Nə qəddir bu, nə qamətdir, sərapa şux rənadır
Görünüş
Nə qəddir bu, nə qamətdir, sərapa şux rənadır Müəllif: İbrahim bəy Azər |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Nə qəddir bu, nə qamətdir, sərapa şux rənadır,
Və yainki qiyamətdir ki, aləm icrə bərpadır.
Tənabi-zülfü göz cəlladı tutmuş yüz kəşakəşlə,
Cəkirlər dara mən divanəni, bir xoş təmaşadır.
Ərəqdir arizində, yoxsa şəbnəmdir gülə duşmuş,
Düzülmüş ya ki, məh ətrafına iqdi-Surəyyadır?
Dəhanın nöqteyi-mövhumdur, ya qöncədir, bilməm,
Bunu kəşf eyləmək olmaz ki, bir müşkül müəmmadır.
Deyirlər ildə bir yol gün Əsəd bürcünə nəql eylər,
Bu nə xurşiddir daim Əsəd bürcündə peydadır?!
Sevib Əzranı Vamiq, Leylini Məcnun, olub rüsva,
Sənin eşqində, dilbər, Azəri-divanə, rüsvadır.