə edim?