Nə qədər şərəfsiz var satılmış pula?

Vikimənbə saytından
Nə qədər şərəfsiz var satılmış pula?! (1993)
Müəllif: RAUF CAVAD

Nə qədər şərəfsiz var satılmış pula?!
Əfsus, qeyrət, namus, ar satılmış pula?!

Zülm ilə keçirir ömrü zalım dövran!
Bu hal ilə gedir gələcəyə insan?!
Nə yazıq, susmuş, ölmüş qəlblərdə vicdan!
Dili lal olmuş, tərk etmiş qəlbi iman!
Gör ki, nə çox tamahkar satılmış pula!
Nə qədər şərəfsiz var satılmış pula?!

Danışır Əbləh bəh-bəh ilə yalanı,
Dinləyir kim əqli zəif bu nadanı!
Kor olub gözləri görmür xar şeytanı,
Aldadır, fırladır kim cahil filanı!
Kim həqdən bixəbər, kar, satılmış pula!
Nə qədər şərəfsiz var satılmış pula?!

Hansı səbəbdən olmuş bu cür zülm-zillət?!
Bəlkə artıq cahil olmuş bütün xilqət?!
Ola bilsin unutmuş kəndini millət?!
Yəqin kim bilmiş hüriyyəti əsarət?!
Yəni hamı günahkar, satılmış pula?!
Nə qədər şərəfsiz var satılmış pula?!

Nədən cahillik bürümüş tüm aləmi?!
Susmuş cavab, çəkir ürək bu dərd-qəmi!
Məgər bilməz kim dünya kiçik bir gəmi,
Minən gərək yad edə Əsli-Kərəmi!
Qəflətdə kim olmuş xar satılmış pula!
Nə qədər şərəfsiz var satılmış pula?!

Ya Rəbb, almış başın bu zülm hara gedir?!
Bilirmi kim görəsən kimə zülm edir?!
Rauf, ümid varmı həqqi qana aləm?!
Bölüşə varın ola hər kəsə həmdəm?!
Kimdə var dövləti-var satılmış pula?!
Nə qədər şərəfsiz var satılmış pula?!
       ...Müəllif:Rauf Cavad