Nə sünniyəm nə şiə, mən ki, Muhəmməd Əliyəm

Vikimənbə saytından
Nə sünniyəm nə şiə, mən ki, Muhəmməd Əliyəm! (1997)
Müəllif: RAUF CAVAD

Nə sünniyəm nə şiə, mən ki, Muhəmməd Əliyəm!
Etsən aləmə nəzər, görərsən ən Gözəliyəm!
 
Kim ki, sevir, alır hər kəs güc-qüvvəni, bil məndən,
Həm sünni həm şiə, mən qəlbdəki, eşqə dəliyəm!

Ol mənə Aşiq ki, mən Məcnunun tək Leylasıyam,
Sev məni sünni, sən dəli şiə, mən işvəliyəm!
 
Gülün naz-yazı, bülbülü eylər dəli-divanə,
Kim sünni kim şiə, gəl anla ki, mən şivəliyəm!

Gəl-gör məni hər yerdə çün eyləmişəm mən zühur,
Ol həm sünni həm şiə fərq etməz, mən cilvəliyəm!

Axtarma yarı uzaqda, mən ki, şah damarında,
Bax könlünə sünni-şiə, mən nazlı qəmzəliyəm!

Bəsdir, yetər artıq verdiz məni özgə nişanə,
Guya ki, sevir sünni-şiə?! Mən Sevilməliyəm!

Ayırma özünü məndən, Əslin-varın Kərəmdən,
Duy məni sünni-şiə, mən Əli Həqq deməliyəm!

Ayrılıb ruhu, cəmi bəşərin xilqəti kimdən!?
Gör ki, ey bəşər! Aləmdə mən tək öyünməliyəm!

Adəmi-aləmi xəlq eylədim bir cümlə sözlə,
Bil ki, sünni-şiə, mən həqiqətin əvvəliyəm!

Mən Əli, Aləmin sərvəri, Adəmin rəhbəri,
Kim yetim-yesir, o kimsəsizlərə tək Vəliyəm!

Mən Raufam, hamını Bağışlayan, Mehribanam!
Ey sünni-şiə! Mən, əzəli-əbədi Əliyəm!